Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Noyabr 2015

YAP-ın nəzərində “etimad doğrultmaq” nə deməkdir? - Maraqlı

Vəzifədə qalanlar, vəzifədən gedənlərdən fərqli deyil

Son dövrlər ölkədə baş verənlər ciddi ajiotaj yaradıb. Iki nazirin işdən çıxarılması, generalların, şöbə müdirlərinin həbsi, MTN-də törədilən cinayətlər hamını şoka salıb. Məlum olur ki, hökumət komandasının əsas üzvləri quldurluqla məşğul olub, dövlətin sərvətlərini talayıb, insanlara işgəncə verib və.s

Biz əvvəlki yazılarımızda da qeyd etmişik ki, baş verənlər hökumətin mahiyyətini ifadə edir və bütün komanda eyni vəziyyətdədir. Yəni, hansı strukturda yoxlama aparılsa, eyni biabırçı vəziyyət aşkar olunacaq.

YAP-çı deputat Siyavuş Novruzov isə hesab edir ki, vəzifədən çıxarılanlar, həbs olunanlar etimadı doğrultmayıb. Guya komandada hamı müqəddəs imiş və etimadı doğrultmayan yalnız bu adamlardı. “Başqaları da bundan dərs çıxarmalıdırlar. Ölkə başçısı dəfələrlə müşavirələrdə də bu barədə bildirib. Vəzifəli şəxslər bu tövsiyələri qəbul etməli, qanunlar əsasında işləməlidirlər. Işinin öhdəsindən gələ bilməyənlər, etimadı doğrultmayanlar vəzifəsindən çıxarılıb”- deyə Siyavuş Novruzov bildirib.

Bu məqamda sual meydana çıxır. Vəzifədə qalanlar etimadı doğruldanlardı?

Bu ölkədə “Vergilər Nazirliyi” deyəndə hamının üzündə kədər yaranır. Sahibkardan illik “haqq” alınır, hər addımda vətəndaşın sinəsinə çökürlər, əsassız vergi cərimələri yazılır. Üstəlik, iri dövlət strukturlarını vergiyə cəlb edə bilmirlər, 100 milyonlarla ölçülən vergi borcu yaranıb və.s Belə olan halda, vergilər naziri etimadı doğrultmuş hesab olunur?

Gömrük sistemi hamının ağrılı yeridir. Adamlar ölkəyə 2 kilo banan keçirə bilmir, insanlardan əsassız rüsumlar tələb edilir, mütəmadi olaraq gömrükdə süründürməçilik hökm sürür, insanlar incidilir. Sonda da məlum olur ki, gömrükdən büdcəyə daxil olan vəsait, real miqdardan dəfələrlə azdır. Məsələn, Gürcüstandan Azərbaycana gətirilən məhsulların həcmi barədə iki ölkənin statistikasında fərqli nəticələr ortaya çıxır. Bu qədər narazılığın, neqativlərin hökm sürdüyü qurumda, etimad doğrulubmu, gömrük naziri “şəffaflıq gəmisi”ndə üzürmü?

Azərbaycanın məhkəmə ssitemi iflic vəziyyətdədir. Hakimlər sifarişlə hökm çıxarır, istintaq prosesi şəffaf deyil. Belə sifarişli, qərəzli məhkəmə hökmlərindən Avropa Məhkəməsinə şikayətlər edilir və dövlət ağır təzminatlar ödəməyə məcbur olur. Ədliyyə naziri, belə hökmlər çıxaran hakimlər, qərəzli münasibət sərgiləyən prokurorlar etimadı doğrultmuş sayılır?

Azərbaycanın səhiyyə sistemi xəstə vəziyyətdədir. Dövlət xəstəxanaları, poliklinikalar pullu fəaliyyət göstərir. Bütün analizlər, müayinələr, hətta xəstənin palataya köçürülməsi də pula bağlıdır. Dərmanlar keyfiyyətsiz, diaqnozlar yanlış, xəstəyə münasibət təmənnalıdır. Hər il milyonlarla ölkə vətəndaşı müalicə və müayinə üçün qonşu ölkələrə pənah aparır. Faktiki olaraq yerli səhiyyəyə etimad itib. Bütün bunlardan sonra “səhiyyə naziri etimadı doğruldur” deməkdən absurd nə ola bilər?

Təhsil sahəsindəki vəziyyət daha acınacaqlıdır. Hər il imtahan nəticələri daha bərbad vəziyyətdə olur. Orta təhsil repetitorlardan asılı vəziyyətə salınıb. Təhsil sistemi korrupsiya yuvasına çevrilib. Hər il nəticələri dəyişmək üçün keçid balları aşağı salınır. Təhsil haqları ən yüksək səviyyədədir. Əksər təhsil müəssisələrində imtahan və zaçotlar pulla yazılır. Azərbaycan Universitetləri beynəlxalq reytinq cədvəllərində axırıncı yerləri tutur. Deməli, təhsil naziri də etimadı doğrultmur.

Kənd təsərrüfatı sahəsi “koma” vəziyyətindədir. Ölkə iqtisadiyyatı neftdən asılı hala salınıb. Hətta kartof-soğana olan ehtiyacımızı da yerli istehsal hesabına ödəyə bilmirik. Amma “Aqrolizinq”də külli miqdarda yeyinti olması, gübrələrin satılması, sahibkarlıq fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı xəbərlər eşidirik. Kənd təsərrüfatı nazirinin etimadı doğrultmasından danışmaq mümkündürmü?

Siyahı uzundur və daha çox sahələrin adını sadalmaq olar ki, bərbad vəziyyətdədir. Bu ölkədə etimadı doğruldan məmur, cəmiyyətdə sevgi ilə qarşılanan vəzifəli şəxs tapmaq qeyri-mümkündür.

Demək isətiyirik ki, etimadı doğrultmamağa qalsa, hökumət bütün komanda ilə istefaya getməlidir. Deməli, bu gün müşahidə etdiklərimiz nə islahatdı, nə də vəzifə səhlənkarlığından doğur. Sadəcə olaraq başda oturanlar indiki mərhələdə bu adamları “vurmağa” maraqlıdır və bütün qanunsuzluqlar bir neçə adamın simasında yoxa çıxarılır./azadlıq/
684 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...