Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Dekabr 2013

Əsgərlərimiz orduda necə ölür?

"Burada heç bir hərbi sirr yoxdur"
İki gün öncə - 11 dekabr tarixində Azərbaycan Ordusunun əsgəri, 19 yaşlı Orxan Şiraz Alıyev dünyasını dəyişib. İlkin məlumata görə, əsgər ürək çatışmazlığından ölüb.

Yeni müdafiə naziri Zakir Həsənovun nazirliyə rəhbərlik etdiyi dövrdə qeyri-döyüş şəraitində ilk əsgərini itirən Azərbaycan ordusu, bundan əvvəl də bir neçə dəfə belə halın şahidi olub.

2013-cü ildə əsgər ölümlərinin artması ilin əvvəlində bir neçə etiraz aksiyasına səbəb olmuşdu. Statistikaya görə, 2013-cü ildə qeyri-döyüş şəraitində 13 əsgər müxtəlif xəstəlikdən dünyasını dəyişib. Orxan Alıyevlə bağlı hadisədə olduğu kimi, xəstəlikdən dünyasını dəyişən əsgərlərin bəzilərinin rəsmi ölüm səbəbləri kimi ürək çatışmazlığı xəstəliyi göstərilir.

Qeyd edək ki, 2013-cü ilin əvvəlində kütləvi etirazlara səbəb olan Ceyhun Qubatovun və Rövşən Bayramovun da ölüm səbəbləri kimi ürək çatışmazlığı göstərilirdi.

Bu isə bir çox hallarda yeni sualların yaranmasına səbəb olur. İctimaiyyəti ən çox narahat edən suallardan biri ürək çatışmazlığından əziyyət çəkən insanların hərbi xidmətə niyə aparılması və ya onlar hərbi xidmətdə olarkən xəstəlik aşkarlanıbsa, onların niyə təxris olunmamasıdır.

Qaynar.info olaraq bu və ya digər suallara cavab tapmaq üçün kiçik bir araşdırma apardıq.

Ürək çatımazlığı xəstəliyi ilə bağlı həkim ekspertlərin rəyinə görə, bu xəstəlikdən əziyyət çəkən insanlar ya anadangəlmə qüsurlu olur ya da müəyyən müddət onlar daha yüngül ürək xəstəliyindən əziyyət çəkirlər və bu da sonradan ürək çatışmazlığı xəstəliyinə çevrilir. Bundan başqa, ekspertlərin dediklərinə görə ürək çatışmazlığı xəstəliyi orqanizmdə özünü açıq büruzə verir və exokordiaqrama yoxlamaları zamanı insanda bu xəstəliyin və ya simtomlarının olması dərhal bilinir. Həmçinin, ürək çatışmazlığı xəstəliyi öldürücü həddə çatdıqda, xəstənin zahiri görünüşündə və nəfəs alma prosesində özünü dərhal göstərir.


Burdan belə aydın olur ki, ürək çatışmazlığı xəstəliyi virus xəstəlikləri və onokolji xəstəliklərdən fərqli olaraq inkubasiya dövrü (gizlilik dövrü) keçirmir. Bu xəstəlik insan orqanizmində özünü dərhal büruzə verir. Bəs, görəsən, ölüm səbəbləri kimi ürək çatışmazlığı xəstəliyi göstərilən əsgərlər müayinədən keçərkən bu xəstəlik onlarda niyə aşkarlanmayıb?

Əsgərlər həqiqi hərbi xidmətdə olduqları vaxt, onların hansısa reqlament üzrə müayinəsi aparılırmı? Bu və məsələ ilə bağlı qaranlıq qalan bir sıra suallara cavab tapmaq üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə əlaqə saxladıq.
Cavabsız qalan suallar

Nazirliyin rəsmi elektron ünvanına göndərdiyimiz suallara nazirliyin mətbuat xidməti aşağıdakı kimi cavab verib:

SUAL 1: Orduda əsgərlər qanunverciliyə görə hansı müddət aralığı ilə müayinədən keçməlidirlər?

CAVAB: Məhdudiyyət yoxdur.

SUAL 2: Həkim ekspertlərin rəyinə görə, ürək çatışmazlığı xəstəliyindən əziyyət çəkən insanlar ya anadangəlmə qüsurlu olurlar, ya da müəyyən müddət onlar daha yüngül ürək xəstəliyindən əziyyət çəkirlər və bu sonradan ürək çatışmazlığı xəstəliyinə çevrilir. Əsgər Orxan Alıyev, Ceyhun Qubatov və Rövşən Bayramov hərbi xidmətə aparılmazdan əvvəl keçdikləri həkim müayinəsində onların hansısa formada ürək xəstəliyindən əziyyət çəkdiyi barədə məlumat varmı?

CAVAB: Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət edin.



SUAL 3: Ekspertlərin dediklərinə görə ürək çatışmazlığı xəstəliyi orqanizmdə özünü açıq büruzə verir və exokordiaqrama yoxlamaları zamanı insanda bu xəstəliyin və ya simtomlarının olması dərhal bilinir. Əsgərlər hərbi xidmətə aparılmazdan əvvəl və hərbi xidmət zamanı exokordiaqrama yoxlamasından keçirilirmi?

CAVAB: Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət edin.

SUAL 4: Yenidən həkim ekspertlərin rəylərinə görə, ürək çatışmazlığı xəstəliyi öldürücü həddə çatdıqda, xəstənin zahiri görünüşündə və nəfəs alma prosesində özünü dərhal göstərir. Son ölüm hadisəsinə görə əsgər səhər yuxudan ayılmayıb və onun ölümü ilə bağlı ilkin səbəb ürək çatımazlığı göstərilir. Hərbi hissə həkimləri xəstəliyin bu qədər ağır dövürünü keçirən əsgəri sonuncu dəfə nə zaman müayinə ediblər? Həmin əsgər sonuncu dəfə nə zaman hərbi ərmləri yerinə yetirib?

CAVAB: Azərbaycan Respublikasının Hərbi Prokurorluğu tərəfindən cinayət işi başlanılıb, araşdırma aparılır.

SUAL 5: 2013-cü ildə rəsmi məlumatlara görə neçə əsgər ürək çatımazlığından dünyasını dəyişib?

CAVAB: Mətbuat Xidməti bu tip məlumatların cavablandırılmasına səlahiyyətli deyildir.

Dövlət xidməti cavab vermir

Məsələ ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə əlaqə saxladıq.Gün ərzində quruma etdiyim zənglərin heç birinə cavab verilmədi. Müdafiə Nazirliyinin cavablandırmaqdan imtina etdiyi sualları onlara vermək istəsək də, buna nail ola bilmədik.

Son ölüm hadisəsi olan Orxan Alıyevin ölümü ilə bağlı aparılan istinaqla əlaqəli suallarla isə Azərbaycan Respublikasının Hərbi Prokurorluğuna müraciət etdik.2 dəfə telefon zəngimizə cavab verən şəxs "Sizə 5 dəqiqə ərzində cavab veriləcək" desə də. Sonradan etdiyim zənglərə prokurorluqdan da cavab verilmədi.

Ekpert rəyi



Hərbi ekspert Üzeyir Cəfərov isə Qaynar.info-ya açıqlamasında bildirib ki, hərbi qulluqçular hərbi xidmətdə olduğu müddətdə hər gün sıra baxışında olarkən onların səhhəti ilə bağlı komandirlər tərəfindən yoxlamalar aparılır: “Bundan əlavə, il ərzində hərbiçilər xidmət etdikləri şəraitdən asılı olaraq bir neçə dəfə tibbi müayinədən keçirlər. 1 il 6 ay xidmət edənlərlə 1 il xidmət edənlər arasında bu say dəyişir. Stasionar şəraitidə xidmət çəkənlərə digərlərinə nisbətən daha az müayinədən keçirlər. Çünki stasionar şəraitdə orqanizmin hansısa xəstəliklərə yoluxması daha az müşahidə olunur. Döyüş şəraitində olanlar isə daha intensiv müayinədən keçirlər”.


“Əsgərlər hərbi xidmətə aparılarkən exokardiaqramma müayinəsindən keçirmi?” sualına ekspertin cavabı belə olub: “Vətəndaşlar hərbi xidmətə aparılmaqla bağlı qeydiyyata alınanda mütlə exokardioqramma keçməlidir. Həmçinin əsgərlər hərbi xidmətə yollanarkən onlar müayinədən keçirlər. Bundan başqa, əsgərlər hərbi hissəyə çatdıqda yenidən müayinədən keçirilirlər”.

Müdafiə Nazirliyinin "2013-cü ildə rəsmi məlumatlara görə neçə əsgər ürək çatımazlığından dünyasını dəyişib?" sualını cavablandırmamasına gəlincə isə Ü. Cəfərov bildirib ki, onların borcudur ki, buna cavab versinlər: “Cavab verməməklə onlar, sadəcə, məsuliyyəti öz üzərindən atırlar. Bu nə deməkdir ki, cavab vermə səlahiyyətimiz yoxdur?! Ölən Azərbaycan əsgəridir. Onların bilavasitə borcudur ki, o məlumatı versinlər. Konkret göstərilməlidir ki, neçə nəfər döyüş şəraitində, neçə nəfər qeyri-döyüş şəraitində və hansı səbəbdən dünyasını dəyişib. Qeyri-döyüş şəraitində xəstəlikdən, elektrik vurmadan, sudaboğulmadan və digər səbəblərdən ölüm halları baş verə bilər. Burada heç bir hərbi sirr yoxdur. Söhbət ölənlər əsgərlərdən gedir. Əgər “Hazırda neçə əsgər müxtəlif növ xəstəlikdən əziyyət çəkir?” sualı verilsəydi, buna bəlkə də, cavab verməyib hərbi sirr adlandırmaq olar. Ancaq artıq ölən əsgərlərdən söhbət gedirsə, burda heç bir hərbi sirr yoxdur və bu açıq informasiyadır”.

Ü. Cəfərov həmçinin ürək çatışmazlığı xəstəliyinin xüsusiyyətləri ilə bağlı da bir neçə məqama toxunub: "Bu xəstəliyin elə formasıdır ki, 1 gün ərzində yaranıb ölümə səbəb olmur. Bu xəstəlikdən uzun zaman əziyyət çəkənlər ölüm həddinə çata bilər".

Məsələ ilə bağlı araşdırmalarımız davam edir. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Respublika Hərbi Prokuroluğu Müdafiə Nazirliyinin cavablandırmaq imtina etdiyi sualları cavablandırmaq istəsə, onlara da şərait yaratmağa hazırıq. /qaynar.info/
2358 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP