Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Noyabr 2015

Xiyar generalları

1 milyard 300 milyondan çox əhalisi olan Çində cəmi 191 general var. 9 milyon əhalisi olan (onun da 4 milyonu ölkədən kənarda didərgin, sərgərdan, səfil durumda) Azərbaycandasa generalların sayı 150-yə yaxındır. Hansı xidmətlərə, hansı peşəkarlığa, hansı qəhrəmanlığa görə… Bəlkə vətən uğrunda şücaətə, vətən torpaqlarının işğaldan qurtarılmasına görə?.. Vətən torpağı ki 22 ildir işğaldadır… Generalların sayı da elə bu 22 ildə artıb. Atəşkəs illərində.

Tarixin yaddaşında qalan bir neçə generalımız olub, ancaq onlar bu adı zəhmətlərinə, hərb elminə verdiklərə yeniliklərə, qəhrəmanlığa görə alıblar. Həm də pillə-pillə keçiblər bu yolu.

Səməd bəy Mehmandarov 1875-ci ildə podporuçik, 1890-cı ildə kapitan, 1901-ci ildə polkovnik, 1904-cü ildə general-mayor rütbəsi alıb. Bütün bunları peşəkar hərbçi göstərdiyi rəşadətə görə qazanıb.

Peşəkar hərbçi Əliağa Şıxlinski 1904-1905-ci illərdə rus-yapon müharibəsində batareya komandiri kimi döyüşüb, Port-Arturun müdafiəsindəki qəhrəmanlığına görə “Qızıl Qılınc”la mükafatlandırılıb. Hərbçilərin yetişdirilməsində xüsusi xidməti olub, hərbə bir çox yeniliklər gətirib. Bütün bu xidmətlərdən sonra yalnız 1912-ci ildə ona general-mayor rütbəsi verilib.

Peşəkar hərbçi Həzi Aslanov Böyük Vətən Müharibəsinin ilk günlərindən cəbhədə olub, qəhrəmanlıqlar göstərib, müharibədə uzun bir yol keçib, yalnız 1944-cü ildə ona general-mayor rütbəsi verilib…

Gələk bu günün generallarına, onlardan bəziləri heç peşəkar hərbçi də deyil, tamam başqa sahənin adamıdı. Həm də elədikləri “qəhrəmanlıq” sahibkarları soymaq, reketçilik, kiminsə yataq otağına kamera yerləşdirmək, media və QHT sektorunda “erməni dəyirmanına su tökənləri” axtarmaq olub. Ancaq bu, onların rütbə almasına, həm də qısa zamanda, əngəl olmayıb.

Generallardan biri – keçmiş nazir Eldar Mahmudov 1978-ci ildə Xalq Təsərrüfatı Institutunu, 1993-cü ildə isə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. 1980-2004-cü illərdə daxili işlər orqanlarında çalışıb. Çiçəyi isə 2004-cü ildə çırtlayıb. Milli Təhlükəsizlik naziri təyin olunan kimi general-mayor rütbəsi alıb. 2005-dəsə general-leytenant. Növbəti rütbəyə – general-polkovnikliyə yolu bir qədər uzanıb; işdən çıxarılmazdan bir il qabaq, 2014-cü il martın 27-də bu rütbəni alıb, həm də tək yox, həmin gün Hilal Əsədov və Əli Şəfiyevə general-leytenant, Tarverdi Məmmədovasa general-mayor rütbəsi verilib; “Azərbaycan Respublikasında milli təhlükəsizliyin təmin edilməsində, xarici xüsusi xidmət orqanlarının kəşfiyyat-pozuculuq fəaliyyətinin qarşısının alınmasında, beynəlxalq terrorçuluq və transmilli mütəşəkkil cinayətkarlıqla mübarizədə, xüsusilə ağır cinayət işlərinin istintaqının aparılmasında fərqləndiklərinə görə”…

Yeri gəlmişkən, YAP hakimiyyətində geniş yayılmış tendensiyadı; aqronom, şərabçı, baytar, polis, həkim, idmançı və başqa peşə sahibləri 1993-dən sonra ən çeşidli yollarla hüquqşünas diplomu almağa girişdilər. 2003-dən sonrasa onlar kitab yazmağa, dissertasiya müdafiə eləməyə, siyasət, tarix, filologiya və başqa sahələr üzrə “fəlsəfə doktoru” adı almağa başladılar. Çoxu da plagiatlıqla. Proses hələ də davam edir. Generallıq da bu sıradandı…

Bugünlərdə virtualaz.org saytının əməkdaşları Akif Çovdarovun istixanasından reportaj hazırlamışdı; xiyar-pomidor yetişdirən generalın “parnik”indən. Həm də ölkənin milli təhlükəsizliyinə sorumlu olan generalın. O tək deyil, bu sahədə onunla rəqabət aparacaq başqa generallar da var. Ölkənin ən müxtəlif regionlarında, iqlimə uyğun olaraq, generalların təsərrüfatı var. Kimisinin at ilxısı, kimisinin qoyun sürüsü, kimisinin mal-qara ferması, kimisinin balıq vətəgəsi, meyvə bağları, pambıq və başqa plantasiyaları. Restoranlar, şadlıq evləri, marketlər, avtosalonlar, klinikalar şəbəkəsi olan azmı general tanıyırsız?!.

…Düzlən, farağat! Addımla marş! Irəli – generallığa doğru!

Rövşən Hacıbəyli/azadlıq
809 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 11:10