Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Dekabr 2013

Cəmil Həsənlidən xalqa çağırış

“Həyatımızı Azərbaycan hakimiyyətinin talançılığından qorumalıyıq”

Milli Şuranın sədri Cəmil Həsənli qiymət artımına etiraz məqsədilə dekabrın 15-də keçiriləcək mitinqlə bağlı xalqa çağırış edib. C.Həsənli Facebook səhifəsində yazır:

“Sevgili millət, uca xalq!

Hər həftə, hər gün bizdən növbəti mitinqin vaxtını soraqlayırdınız. Sizin arzuladığınız mitinq təyin edildi. Milli Şuranın növbəti mitinqi dekabrın 15-i saat 14:00-da “Məhsul” stadionunda olacaq. Sizə tanış yerdir, “İnşaatçılar” metrosunun yanıdır. Hər kəsin iştirakı zəruridir.

Biz həyatımızı Azərbaycan hakimiyyətinin talançılığından qorumalıyıq. Son qiymət artımından sonra “Qlobal Vitnesin” “Anonim Azərbaycan” hesabatı açıqlandı. Ölkə daxilində yanacağın qiymətin artıran və onu “Cip” maşınların çoxalması ilə izah edənlərin, xaricdəki əməllərinin açılması üçün çox vaxt lazım gəlmədi. Məlum oldu ki, yalnız bir il ərzində bir məmurun neft əməliyyatlarından mənimsədiyi vəsait, qiymət artımı nəticəsində büdcəyə daxil olacaq vəsaitdən dəfələrlə çoxdur. “Anonim Azərbaycan” hesabatı ölkəmizin neft mənimsəmələrinin yalnız kiçik bir hissəsin ortaya qoydu, əslində real mənzərə bundan çox ağırdır.

Yadınızdadırsa, seçki debatları zamanı biz bu mənzərəni təsvir edəndə YAP yetkililəri sənəd-sübut tələb edirdi. Bu da yerli-yataqlı sübut. Bir daha aydın oldu ki, ölkəmizin əsas sərvəti olan neft məhsulları xalqımızın həyatına, rifahına, inkişafına deyil, bir ovuc oğru və dələduzun maraqlarına tabe edilib. Vətənimizdə milyonlarla insan süfrəsinə qoymağa, uşağını doyurmağa çörək tapmır, amma bunlar millətin sərvəti hesabına gecəsi 5 min – 10 min dollara dəbdəbəli hotellərdə qalırlar, çirkli neft əməliyyatlarından xalqa çatacaq milyardları mənimsəyirlər. Bu böyük mənimsəmələrin, milli sərvətlərimizin belə talan edilməsinin başında bilavasitə İlham Əliyev özü dayanır. Onun xəbəri olmadan heç kəs bir litr nefti belə mənimsəyə bilməz. Siz indi seçkilərin total şəkildə saxtalaşdırılmasının arxasında duran korrupsiya və monopolyanın, rüşətxorluq və talançılığın mahiyyətini daha aydın anlayırsınız.

“Anonim Azərbaycan” hesabatı Azərbaycan hakimiyyətinin oğru təbiətini, onun əsl mahiyyətini açıb göstərdi. Biz qiymət artımına qarşı öz səsimizi qaldırmalıyıq, vətənimizin sərvətlərini talayanlara yox deməliyik, 9 oktyabrda seçki adı altında hakimiyyəti mənimsəyənlərə etirazımzı bildirməliyik. Azərbaycan xalqı ləyaqətli həyat, demokratik cəmiyyət haqqına malikdir. Bu haqqa tapınmaq üçün ölkədə dəyişikliklər, islahatlar olmalıdır. Bu haqqa tapınmaq üçün millətimiz öz iradəsini ortaya qoymalıdır. 15 dekabr etiraz günüdür, qiymət artımına etiraz, talançılığa etiraz, ədalətsizliyə və haqsızlığa etiraz, seçki saxtakarlığına etiraz, hüquqsuzluğa etiraz!

Gələcəyindən məhrum edilmiş 100 minlərlə tələbə və gənclərimiz, layiqli güzaran haqqından məhrum edilmiş, büdcədən “dilənçi payı” alan zavallı əməkçilərimiz, aylıq pensiyası aylıq dərmanına çatmayan 10 minlərlə təqaüdçülərimiz, 15 dekabrda “Məhsula” gəlin etirazınızı bildirin. Bilirəm hava soyuqdur, amma etiraz hissi, uğrunda mübarizə apardığınız həyat haqqının səmimi ideyaları Sizi isindirəcək. Biz birlikdə bu hakimiyyətə, onun qanunsuz əməllərinə, millətin cibinə hesablanmış qiymət artımına yox deyəcəyik!”./azadlıq/
1535 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 10:58