Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Dekabr 2013

Əhaliyə çatmayan istiliklə kimlər «qızınır?»

Abonentlərin imtina etdiyi xidmətə hökumət on milyonlarla vəsait ayırıb
«Azəristiliktəhcizat» ASC əhalidən pul yığa bilmir, amma xərcləri büdcəyə ağır yük olub

Havanın bir qədər sərtləşməsi göstərir ki, neft səltənətinin özündə enerji qıtlığı var. Kifayət qədər elektrik enerjisinin istehsal olunmasına, ölkənin daxili təlabatını tam təmin edəcək qazın hasil olunmasına baxmayaraq, Azərbaycan əhalisinin bir hissəsi mənzillərində donur. Nə elektrik enerjisi, nə də qazın təyziqi tam norma gücündə verilir. Əvəzində od qiymətinə olan kommunal haqlarını ödəməyə məhkum olublar. 
Hökumət paytaxtın belə infrastrkkturunu tam yenidən qura bilmir.

Hələ 2005-ci ildə Nazirlər Kabinetinin sərəncamına əsasən, ölkənin müxtəlif dövlət obyektlərinin, binaların istilik sistemi ilə təchizat vəziyyəti araşdırılması tapşırılıb. Buna müvafiq olaraq «Azəristiliktəchizat» ASC yaradıldı. 

110 milyon manata necə isinirik?

2006-2013-cü ildən bəri dövlət büdcəsinin əsaslı vəsait qoyuluşundan bu ASC-yə 110 milyon manat ayrılıb. 2013-cü il üçün bu quruma 25 milyon manat vəsait yönəlib. Onun 
-10,3 milyonu Bakı şəhərində qazanxanalarda, yaşayış evlərində və sosial obyektlərdə istilik təzhizatı sistemlərinin təmir-bərpasına, 
-10 milyon manatı isə «2011-2013-cü illərdə Bakı və onun qəsəbələrinin sosial iqtisali inkişafına dair Dövlət Proqramı»nda nəzərdə tutulmuş təchizatın yaxşılaşdırılması tədbirlərinə,
- 4,7 milyon manatı Xətai rayonu, Əhmədli yaşayış məntəqələrində 10 ədəd istilik paylayıcı məntəqələrin yenidən qurularaq məhəllə qazanxanalarına çevrilməsinə xərclənib.
Əlbəttə, bu istiqamətdə 2006-ci ildən bəri ayrılan 110 milyon manat vəsait yalnız Bakı şəhəri və ətraf qəsəbələrinin istilik təchizatı üçün nəzərdə tutulub. Yenidənqurma işləri hələ paytaxtdan kənara çıxmayıb. Bir şəhərin istilik sisteminin yenidən qurulması üçün isə 110 milyon manat kiçik bir məbləğ deyil. Nəzərə almaq lazımdır ki, infrastrukturun özü sovet dönəmindən yaradılıb. Hökumətin üzərinə düşən vəzifə onları yenilənməsidir. 110 milyon manata Bakı əhli öz işlədiyi və yaşadığı obyektlərdə kifayət qədər isinə bilirmi?

«Azəriqaz» qazanxanalara normaya uyğun qaz vermir

Paytaxtın Yasamal, Nəsimi və Səbail rayonlarında vəziyyət nisbətən yaxşı olsa da, digər rayonlarına bunu şamil etmək mümkün deyil. Bu gün mənzillərə verilən istilik çox aşağı səviyyədədir. Məsələn, «Azəristiliktəchizat» SC-nin hesabatına görə bu il Xətai rayonu üzrə vəziyyət ötən illərə nisbətən yaxşılaşmalı idi. Amma rayonun sakinlərinin az bir hissəsi yalnız noyabr ayında nisbətən normal istilik görür. Havalar bir qədər sərtləşən kimi borulara verilən suyun temperaturu aşağı düşür. Artıq dekabr ayının ortasıdır və Bakıya sərt qış gəlib, mənzillərə verilən istilik də kəsilib. 
«Azəristiliktəchizat» ASC-nin Xətai rayon idarəsininin adını çəkilməsini istəməyən mühəndisi deyir ki, qarşıda kifayət qədər problemlər var. Onlara büdcədən ayrılan pul vasitəsilə qazanxanaların bir hissəsini təmir edə və binalara gedən boru xətlərini dəyişə biliblər: «Amma paylaşdırmada ciddi problemlər var. Binaların zirzəmiləri təmizlənməli, təhlükəsizik baxımdan təmin edilməlidir. Yüksək təzyiqli isti suyu belə binalara vermək faciəyə səbəb ola bilər. Binalarda boru xətlərinin dəyişdirilməsinə vəsait ayrılsa da, bizə gəlib çıxmır. Ona görə də, sakinlərə bildiririk ki, boru xətlərini özünüz dəyişin, biz də sizə istilik verə bilək. Hələ ki, köhnə xətlər üzərində istilik verilir. O da bir mənzildə bir və iki otağı təmin edə bilir. Çünki boru xətləri uzun müddət işləmədiyinə görə sakinlərin çoxu onları kəsiblər. İlk əvvəl mənzillərdə yoxlamalar aparırıq, hansı boru xətti üzrə verilməsinin mümkünlüyünü yoxlayırıq. Baxırsan ki, 2-3 otaqdan ancaq birində normaldır. Nəticədə verdiyimiz istilik yarı yolda, binaya çatmamış itkiyə gedir».
Mühəndis onu da əlavə etdi ki, mənzillərə verilən istiliyin zəif olmasının digər günahkarlarından biri də «Azəriqaz»ASC-dir: «Havalar soyuyan kimi qazanxanalara verilən qazın təzyiqi də azalır. Əslində, kağız üzərində normaya uyğun qaz aldığımızı göstərirlər. Amma qaz normadan az qala iki dəfə aşağı verilir. Bununla suyu lazımi normada isitmək mümkün deyil».
Mütəxəssis deyir ki, iki il öncə xidmət haqları qaldırılsa da, yığım həddən artıq aşağı səviyyədədir: «Bina sakinlərinin əksəriyyəti istilik haqqını ödəməkdən imtina edir. Deyirlər ki, kombi çəkdirmişik və sizin xidmətinizdən imtina edirik. Rəsmi şəkildə ərizə yazırlar. Amma faktiki olaraq ümumi binaya istilik veriləndə onun da mənzilinə paylaşılır. İdarənin xərcləri yalnız büdcə hesabına ödənilir».

«Azəristiliktəchizat» pulunu yığa bilmir

Qeyd edək ki, 2011-ci il üçün ASC-nin audit hesabatından məlum olur ki, gəlirləri iki dəfə azalıb. Maraqlıdır ki, 2011-ci ildə Tarif Şurasının qərarına əsasən, «Azəristiliktəchizat» tərəfindən göstərilən xidmət haqları əhali qrupu üçün hər kv\m 5 qəpikdən 15 qəpiyə, qeyri-əhali qrupu üçün isə 25 qəpiyə qaldırılıb. Səhmdar Cəmiyyətin rəhbərliyi iddia edir ki, bu qiymət də onların maya dəyərini ödəmir. Audit hesabatda isə məlum olur ki, qiymətlər bahalaşandan sonra yığım azalıb. Belə ki, AC-nin 2011-ci ildə gəlirləri 3,1 milyon manat olubsa, 2010-cu ildə bu rəqəm iki dəfə aşağı düşüb. Məntiqlə tariflər qalxıbsa, gəlirlər də artmalı idi. Amma proseslərin əksinin şahidi oluruq. Cari xərcləri isə əksinə, artaraq 21 milyon manatda 27 milyon manata yüksəlib. Xərclərin hamısı büdcə hesabına qarşılanması şəksizdir. Ümumilikdə gələn gəlir, işçilərin əməkhaqlarından tutulan vergini belə tam ödəyə bilmir. Halbuki, yığımlar yerinə yetirilərsə, müəssisə cari xərclərinin yarısını ödəyə bilər. Həm yaşayış binaları, həm digər dövlət obyektlərinin «Azəristiliktəchizat»a olan borcu 2011-ci il üçün 12 milyon manat göstərilir. 
Göründüyü kimi, qurum 2005-ci ildən yaradılmasına baxmayaraq, öz fəaliyyətini hələ də sistemləşdirməyi bacarmayıb. Boru xətlərinin köhnəliyini bəhanə gətirməklə dövlət büdcəsinin 110 milyon manatını israf edib. Havalar isə sərtləşən kimi mənzillərimizdə ya donmalı oluruq, ya da kommunal xərclərimizi bir neçə dəfə artırmalı. Hesablamalara görə, Bakı və Abşeronda evi elektriklə və ya kombi ilə isitməli olan sakinlərin xərci istilik şəbəkəsinin xidmətinən istifadə edən mənzillərə nisbətən 10-12 dəfə baha başa gəlir. Bu isə hökumətin vətəndaşlar üzərindən qurduğu soyğunçuluqdur./bizimyol/
1664 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
01.12.16, 09:09