Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Dekabr 2015

Məmurların topdağıtmaz villaları və torpaq sahələri...

Ramiz Zeynalov məmur-oliqarxların mülkləri ilə bağlı yeni şok bilgilər verdi; icra başçıları torpaq sahələri ilə necə “xala-xala” oynayıblar?
Vəkilin evinə gəlib, havaya atəş açan şəxslər kimin adamıdır?
“Yeni Müsavat” qəzetinin ötən saylarından birində vəkil Ramiz Zeynalov MTN-in həbs edilən rəhbərliyinə və bu şəbəkəyə bağlı olan ayrı-ayrı məmurlara Bakı şəhərindəki bəzi rayon icra hakimiyyəti başçıları tərəfindən hədiyyə edilən torpaq sahələri barədə məlumat vermişdi. Bunu şəxsi araşdırması adlandıran vəkil əldə etdiyi məlumatları paralel olaraq Prezident Administrasiyasına, müvafiq orqanlara da göndərib.


R.Zeynalov sözügedən yazıdan sonra araşdırmalarını davam etdirdiyini bildirib və redaksiyamıza yeni məlumatlar göndərib. Bəzi iddialarını təsdiqləmək üçün fotoları da yazıya əlavə edən vəkil qəzetimizə göndərdiklərinin bir nüsxəsini Prezident Administrasiyasına da yollayıb.

Vəkilin budəfəki araşdırması Bakı şəhəri, Xəzər rayonu, Buzovna - Maştağa yolunun sol və sağ tərəfində, Zağulba qəsəbəsində Prezident Administrasiyası rəhbərinin iqtisadi məsələlər üzrə müavini, “Azİmport” MMC-nin əsl sahibi Əli Əsədova məxsus torpaq sahələri, üzərindəki mülklərlə bağlıdır. Araşdırma həmçinin MTN-in Bilgəh qəsəbəsində yerləşən istirahət mərkəzinin ümumi torpaq sahəsinin 8,5 hektardan ibarət hissəsinin ƏMDK tərəfindən qanunsuz olaraq Əli Əsədovun adına özəlləşdirilməsi və çıxarış verilməsi barədədir.

Əli Əsədovun mülkləri - birində cangüdənləri yaşayır, o birisində...

Vəkilin birinci iddiası ondan ibarətdir ki, Ə.Əsədov Bakı şəhəri, Buzovna qəsəbəsi Cəfər Cabbarlı küçəsi 68 və70 saylı ünvanda Sevinc Dilbazidən aldığı 30 sot və Şeyda adlı şəxsdən aldığı 12 sot torpaq sahələrində yerləşən yüksək gərginlik elektrik xətlərini tutduğu vəzifədən sui-istifadə edərək dövlət hesabına həyətindən çıxarıb və həmin sahədə bir-birindən təcrid olunmuş qaydada 3 mülk inşa etdirib. R.Zeynalov qeyd edib ki, mülklərin darvaza girişlərinin üçü Cəfər Cabbarlı küçəsindən, biri isə 2012-ci ildə Buzovna -Maştağa magistral yolu tərəfdən açılıb: “Həmin torpaq sahəsi makler vasitəsilə alınaraq hər sotuna qırx min manat verilib. Həmin sahədə inşa edilən mülklərin hər birinin inşasına tamamlama işlərinə külli miqdarda vəsait qoyub. Həmin mülklərin sayca birincisində Əli Əsədovun çoxsaylı cangüdənləri, əslən Astara və Masallı rayon sakinlərindən ibarət təmir-tikinti işlərini aparan şəxslər və həyətlərinin bağbanları daim yaşayırlar. Görəsən, təqribən 20 nəfərdən ibarət bu dəstənin zəhmət haqqını, müsahibələrində israrla iddia etdiyi kimi, əmək haqqı ilə dolanan Əli Əsədov hansı vəsait hesabına ödəyir?”

R.Zeynalovun növbəti iddiası isə Ə.Əsədovun həmin qəsəbədə Cəfər Cabbarli küçəsi ilə paralel, üzbəüz yerləşən Nəcibə Məlikova küçəsi 25-27-29-31 saylı ünvanda yerləşən 3 darvaza qapısı olan mülkləri və altındakı torpaqları alqı-satqı vasitəsi ilə almasıdır. Vəkil yazıb ki, Ə.Əsədov bu mülkləri alıb və yaşı 80-i keçmiş, heç yerdə işləməyən anası Ədilə Əsədovanın adına rəsmiləşdirsə də, faktiki olaraq Əli Əsədova məxsusdur: “Onların hər birinin Əli Əsədova məxsus Cəfər Cabbarlı küçəsində yerləşən digər mülklərin küçəsinə də çıxış-giriş qapıları var. Bu torpaq sahələri 48 sotdur, hər sotu 400000 manata - cəmi 1.980000 (bir milyon doqquz yüz iyirmi min manata) Əli Əsədov tərəfindən 3 adamdan - 24-12-12 sot hesabı ilə alınmış və anasının adına rəsmiləşdirmişdir”.

“Hasar qonşusunun suyunu kəsib ki, ofisini ona satmağa məcbur olsun”

R.Zeynalovun siyahısı bununla da bitmir. Onun iddiasına görə, Ə.Əsədov Zağulba qəsəbəsi, Aruz Mirzəyev küçəsi ilə 8 mart küçələrinin kəsişdiyi yerdə əvvəllər MTN-in Xəzər rayon şöbəsinin əməkdaşı olan Ürfan adlı şəxsə məxsus 12 sot torpaq sahəsində yerləşən təxmini ölçüləri 15X12metr olan, 2 mərtəbəli mülkü 2009-cu ildə 750000 ( yeddi yüz əlli min ) manata alaraq bacısı Şərabanunun adına rəsmiləşdirib: “Bundan başqa, evin bir hissəsinin yerləşdiyi 8 mart küçəsi ilə Buzovna-Maştağa qəsəbələrini birləşdirən körpüyə aparan yolu qanunsuz olaraq bağlatdırıb. Evinin o biri yanından keçən, dənizə gedən əsas yolun evinin digər tərəfindən keçən hissəsinə maşınların surətini məhdudlaşdıran qurğular qoyub 2015-ilin may ayından başlayaraq həyətinin arxasında olan qəsəbə sakinlərinə məxsus 4 qaraj və həyətinin o hissəsində olan Ermənistan qaçqını tərəfindən zəbt edilmiş təxminən 10 sot torpaq sahəsi və həmin sahədə qanunsuz inşa edilmiş 1 mərtəbəli evini 300.000 min manata alaraq sökmüşdür. Daha sonra o evə bitişik Buzovnada yerləşən qocalar evinə məxsus su anbarı və nasos mərkəzini, digər şəxsin istifadəsində olan torpaq sahələrində yerləşən su quyularını da qulluq mövqeyindən sui-istifadə edərək məhv edib. Bundan başqa, qanunla hasarın hündürlüyünün 2,4 olması müəyyən edilsə də, 4 (dörd) metr hündürlüyü olan hasarlar inşa edərək zəbt edilmiş torpaq sahələrini həyətinə qatmış və iki küçə arasındakı gediş-gəliş yolunu da həyətinə qataraq, bir küçədən o biri küçəyə aparan yolu bağlayıb. Həyətindən keçən su xəttini də özbaşına kəsərək əhalini və hasar qonşusunu artıq 3 ildir ki, su təchizatından qəsdən məhrum etmiş və onun 4 sota yaxın torpaq sahəsi olan ofisini ona satmağa məcbur etməkdədir".

R.Zeynalovun daha bir iddiası isə Buzovna- Maştağa yolunun sağında yerləşən bir torpaq sahəsi ilə bağlıdır. Vəkilin yazdığına görə, Ə.Əsədov orada Dənizkənarı bulvarın direktoru vəzifəsinə təyin etdirdiyi yaxın qohumu Şahmarov Əfqanin adına 50 sot torpaq sahəsini hər sotu 40 min manatdan olmaqla 2.000000 milyon manata Milli Məclisin deputatı Ziyad Səmədzadənin qardaşından və digər şəxsdən alıb. 2011-2012-ci ildə Buzovnada gedən abadlıq işləri zamanı büdcədən mənimsədiyi vəsaitlər hesabına həmin torpaq sahəsində hər bir oliqarxların həsəd apara biləcəyi 5 mərtəbəli ümumi sahəsi təxminən 3 min kv.metr olan mülk inşa etdirib: “Özünə məxsus olsa da, həmin mülkü qohumu Əfqan Şahmarovun adına rəsmiləşdirib. Əli Əsədov sabiq nazir Eldar Mahmudov, ƏMDK-nın sədri K.Həsənov, onun müavini R. Cəlilov və digərləri ilə cinayət əlaqəsinə girərək MTN-in Bilgəh qəsəbəsində yerləşən istirahət mərkəzinin torpaq sahəsinin 8,5 hektardan ibarət hissəsinə sahibi olduğu ”Azİmport" MMC tərəfindən hasar çəkdirərək ayırıb. Həmin torpaq sahəsi ƏMDK-nın sədr müavini Rafiq Cəlilov tərəfindən Əli Əsədovun adına özəlləşdirilərək çıxarış verilib".

R.Zeynalovun növbəti iddiaları isə digər məmurlarla bağlıdır. Vəkil iddia edir ki, Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov 2015-ci ilin avqust ayında hazırda həbsdə olan Rabitə və Yüksək Texnologiya Nazirliyinin kabinet rəhbəri Vidadi Zeynalovun qardaşı, MTN Suraxanı rayon şöbəsinin rəisi Vahid Zeynalova (vəzifədən azad edilmişdir) Türkan qəsəbəsində keçmiş Dövlət Aqrar Sənaye Komitəsinə məxsus “ Məhsul” bağçılıq sahəsinin qarşısından 10 hektar torpaq sahəsini qanunsuz verib: “Sonuncu həmin torpaq sahəsini hasara aldırıb və yardımçı otaqlar inşa etdirib. Bundan başqa, Xəzərin icra başçısının qanunsuz sərəncamı ilə Mərdəkanda yerləşən, ləğv edilmiş Bağ Təsərrüfatı İdarəsinin balansında olan 1 hektar torpaq sahəsini başqa bir yüksək rütbəli dövlət məmurunun adına rəsmiləşdirmişdir. Sonuncu fakt isə Quba Rayon İcra Hakimiyyətinin başçısı Rauf Həbibovla bağlıdır. O, Qubanın Qəçrəş qəsəbəsinin torpaq sahəsinin 1 hektarını dost olduğu Gülağa İslamovun adına rəsmiləşdirərək, ona bağışlayıb. Əvəzində isə Gülağa İslamov da Rauf Həbibovun adına Şüvəlan qəsəbəsindən 1 hektar torpaq sahəsini qanunsuz sərəncamla rəsmiləşdirərək ona bağışlayıb”.

R.Zeynalov məmurların mülkləri ilə bağlı iddiasını yekunlaşdırandan sonra bu araşdırma çərçivəsində 28.11.2015 tarixində başına gələn olay barədə də məlumat verdi. Dedi ki, sözügedən tarixdə, təxminən 13:30 radələrində ona özünü Hacı Rövşən adlandıran şəxs zəng vurub: “Bu şəxs məni öldürməklə hədələdi, biədəb söyüşlərlə təhqir etdi. MTN-in sabiq şefi və icra hakimiyyəti başçısı İslamov barədə ”Yeni Müsavat" qəzetində çap etdirdiyim və prezident İlham Əliyevə məruzə edilməsi üçün Prezident Administrasiyanın rəhbəri Ramiz Mehdiyevin elektron ünvanına göndərdiyim məlumatları, onun Buzovna qəsəbəsində yerləşən “Dekor” mebel mağazasını kameraya çəkməyimi, niyə işçisinə tabe olmayaraq çəkilişi dayandırmadığımı, vəsiqəmi təqdim etmədiyimi və guya kameranı onun başına vuracağımla hədələdiyimi dedi. Bundan başqa, bu şəxs tələb etdi ki, mən harada olduğumu deyim. Gəlib məni öldürəcəyi ilə hədələdikdən sonra telefonunu qapadı. Hədənin real olduğunu başa düşərək DİN 102 xidmətinə bu barədə məlumat verdikdən sonra Zağulba qəsəbəsindəki evimə qayıtdıqda 2-ci polis bölməsindən zəng gəldi. Bildirdim ki, araşdırmanı onların aparmasının əleyhinəyəm. Bundan sonra 102 xidmətinə yenidən zəng vurdum. Evin 2-ci mərtəbəsinə daxil olanda aşağıdan ünvanıma nalayiq söyüşlər eşidərək balkona çıxdım. Yaşı təxminən 25-30 arasında olan şəxslərə bildirdim ki, məni söymələri ilə bağlı polisə zəng vuracam. Bu zaman onlardan qısa boylusu əlindəki tapançadan havaya atəş acaraq məndən bayıra çıxmağımı tələb etdi. Mən evə girdikdən sonra onların küçəmizdən uzaqlaşdıqlarını görüb yenidən müvafiq orqanlara müraciət etdim. Bir daha xahiş edirəm ki, bu hadisə ilə bağlı təxirəsalınmaz tədbirlər görəsiniz"./musavat/
1368 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber