Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Noyabr 2015

MTN-in müstəntiqi: “300 min ver, sonra da 500 min, üstəlik də 50 min...”

MTN-dəki Mahmudov-Çovdarov kriminal qruplaşması ifşa olunandan sonra son 10-11 il ərzində - sabiq nazir Eldar Mahmudovun rəhbərliyi dövründə bu qurumda törədilmiş korrupsiya, reket və digər cinayətlərə dair çoxsaylı faktlar ortaya çıxdı. 

 Məlum oldu ki, biznesmenləri soyub talamaq, heç bir günahı olmayan iş adamlarının yüz minlərlə dollarını şantaj, hədə-qorxu və işgəncə yolu ilə əllərindən almaq Mahmudovun cəza aparatından ötrü heç də çətin iş deyilmiş. Virtualaz.org saytının redaksiyasına Mahmudov-Çovdarov qruplaşmasının bu cinayətkar əməllərindən bəhs edən daha bir fakt daxil olub. Söhbət həbsxanada 8 il cəza çəkən İslam Yusifovun baş prokuror Zakir Qaralova ünvanladığı müraciətdən gedir. İ.Yusifov həmin müraciətində MTN-çilərin günahsız bir adamı ən ağır cəzaya məhkum etmək üçün əl atdıqları cinayətkar metodların mahiyyətini açıb. 

 Qeyd edək ki, “Texnikabank”ın Bakı filialının əməliyyat şöbəsinin rəis müavini İslam Yusifov 2008-ci ilin sentyabrında MTN əməkdaşları tərəfindən dələduzluq ittihamı ilə həbs olunaraq MTN-in təcridxanasına salınmışdı. İ.Yusifov “Texnikabank”ın müştərilərinə məxsus olan nə az, nə çox - 1 milyon 100 min manat vəsaiti 2005-2008-ci illər ərzində mənimsəməkdə ittiham olunurdu. 2009-cu ilin martında İ.Yusifov barədəki qətimkan tədbiri dəyişdirilib və o, ev dustaqlığına buraxılıb. Lakin MTN-in müstəntiqi Vüsal Ələkbərov bundan əvvəl İ.Yusifovu öz kabinetinə çağıraraq ondan açıq mətnlə 300 min manat tələb edib. 

Müstəntiq bunun əvəzində ona “məhkəmə ilə bağlı bütün problemləri yoluna qoymağı” vəd edib. İslam Yusifov ona qarşı irəli sürülən ittihamların heç biri ilə razı olmasa da onun yaxınları -  Yusifovlar ailəsi tələb olunan məbləğdə pulu toplayaraq müstəntiq V.Ələkbərova verib. Buna baxmayaraq İ.Yusifovun cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Əsl həngamə də bundan sonra başlayıb. Müstəntiq V.Ələkbərov “işi yoluna qoymaq üçün” İ.Yusifovdan yenə də pul qoparmağa başlayıb. Bu dəfə “şirinliyin” məbləği də artıb. Ələkbərov Yusifovdan “məhkəmə araşdırmasını dayandırmaq üçün” bu dəfə 500 min manat tələb edib. “Əgər bu pulu gətirməsən, 8 il həbsxanada oturacaqsan” - deyə müstəntiq təqsirləndirilən şəxsi hədələyib. Yusifovlar ailəsi bu qədər pulu toplaya bilməyiblər. Nəticədə İ.Yusifov 2010-cu ilin aprelində ağır cinayətdə təqsirkar bilinərək 8 il müddətinə həbsə məhkum olunub. Müstəntiqin əvvəlcədən dediyi qədər... 

 “Günahsız olmağımı təsdiqləyən sübutların heç biri nəzərə alınmadı. Mən hər hansı cinayətkar qruplaşmanın tərkibində ola və “Texnikabank”ın pullarını mənimsəyə bilməzdim. Çünki 2005-ci ildə mənim cəmi 17 yaşım vardı. 2006-cı ilin oktyabrından 2008-ci ilin mayına qədər əsgərlikdə olmuşam. Həmin dövrdə mən hər hansı cinayətkar qrupun tərkibində sadəcə ola bilməzdim. Mən yalnız hərbi xidmətdən qayıdandan sonra - 2008-ci ilin mayında bankda işləməyə başlamışam. Həmin ilin sentyabrında isə həbs olunmuşam. Mənim adamları aldatmağım, sənədləri saxtalaşdırmağım və ya kimlərinsə pullarını mənimsəməyim barədəki ittihamların heç biri nə ibtidai istintaqda, nə də sonrakı məhkəmə araşdırması zamanı sübuta yetirilmədi. 

Bundan əlavə, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi sübut etdi ki, pul çatışmazlığına görə bankın filial direktoru və baş mühasib günahkardır. Mənim heç bir sənəddə imzam olmayıb. Heç bir möhür və ştampa, bankın heç bir kassasına çıxış imkanlarım olmayıb. Üstəlik istintaq və məhkəmə zamanı heç bir zərərçəkən və şahid mənə qarşı ifadə verməyib. Lakin günahsızlığımı təsdiqləyən bu dəlil-sübutların heç biri MTN-in təzyiqlərinə görə məhkəmə tərəfindən nəzərə alınmadı” - deyə İslam Yusifov baş prokurora müraciətində bildirir. İ.Yusifov cəzasının 2/3 hissəsini çəkəndən sonra Xəzər Rayon Məhkəməsinə müraciət edərək barəsindəki həbs-qətimkan tədbirinin dəyişdirilməsini xahiş edib. Lakin bu xahişi rədd olunub. 

Bundan sonra İ.Yusifov Bakı Apelyasiya Məhkəməsinə müraciət edib. Məhkəmə isə 2015-ci ilin martında İ.Yusifovun cəzasının qalan hissəsini məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsinə dair qərar verib. İ.Yusifov bundan bir qədər rahatlanıb. Amma sən demə, hələ tez imiş, MTN-dəkilər İ.Yusifovu bu 6 ildə də “unutmayıbmış”. İslam Yusifov Elə 2015-ci ilin may ayında MTN-ə çağırılan İ.Yusifov yeni tələblə üz-üzə qalır. Həmin müstəntiq Vüsal Ələkbərov ondan yenə pul tələb edir - bu dəfə 50 min dollar (manat onda artıq ucuzlaşmışdı). Müstəntiq onunla yenə hədə-qorxu dili ilə danışır: “50 min dolları gətirməsən, səni yenidən həbsxanaya qaytaracağam”.

 Yusifovlar ailəsi yenidən pul toplamağa başlayıb. Amma cəmi 30 min manat toplaya biliblər. Onu da müstəntiq Ələkbərova veriblər. Müstəntiq isə Yusifovların bu “özbaşınalığını”, yəni 50 min dollar əvəzinə cəmi 30 min manat verməsini onlara bağışlamayıb. Nəticəsi də bu olub ki, Apelyasiya Məhkəməsi bu ilin avqustunda İslam Yusifovun yenidən həbsxanaya qaytarılmasına dair qərar çıxarıb. “Mənimlə bağlı işə yenidən baxmağınızı xahiş edirəm. Sizdən həmçinin xahiş edirəm ki, MTN-in müstəntiqi Vüsal Ələkbərovun bizdən hədə-qorxu yolu ilə aldığı 330 min manatın ailəmizə qaytarılmasında kömək edəsiniz” - deyə İslam Yusifov baş prokurora ünvanladığı müraciətində bildirir.

521 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP