Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Noyabr 2015

Həbs olunan şəxslərin yaxınlarının incidilməsi doğrudurmu?

Mirvari Qəhrəmanlı: “Heç kimin tutulan şəxsin günahı olmayan yaxınlarına zərər vermə kimi haqqı yoxdur”

Azərbaycanda qəribə bir tendensiya var: bir şəxs həbs olunduğu zaman onun yaxın qohumları da özlərinə qarşı təhlükə hiss edirlər. Təcrübə göstərir ki, bəzi hallarda həbs edilən və ya siyasi fəaliyyətinə görə təqib olunan şəxslərin yaxınları hətta ondan imtina etmək məcburiyyətində qalırlar. Çox zaman isə həbs olunan şəxsin qohumlarının tutduqları vəzifələrdən azad edilməsi hallarının şahidi oluruq.

Eləcə də son günlər “MTN işi” üzrə həyata keçirilən həbslər zamanı da bunu müşahidə etmək olur. Məsələn, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun yaxınları artıq öz yaşadıqları evi tərk ediblər. Onların hansı səbəbdən bu addımı atmaları dəqiq məlum olmasa da, hər halda, bu, Çovdarovun həbsinə görədir. İlkin ehtimallara görə, onlar da özləri üçün hər hansı bir təhlükə hiss ediblər.

Məsələ ilə bağlı musavat.com-a hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı danışıb. O bildirib ki, bu kimi halların baş verməsi arzuolunmazdır:

“Bu sahədə aparılan siyasət kəskin dəyişilməlidir. Hər hansı bir şəxsin özünə görə onun qohumlarına, yaxınlarına təzyiq edilməsi yolverilməz haldır. Bunu doğru saymaq olmaz. Vaxtilə belə hal mənim də başıma gəlmişdi. Mənə görə ailəmə ciddi təzyiqlər edilirdi. Düşünürəm ki, tutulan şəxs cinayətkar olsa da, ağır cinayət əməlləri törətsə belə heç kimin onun günahı olmayan yaxınlarına zərər vermə kimi haqqı yoxdur. Hüquqda belə bir şey mövcud deyil. Bu hal eyni zamanda ölkənin imicinə də ciddi xələl gətirir. Düşünürəm ki, bəlkə də bununla bağlı yuxarı səviyyədə göstəriş verilir. Bəzən də heç yuxarı səviyyəli göstəriş olmur. Sadə bir məmurun əməlləri nəticəsində belə bir hallar baş verir. Bir məqam da var ki, bəzən məhbusun yaxınlarına təzyiq etməklə onu hər hansı bir məsələdə suçlayırlar. Olmayan cinayəti üzərinə götürdürlər. Bu hallara da rast gəlmək olur. Bu baxımdan hesab edirəm ki, istənilən vəzifə sahibinin günahına görə qohumlarından istifadəsi mütləq qaydada aradan götürülməlidir. Bu sahədə olan siyasətə çox qısa zamanda son qoyulmalıdır”.
439 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 08:23