Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Noyabr 2015

Osteoxondrozdan necə qorunmaq olar?

Müasir şəhər sakinlərinin bir çox hissəsi osteoxondrozdan əziyyət çəkir.
Bir çoxlarımız bu xəstəliyi "duzlaşma" adlandırırıq. Lakin osteoxondrozun duzla heç bir əlaqəsi yoxdur. Osteoxondroz zamanı onurğa sütunu oynaqları və bağları tədriclə dağılır ki, bu da xroniki ağrılara, qamətin pozulmasına, belin hərəkətliliyinin azalmasına, müxtəlif orqan və sistemlərdə pozulmalara səbəb olur. Bu dəyişikliklər orqanizmin qocalması ilə bağlıdır və təbiidir. Lakin əgər əvvəllər belə dəyişikliklər əsasən yaşlı insanlarda müşahidə olunurdu, hal hazırda osteoxondroz cavan insanlarda və hətta uşaqlarda inkişaf edir.
Onurğa sütununda gedən dəyişikliklər geriyədönməzdir, yəni dağılmış oynaqları və bağları bərpa etmək mümkün deyil. Lakin bu prosesi ləngitmək mümkündür.
Həkimlər tez-tez deyir ki, osteoxondrozun profilaktikasına hətta uşaq dünyaya gəlməmişdən əvvəl başlamaq lazımdır. Bu nə deməkdir? Hamiləlik zamanı ana tamdəyərli qidalanmalı, bütün lazım olan vitaminlər, minerallar və s. vacib maddələri qəbul etməli, tez-tez açıq havada olmalı, streslərdən uzaq olmalıdır.
Daha sonra körpəlik vaxtında uşağı iməkləməyə vadar etmək lazımdır. Bu çox vacibdir. Müasir uşaqların əksər hissəsi bu mərhələdən keçmir. Bir çox hallarda bunun taqsırı valideynlərdədir - valideynlər çalışır ki, uşaq daha tez yeriməyə başlasın. Bu çox təhlükəli yanılmadır. Həkimlər uşaqlarda qamətin, onurğanın müxtəlif pozulmalarının səbəbini məhz bunda görürlər. Uşaq mütləq iməkləməlidir - bu əzələlərin möhkəmlənmsəinə kömək edir və daha sonra uşaq yeriməyə başladıqda möhkəm əzələlər onurğa sütunu daha yaxşı saxlaya bilir.
Daha böyük yaşlarda uşağa hərəkət etmək üçün (qaçmaq, hoppanmaq və s.) şərait yaratmaq lazımdır. Uşaq tez-tez açıq havada olmalı, hərəkətli olmalıdır.
Məktəb dövründə bir çox uşaqların sağlamlığında pozulmalar yaranmağa başlayır. Bu pozulmaların arasında qamətin pozulması, skolioz və s. Bu pozulmaları vaxtında aşkar etmək və müalicə etmək lazımdır. Uşağı əlavə dil, şahmat, rəsm və s. dərnəklərinə yox, rəqsə, idmana yazdırmaq lazımdır. Bu onun gələcək sağlamlığı üçün çox önəmlidir.
Böyük yaşlarda osteoxondrozun profilaktikası üçün hərəkətli olmaq, daim bədən tərbiyəsi, idmanla məşğul olmaq lazımdır. Sizin işiniz uzun müddət ərzində eyni pozada oturmaqla (ofis işçiləri, kompüter dizaynerləri, mühasiblər və s.) və ya ayaq üstə dayanmaqla (satıcı, bərbər və s.) bağlıdırsa, bu xüsusilə vacibdir. Eyni pozada uzun müddət ərzində qalan insanda onurğaya olan gərginlik artır və bu da osteoxondrozun inkişafına səbəb olur. Hər 30 dəqiqədən bir pozanı dəyişin (bir qədər gəzişin, sadə idman hərəkətləri edin və s.). Düz oturmağa çalışın, beliniz düz olmalıdır, əyilməməlidir.
Düzgün qidalanma da çox önəmlidir. Piylənmə və həmçinin müxtəlif pəhrizlərə alüdəçilik osteoxondrozun riskini artırır.
Ağır fiziki gərginliklər, ağır əşyaların qaldırılması və daşınması da onurğanın sağlamlığına ciddi ziyan vurur.
Düz səthdə yatın, yastığınız kiçik olmalıdır (təxminən çiyniniz qalınlığında) və boyunuzu yaxşı saxlamalıdır (boynunuz yuxu zamanı əyilməməlidir).
Üzgüçülük osteoxondrozun ən yaxşı profilaktikasıdır. Üzgüçülük əzələlərin gərginliyini azaldır, qamətin yaxşılaşmasına kömək edir./Saglamolun/
905 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber