Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Noyabr 2015

“Polisləri nardaranlılar öldürməyib” (FOTOLAR)

Nardaran kənd sakinləri İmam Hüseyn meydanına toplaşıblar. Onlar noyabrın 26-da hüquq-mühafizə orqanlarının Nardaranda keçirdiyi əməliyyata etiraz edirlər. Rəsmi məlumata görə, əməliyyat nəticəsində 2 polis əməkdaşı, 4 dindar ölüb, 14 nəfər həbs edilib.

Hadisə yerində olan Meydan TV əməkdaşının məlumatına görə, kəndin daxili yollarında daşlar tökülüb, nə üçün istifadə olunacağı bəlli olmasa da, kəndə maşınlarla daş gətirilir. Sakinlər bunu özlərini müdafiə üçün etdiklərini deyiblər. Onlar İmam Hüseyn meydanında ocaq qalayaraq, ətrafına toplaşıblar.

Nardaranlılar ATV, İTV kanallarının çəkilişinə mane olub, əməkdaşlarına xəsarət yetiriblər. Onların sözlərinə görə, hakimiyyət kanalları hadisə ilə bağlı doğru məlumat vermədiyindən onların çəkilişinə mane olublar. “Biz ancaq namaz qılırıq, ibadət edirik. Namaz qılmaq nə vaxtdan cinayət olub? Onlar gedib bizi başqa cür təqdim edirlər. Ona görə də çəkiliş aparmasınlar” – deyə kənd cavanları etiraz edir.



Əməliyyat kənd sakini  Əbülfəz Bünyatovun evində baş verib. Bünyatovun xanımı jurnalistlərə deyib ki, onlar Məhərrəmliyin 40 mərasiminə hazırlıq görürmüşlər. Noyabrın 26-da ehsan verilməli imiş. Bu məqsədlə Hacı Tale Bağırzadə də qonaq kimi dəvət edilib. Lakin namaz vaxtı qəflətən Çevik Polis Alayının əməkdaşları və maskalılar evə basqın ediblər: “Heç bilmirəm hadisə necə oldu. Qəflətən evə hücum etdilər. Səs bombasından, güllədən istifadə etdilər”.



Hadisə yerində olan kənd qadınları deyir ki, əməliyyatçılar Ə.Bünyatovun evində kimisə axtarıblar. Nəticədə mənzilin içərisi dağıdılıb. Divarda, pəncərə və şkafda güllə izləri var.

“Bizi vəhhabi, İŞİD-çi bilirlər, ona görə üstümüzə gəliblər. Polislər hətta qadınlara da əl qaldırdılar” – bunu kənddəki qadınlardan biri deyir.

“Belə getsə, biz qadınlar da ayağa qalxacağıq. Nardaranın kişiləri necə cəsarətlidirlərsə, qadınları da o cürdür. Bizə niyə bu cür davranırlar? Biz ibadətdən başqa nə edirik? Onlar bizim çadramızın açılmasını istəyirlər. Amma biz bunu etməyəcəyik”  - kənd sakinlərindən olan başqa bir qadın deyir.




Əməliyyat zamanı kənd sakinlərinin silahdan istifadə etmədiyini deyən qadınlar polislərin nardaranlılar tərəfindən öldürülmədiyini deyirlər: “Bizim kənddə heç kimdə silah yoxdur. Polisləri bizimkilər öldürməyib”.

Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov hakimiyyətin yanlış addım atdığını deyir: “Mən bilmirəm hadisə nəyə görə baş verib. Məsələnin daha dinc yolla həll olunmasını istəyirdim. Hökumət çox tələsdi, bu, naşılıqdı”.  Ancaq o, jurnalistlərin “hansı məsələnin dinc yolla həll olunmasını istəyirdiz” sualına cavab vermək istəməyib: “O zaman Talenin müavini həbs olunanda Sabunçu Polis İdarəsinin qarşısında narazılıq oldu. O zaman demişdik ki, bu cür davranmaq olmaz. Məsələni dinc yolla həll edək. Ancaq onlar davam etdilər və çox tələsdilər. Problem bu cür həll olunmur”. 



1695 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber