Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Dekabr 2013

Pərviz Həşimli intihara cəhd göstərdi - (Fotolar)

“Mənə işgəncə verirlər” deyən jurnalistin əlindən qayçını son anda alıblar
Dekabrın 13-də Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən həbs olunmuş jurnalist, hüquq müdafiəçisi Pərviz Həşimlinin məhkəmə prosesi keçirilib. Qolubağlı halda maskalı şəxslər tərəfindən məhkəməyə gətirilən Pərviz Həşimli jurnalistləri görər-görməz qışqırıb: “Mənə işgəncə verirlər!”
Bundan sonra MTN işçiləri onu dərhal məhkəmə binasna salıblar. Proses zamanı vəkil hakimdən Pərviz Həşimlinin qeydlərinin gətirilməsini tələb edib. Pərviz həmin qeydlərdə ona verilən işgəncələri vaxtı və forması ilə qeyd edib. Amma o qeydlər məhkəməyə gətirilməyib. Vəkil qeydlərin gətirilməməsini əsas gətirirərək məhkəmədən icazə alaraq zaldan çıxıb. P.Həşimli də etiraz olaraq arxasını məhkəməyə çevirib. Hakim bunu məhkəməyə hörmətsizlik kimi qeyd edib və Pərvizi zaldan çıxarıblar. Məhkəmə vəkilsiz və müttəhimsiz davam edib. Qərar isə vəsatətin təmin edilməməsi olub.

Aldığımız xəbərə görə, Pərviz özünə qəsd etməyə çalışıb. Ona verilən fiziki və mənəvi işgəncələrə dözməyərək özünə qayçı ilə xəsarət yetirmək istəyib. Amma onun bu hərəkətinin qarşısı alınıb. Bu barədə vəkil Elçin Sadıqov məlumat verib.
Binadan çıxandan sonra P.Həşimli qışqıraraq “MTN-də Azərbaycan qanunları zorlanır” deyib.

E.Sadıqov musavat.com-a bildirib ki, məhkəmədən icazə alaraq, zalı tərk edib: “Məhkəmədən iştirakdan imtina etdim. Pərviz Həşimlinin müdafiə hüquqları pozulur. Hər hansı qeydlər və çıxışlar yazmaq hüququ tanınmır. Məhkəmələr də bu hüquqları təmin eləmir”.

Vəkil bildirib ki, qanun müdafiəçinin iştirakı olmadan işə baxılmasına icazə vermir: “Amma burda hər şey qanunla yox, Milli Təhlükəsizlik Nazirliyinin istəyi ilə olur”.
Vəkilin bildirdiyinə görə, məhkəmə P.Həşimlinin özünü də zaldan çıxarıb və işə onun iştirakı olmadan baxıb: “Bu, tamamilə qanunsuzdur. Ən azı məhkəmə işgəncə verilən şəxsin fikrini dinləməyə məcbur idi. Görünür, məhkəmə bütün hallarda qanunlara əməl etməyib və sifarişi yerinə yetirib. Hətta sonradan Pərviz Həşimli ilə mənim görüşümə də imkan vermədilər. Biz bununla bağlı apelyasiya şikayəti verəcəyik. Sonra da Avropa Məhkəməsinə müraciət edəcəyik. Pərviz qeydlərinin gətirilməsi ilə bağlı vəsatətinə etiraz əlaməti olaraq kürəyini çevirib. Məhkəmə də onun bu hərəkətini hörmətsizlik kimi qəbul edərək onu zaldan çıxarıb”.

E.Sadıqov deyib ki, P.Həşimlinin konkret hansı işgəncələrə məruz qalması onların şikayətlərində öz əksini tapıb: “Söhbət həm fiziki, həm mənəvi işgəncələrdən, həm də saxlanma şəraitindən gedir. Psixoloji cəhdlər zamanı onun intihara əl atması da olub. Pərviz özünə xəsarət yetirmək istəyib. Onun əlindən qayçını alıblar. Bununla bağlı da öz şikayətlərimizdə göstərmişik”.

MTN-in İctimaiyyətlə Əlaqələr Mərkəzinin rəhbəri Arif Babayev isə APA-ya açıqlamasında bu məlumatların əsassız olduğunu qeyd edib: “Bunlar əsassız, fakta söykənməyən, yalan məlumatlardır. İndiyədək Milli Təhlükəsizlik Nazirliyinin müvəqqəti saxlanma yeri və istintaq təcridxanasında hər hansı işgəncə, yaxud qeyri-insani rəftara yol verilməsi barədə heç bir fakt qeydə alınmayıb. Bu, ümumiyyətlə, qeyri-mümkündür. Bildiyiniz kimi, Ombudsman Aparatının əməkdaşları, işgəncələrə qarşı qeyri-hökumət təşkilatlarının nümayəndələri mütəmadi olaraq Milli Təhlükəsizlik Nazirliyinin müvəqqəti saxlanma yeri və istintaq təcridxanasında monitorinq keçirirlər. İndiyədək onlar tərəfindən saxlanılan şəxslərə qarşı hər hansı qeyri-qanuni hərəkətə, yaxud işgəncəyə yol verilməsi faktı qeydə alınmayıb. Bu cür məlumatların yayılması subyektivdir, müəyyən mənada istintaqa təzyiq vasitəsidir, həqiqətdən uzaqdır” .

P.Həşimlinin həyat yoldaşı İlahə Həşimli isə Pərvizin işinin tezliklə yekunlaşdırılması, həyat yoldaşına qarşı fiziki, mənəvi işgənclərin dayandırılması üçün yenidən müraciət ediləcəyini bildirib.

O, həmçinin Pərvizin həbsindən sonra ailəsinin maliyyə durumunun ağır olduğunu deyib. “Ailəmizdə yeganə maaş alan şəxsi Pərviz idi”.

P. Həşimli sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyatla saxlanıb. Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silahın və döyüş sursatının qaçaqmalçılığı) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini və döyüş sursatını əldə etmə, saxlama, daşıma) maddələri üzrə ittiham irəli sürülüb və barəsində Səbayel Rayon Məhkəməsi tərəfindən 2 aylıq həbs-qətimkan tədbiri seçilib. Noyabrın 7-də həbs-qətimkan tədbirinin müddəti 3 ay artırılıb.

P.Həşimli ittihamları qəbul etmir, hüquq müdafiəçiliyi və jurnalist fəaliyyətinə görə saxta ittihamla həbs olunduğunu bildirir./musavat/












4456 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı