Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Dekabr 2013

Xətaini belə dağıdırlar - FOTOREPORTAJ

Metronun “Əhmədli” stansiyasından çıxıb üzü aşağı – “Xalqlar dostluğu” stansiyasına sarı piyada çoxunuz getmisiz. 




Sıra boyunca düzülən mağaza və ticarət mərkəzləri çoxlarını bunu etməyə məcbur edir. Əslində o qədər də böyük olmayan bu məsafəni ticarət obyektləri bir az da yaxınlaşdırır. Adam o stansiyadan bu stansiyaya nə vaxt çatdığını hiss eləmir. Hələ ətrafda baxmalı-görməli mənzərələr çox olunca, piyada səyahəti daha da maraqlı şəkil alır. Bir də bu mənzərəyə jurnalist gözü ilə baxınca...


Küçə ticarəti və məhv olan yaşıllıqlarıyla gündəmə gələn rayon...

Bu ərazi hər zaman diqqət mərkəzində olub. İstər ticarət mərkəzləri, istərsə də yaşıllıq ərazilərinin çoxluğu həmişə müzakirə olunub. Lakin təəssüflə qeyd etməliyik ki, bu ərazidə olan ticarət mərkəzləri ucuzluğu ilə yanaşı fırıldaqçılığı, yaşıllıqları isə məhv olma təhlükəsi ilə üz-üzə qaldığı üçün daha çox gündəmə gəlib. 

Əslində, küçə boyunca hərəkət edən zaman bu sirr çözülür. Yəni səbəb müəyyən mənada aydınlaşır. Nədən ki, mağaza və dükanların, hündürmərtəbəli binaların əvəzində nə vaxtsa, bir yaşıl zolaq olduğu, ancaq onların zaman-zaman ticarət obyektləri ilə əvəzləndiyi elə ilk baxışdanca aydın görünür. 



Bunun bir sübutu da hələ əsası qoyulmaqda olan ətrafı bağlı yerdir. Çox böyük ərazini əhatə edən həmin məkanın da bina olacağı şübhə doğurmur. Mebel mağazalarının arasındakı yaşıl zolaqdan geriyə çox qısa müddət içərisində qazılmış sahə qalıb. 
Görəsən, bu dəfə əsası qoyulan hansı mebel mağazasıdır?

Yolboyu irəlilədikcə mütəmadi olaraq əsası yenicə qoyulan və ya tikilən binalar çıxır. Deyirlər ki, bu gün bünövrə qazıldığını gördüyünüz yerdə bir neçə həftə sonra bina ilə qarşılaşanda təəccüblənməmək lazım. 



Yaşıllıqların missiyası

Belə namizədlər, yəni hələ qalmaqda olan, bəlkə də kiminsə gözaltısına çevrilən, yəni son aylarını, bəlkə də son günlərini yaşayan çox kiçik sahədə yaşıllıqlar da var... Amma... 

Payızın son, qışın ilk ayında buradakı mənzərə insanı təəccübləndirməyə bilməz. Elə bil bu yaşıllıqlarda bir zaman həyat olub, sonradan insanlar harasa köç edib. 



Belə görünür ki, bir neçə ay bundan əvvəl insanlar günün qızmarından yayınmaq üçün yaşıllıqların kölgəsindən bəhrələnib. Ancaq soyuqlar düşəndən sonra lazımsız əşyalarını da qoyub buraları tərk ediblər. Tərk edilən yerlərdə isə əl-üz yuyan, zibil qalaqları, qida tullantıları nişanə qalıb. 

Yaşıl zolaqları məhv edib ticarət obyekti və ya hündürmərtəbəli binalar ucaldan iş adamları isə qırdıqları ağacların yerinə bir-iki dekorativ ağac basdırıb ki, onların da baxımsızlıqdan varlığıyla-yoxluğu bəlli deyil. 



Bir sözlə, rayon ərazisində, xüsusən də, bu küçədə gəzəndə adama elə gəlir ki, yaşıllıqlar - kəsib yerində mağaza tikmək üçündür... Mağaza üçün hələ real namizəd yoxdursa, onda yaşıllıqdan bəzi köhnə, lazımsız əşyaları, zibili gizlətmək üçün də istifadə olunur. Bu küçədə yaşıllıqlardan avtomobil dayanacağı kimi də yararlanırlar. 

Təbii ki, yaşıllıqların funksiyasının dəyişməsində ticarət obyektləri işlədənlərin günahı çoxdur. 



Ancaq zibilxana missiyası daşıyan yaşıllıqları görəndə ilk ağla gələn həmin obyektlərdən qanuni və qanunsuz şəkildə qazanc götürən və eyni zamanda şəhərin təmizliyinə və gözəlliyinə cavabdehlik daşıyan şəxslər olur.

Küçənin mənzərəsi


Bu küçənin ümumi mənzərəsi xoşagələn deyil. Az qala yolun ortasınadək genişlənən ticarət obyektləri səkini tamamilə zəbt edib. Mağazalarda satılan mallar küçəyə doğru səpələndiyindən piyadalar üçün burada ayaq qoymağa belə yer yoxdur. Piyadalar məcbur olub maşınların şütüdüyü yolla getməli olur. İşıqforların, yol nişanlarının azlıq təşkil etdiyi, sürətlə hərəkət edən maşınlarla eyni yolu paylaşmaq isə piyada üçün olduqca təhlükəlidir. 



Bu təhlükə avtobus dayanacaqlarında xüsusilə artır. Yolun həm sağı, həm solu ilə gedən piyadalar avtomobillərin hərəkətini bir az da ləngidir. Diqqətimizi məktəbli qızının əlindən tutub yolu keçməyə çalışan xanım çəkir. Bunun üçün fürsət axtaran piyada uzun müddət istəyinə nail ola bilmir və bir neçə dəfə təhlükə ilə göz-gözə gəlir. 

İcra başçısının küçə siyasəti


Sonda bir şeyi də qeyd etməyi lazım bilirik. Xətai rayonu icra başçısının maraqlı küçə siyasəti var. Diqqətimizi çəkən problemlərin yerini dəqiq nişan vermək üçün küçə adı və ünvan axtardıq. 

Düşündük ki, bəlkə bizim diqqətimizi çəkən problemlər bu rayonunun başbilənlərinin gözündən yayınıb? Bəlkə yeri dəqiq nişan versək, gedib məsələni yerindəcə həll edəcəklər. Ancaq uzun axtarışlar heç bir nəticə vermədi. Burada nə küçə adı bəllidir, nə də ev ünvanı.

Bəlkə də ünvan reyestrinə bu rayondan başlamaq lazım imiş. Hər halda icra başçısı razı olmayıb. Axı, hələ ünvanı bəlli olmayan yaşıllıqlar qalır.../aznyus/
1711 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber