Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Noyabr 2015

Qovulan MTN-çilər niyə intihar etmir?

MTN-in “şücaətləri” ilə bağlı hər gün yeni faktlar gün üzünə çıxır və biz bununla paralel hökumət düşərgəsində yaltaq açıqlamalar oxuyuruq. Nə imiş, guya Ilham Əliyev sağlamlaşdırma işi aparır, dövləti təhlükədən təmizləyir.

Bəziləri hətta lap qabağa gedib, Ilham Əliyevə “inqilabçı prezident” epiteti də ərməğan edib.

Eldar Mahmudovun işdən qovulması düz addımdırmı? Əlbəttə, düzdü. Ancaq, Mahmudov bugünün problemi deyil ki. Elə hökumətin öz nəzarətindəki KIV-lərin yazdığına görə, 10 ildir bu adamın reketçiliklə məşğul olduğu bəlli olur.

Deməli, 10 ildən çox imiş ki, Azərbaycan xalqının təhlükəsizliyinə cavabdeh qurum onun təhlükəsizliyinə balta çalırmış. Quzu qurda əmanət edilibmiş.

Bəs bu dəhşətə görə Ilham Əliyevin öz məsuliyyəti nədən ibarətdir? Onun məsuliyyəti ancaq naziri işdən qovmaqla qurtarır?

Axı Ilham Əliyev bu dövlətin başçısıdır. Konstitusiyaya görə, içdiyi anda görə, o, bütün vətəndaşların təhlükəsiz, ləyaqətlə yaşamasına cavabdehdi!

MTN illərdir reketlik, quldurluq və başqa cinayətlərlə məşğul olubsa və bunlardan Ilham Əliyevin xəbəri olmayıbsa, deməli, o, vətəndaşların təhlükəsizliyinə cavabhed ola bilməyib. Deməli, onun təkcə Milli Təhlükəsizlik Nazirliyi deyil, Prezident Aparatında formalaşdırdığı Təhülkəsizlik Şurası da, Prokurorluğu da iflic olub, onu vaxtlı-vaxtında məlumatlandırmayıb, lazımi tədbirlər görülməsini təmin etməyiblər.

Bunun əksi isə odur ki, Ilham Əliyev “MTN-in şücaətlərindən” xəbərdar olub, bu, onun ürəyincə gedən bir proses olub. Ya da, Eldar Mahmudova gücü çatmayıb, onu “aşırtmaq üçün” illərə ehtiyac duyub.

Bu sadalanların heç biri Əliyevi təmizə çıxara bilmir: nə onun acizliyi, nə də məlumatsızlığı. Bütün variantlar onu tələb edir ki, bu halda Əliyev öz kürsüsündən istefa versin, milyonlarla insanın taleyini canavarlara əmanət etdiyinə görə xalqdan üzr istəsin. Bu gün diqqət edirəm ki, həbs olunan MTN generalları “zabit şərəfi” ilə bağlı məşhərə çəkilirlər.

Bəziləri qəzəb püskürür ki, axı bu qovulan generallar niyə tərslik edir, niyə intiharlarını gecikdirirlər, bəs harda qaldı “zabit şərəfi”-filan. Prinsipcə, bu çağırışlara müsbət yanaşıram. Həbs edilən quldur zabitlər güllələnmə hökmünün olmadığı bir ölkədə, ancaq şəxsi təşəbbüsləri xalqın qəlbindən gələn istəkləri qarşılaya bilər.

Fəqət, icazənizlə soruşaq, o adamları bəyəm “zabit şərəfini” uca tutduqlarına görə o uca kürsülərə dırmaşdırmışdılar?

MTN-in iki sönməkdə olan ulduzu – Çovdarov və Mahmudov – hər ikisi vaxtilə hüquq-mühafizə sistemindən qovulmuş adamlar idi. Onlar çoxdan, özü də təbii yolla ölüb gedəcəkdilər, əlahəzrət onlara “oksigen balışı” verməsəydi…

Işdən qovulanlara intihar təklifi verənlərin heç vaxt yazmayacağı bir şey var ki, onu da biz yazaq: Doğrudanmı dövlətin içində boy verən bu rüsvayçılığın dövlət başçısının qüruruna isti-soyuğu yoxdur? Axı o təkcə, indi tez-tez deyildiyi kimi, “dost sədaqətsizliyi, xəyanəti ilə üzləşməyib”, məsuliyyət daşıdığı xalqın taleyini məchula, canavarların pəncəsinə buraxıb. Özü də bir gün, bir ay deyil, illərlə. Buna görə isə humanizm prinsipini əsas tutaraq biz cənab Əliyevi intihara yox, istefaya dəvət etməliyik.

Nəhayət, son işdənqovulmaların “islahat” adı ilə təqdim olunmasına dönək. Iki nazirin və onlarla başqa məmurun bədnam edilib işdən qovulması heç bir halda illüziya yaratmamalıdır ki, Ilham Əliyev ölkədə haqq-ədaləti bərqərar etməyə başlayır.

Biz Heydər Əliyevin vaxtından üzü bəri çox belə qovulmalar, istefalar görmüşük. Heç biri də müsbət dəyişiklik gətirməyib. Bu qətiyyən o demək deyil ki, kütlənin şüuruna hopmuş “heç bir dəyişikliyin xeyiri yoxdur, kim gəlsə, daha pis olacaq” zəhərinə dəstək verməyim deyil. Məmur dəyişikliyi o zaman faydalı ola bilər ki, sistem, hökumət həyata, dünyaya baxışını dəyişsin. Bu olmadıqca Mahmudovun, Mirmahmudovla əvəzlənməsi diktaturanın öz ömürünü uzatma cəhdindən başqa bir şey deyil.

Natiq Güləhmədoğlu/azadlıq
864 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber