Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Noyabr 2015

Dünən baş kəsənlərin bugünkü taleyindən ibrət götürmək lazımdı

MTN generallarının pıçıltısı

Qəzetlərdə, saytlarda, sosial şəbəkələrdə, sadə vətəndaşların arasında son günlərin əsas mövzusu MTN-də baş verənlərdi. Hamı dövlətin təhlükəsizliyinə nəzarət etməli olan qurumun, təhlükə mənbəyinə çevrilməsindən danışır. Yəqin ki, hələ uzun müddət bu müzakirələr davam edəcək, yeni-yeni məqamlar orataya çıxacaq.

Amma bu yazıda əsas məqsədimiz, azadlqıda gəzən qaniçənlərə bəzi məqamları xatırlatmaqdı. Bəli! Son dövrlər baş verənlər çoxları üçün ibrət olmalıdır, xeyli səlahiyyət sahibləri var ki, papağını qarşısına qoyub düşünməlidir.

Akif Çovdarovun və digər generalların həbsindən sonra hansı xəbərləri eşitdik. Eşitdik ki, Akif Çovdarov ölkə başçısına müraciət etmək istəyir. Səbəb isə, Cinayət-Prosessual Məcəllənin müddəlarının kobud şəkildə pozulması, müdafiə hüquqlarının məhdudlaşdırılmasıdır. Sən demə həbs olunmuş generalların otağında əsassız yoxlamalar aparılır, onların şəxsi yazışmaları müsadirə edilir və.s Daha sonra eşitdik ki, həbsdə olan sabiq MTN əməkdaşları vəkilləri ilə danışmaqdan imtina edirlər, pıçıltı ilə danışırlar. Onlar əmindir ki, görüş otaqlarına dinləyici qurğular yerləşdirilib. Üstəlik, bu xəbər də yayılıb ki, Akif Çovdarova ailəsi ilə görüşməyə icazə verilmir.

Təbii ki, bu yazıda məqsədimiz yıxılana balta çalmaq yox, əlində balta tutub gəzənlərə reallıqları göstərməkdir. Dünənə qədər bu adamlar insan haqlarına hörmət etmirdilər, həbsdəki insanların haqlı şikayətlərini əsassız hesab edirdilər, şərələnib həbs edilmiş müxalifət fəalına ailəsi ilə görüş imkanı yaratmırdılar, hansısa siyasətçinin “hüquqlarımız pozulur” açıqlamasını qərəzli hesab edirdilər və.s Üstəlik, səlahiyyətlərindən sui istifadə edib saxlanılan şəxslərdən kimlərinsə əleyhinə ifadə almağa cəhd edirdilər, insanları siyasi baxışlarına görə müxtəlif üsullarla şərləyirdilər. Və beynəlxalq təşkilatlar Azərbaycanda insan haqlarının pozulduğunu dilə gətirəndə, beynəlxalq hesabatlarda Azərbaycan türmələrindəki vəziyyət pislənəndə, beynəlxalq tribunalardan Azərbaycandakı siyasi məhbuslara qarşı kobud rəftarın olduğu bildiriləndə hökumətimiz dəli olurdu. Dərhal, bu təşkilatları ikilistandartlarda, ermənipərəstlikdə, qərəzdə ittiham edirdilər.

Əslində bütün bu neqativ halları həyata keçirən, bu pis nümunələri reallaşdıran adamların bir qismi bu gün həbsxana həyatı yaşayır. Indi eyni aqibətlə bu adamlar özləri qarşılaşıb. Akif Çovdarovun və digərlərinin vəkilləri deyirlər ki, bu şəxslərə vəkilik etdiyimizə görə bizi lənətləyirlər. Bəli, “dünən fərman verən, bu gün can verir” deyimini xatırlamaq məcburiyyətindəyik.

Günahsız insanları ləkələyəndə, ən iyrənc əməliyatların iştirakçısına çevriləndə, yuxarıların xoşuna gəlmək üçün aşağıdakıları əzəndə, nəticə belə də olmalıydı. Bir neçə ay əvvələ qədər bu adamlar özlərini toxunulmaz hiss edirdilər, düşünürdülər ki, istədikləri cinayətləri törədə bilərlər. Çünki, uzun illər hökumətin başında oturan adamların maraqlarına xidmət etmişdilər və bu da onlara arxayınlıq bəxş etmişdi.

Amma məqam yetişdi və indi qaniçən generallara qan uddurulur. Indi insan haqlarından danışmağa başlayıblar, prezidentə şikayət edirlər və.s Bu qədər ah-nalə içində sona qədər rahat həyat sürmək olmaz. Haram yollarla yığdığını, bir gün mütləq itirəcəksən.

Bir gün bütün günahkarlar həmin təcridxananın, həbsxana divarlarının, kobud rəftarın “dad”ını biləcəklər.

Ona görə də şər-böhtan ssenarilərində rol alanlar, günahsız insanlara işgəncə verənlər bu səhnəni heç vaxt yaddan çıxarmamalıdır. Əgər bu gün çiynində poqonun, kabinetin, başkəsən dəstən varsa, sabah bütün bunları itirə bilərsən. Sabah cəmiyyətin lənətlədiyi adama çevrilə bilərsən. Insanların qarğışı, ah-naləsi altında xoşbəxt olmaq mümkün deyil.

Dünənə qədər yüksək səslə danışanlar, bu gün pıçıltı ilə danışmağa məcburdular. Hətta bu pıçıltıda da böyük ibrət var.

Unutmayın ki, bir gün sizin də qapınız döyüləcək. Hədiyyə vermək üçün yox, qandal taxmaq üçün döyəcəklər./azadlıq/
1018 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 09:10
40 dərdin dərmanı