Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Dekabr 2013

Qazaxlı uşaqların Azərbaycan boyda problemləri

(Uşaqların xatirinə oxuyun bu yazını)

Yenə Qazaxdan yazacam. Burada heç işimiz yolunda getmir ki, nəsə özgə şey haqqında düşünək, yazaq. Hərənin bir dərdi var; birinin evi harınlamış məmurlar tərəfindən mənimsənilib, birinin sosial yardımı elə əlaqədar şəxslər tərəfindən yeyilib, birinin yenicə tikib başa gətirdiyi obyektə, özbaşlarına dədələrinin də qiymətini üstünə qoyub heç bir əsas göstərmədən filan qədər cərimə yazıblar, birinin başına filan şey gəlib, birinin başına bəhmən... Hər kəsin xırdaca da olsa problemi var və bu problemlər günü-gündən böyüməkdədir. Ancaq...

Ancaq yox, bütün bunların hamısını yazmağa nə kağızın ağı bəs edər, nə də qələmin qarası.. Yazmağa çalışdığım bir önəmli məsələ var ki, bu gün şəhərdə hamı ondan danışır. Lakin ürəyində...
Bəli, səhv eşitmədiniz Qazaxda hər kəs ürəyində şikayətçidir bu məsələdən. Nədən? Uşaq bağçalarının sökülməsindən və hər bağçaya aid torpaq sahəsinin hasara alınmasından ki, biz bunu bilmək üçün gərək ta əvvəldən başlayaq...
Bir gün erkəndən şəhər mərkəzinə çıxmışdım. Gördüm, 1 saylı uşaq bağçasını sökürlər. Öz-özümə düşündüm ki, nə gözəl oldu! Neçə ildir, ürək açacaq bir şərait görməyən bu uşaqlar, axır ki, bir ağ günə çıxacaqlar. Sağ olsun dövlətimiz! Sağ olsun, xalqımızın gələcəyi olan uşaqlara diqqət göstərir!
Mənim anlamımda təhsil, təlim-tərbiyə hər şeydən öndə gəlir. Təhsil olmasa xalq məhvə məhkumdur.
Deyir: "Sən saydığını say, gör fələk nə sayır!"
Sevincim uzun sürmədi. Sən demə, rayon icra hakimiyyətinin bu söküntüdə məqsədi heç də köhnəlmiş bağçanın bərpası deyilmiş. Əsl məqsədi hasara aldığı torpaq sahəsini hərraca çıxarıb satmaq imiş. Və bu hərrac məsələsi təkcə 1 saylı bağçanın deyil, 2 və 4 saylı bağçaların da başında varmış.
Sökülən bağçaların aqibətindən danışmazdan qabaq onu deyim ki, bu boyda həngamədən sağ-salamat çıxan cəmi-cümlətanı bircə bağça var ki, bu da icra hakimiyyətinin binasının qabağında yerləşən 3 saylıdır. O da başçının müavinlərindən Gülaya xanımın yeyinti yeridir. İnanmayan gəlib yerindəcə yoxlaya bilər. Bizdə faktsız heç nə yoxdur.
İndi gələk, sökülüb hərraca qoyulmuş bağçalarda təlim-tərbiyə görən uşaqların harada və hansı şəraitdə yerləşdirilməsinə...
Belə ki, əlimizdə olan məlumata görə, 2 və 4 saylı uşaq bağçaları söküldükdən sonra Dəri Zöhrəvi Dispanserinin qəzalı binasında, 1 saylı bağça isə Kardioloji xəstəxananın həyətindəki anbarda; yeməkxanası isə siçan, siçovulun at oynatdığı maşın qarajında yerləşdirilib.
Və ən önəmlisi, uşaqların yeməkləri çirkli qablarda, şəraitsiz mətbəxdə hazırlanır, həm xəstəxananın həkimləri, həm də bağçanın uşaqları üçün nəzərdə tutulmuş ayaqyolunda natəmizlik baş alıb gedir.  Daha sonra körpələrin yerləşdiyi otaqlarda istilik sistemi olmadığından dizel yanacağından istifadə olunur. Bu isə onlarda xərçəng xəstəliyinin yaranmasına gətirib çıxara bilər. Al, bu da sənə gələcək!
Sabahın müəllimi, alimi, əsgəri, bəstəkarı, şairi, rəssamı olacaq uşaqların zir-zibil içində tərbiyə almasından çıxan məntiqi nəticə odur ki, bizim gələcəyimiz bir zibil olmayacaq.
Məşhur türk şairi Nazim Hikmət şeirlərindən birində  “dünyanı bir günlüyə verəlim uşaqlara”, - deyirdi. Bizsə nəinki dünyanı, bağçaları belə onlara qıymaq fikrindən çox-çox uzağıq.
Qüdrətli dövlətimiz gedib Zimbabvedə məktəb tikir, köməyi olmayana kömək göstərir, Ədəbiyyat evi kimi heç bir fəaliyyəti olmayan dəxilsiz binalar ucaldır. Bütün bunlarla yanaşı, daxili problemlərimizsə tökülüb qalıb. Adamda belə təsəvvür yaranır ki, bəlkə problemlərimiz başqalarınkına nəzərən çox kiçikdir deyə, gözə dəymir.
Mən elə düşünmürəm. Daha doğrusu, düşünürəm ki, başımız qarışıb xarici siyasətə və gözümüz çox yuxarılardadır deyə, ayağımızın altını görə bilmirik. Ancaq  görməliyik! Bəli, gələcəyimizin, sənin, mənim, uşaqlarımızın xatirinə görməliyik!
Sən görməsən, mən görməsəm, bəs kim görəcək bu qədər problemi?

• Qazaxlı uşaqların Azərbaycan boyda problemləri  Yüklə
• Qazaxlı uşaqların Azərbaycan boyda problemləri  Yüklə
• Qazaxlı uşaqların Azərbaycan boyda problemləri  Yüklə
• Qazaxlı uşaqların Azərbaycan boyda problemləri  Yüklə
• Qazaxlı uşaqların Azərbaycan boyda problemləri  Yüklə
• Qazaxlı uşaqların Azərbaycan boyda problemləri  Yüklə
• Qazaxlı uşaqların Azərbaycan boyda problemləri  Yüklə
• Qazaxlı uşaqların Azərbaycan boyda problemləri  Yüklə
Musavat
1698 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
07.12.16, 09:23