Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Dekabr 2015

Öldürərik, tutarıq, cərimə edərik!

Indi bizim ölkədə küləklər də hədə və xof uğultusu ilə əsir. Nardaran kəndi hələ də qanlı basqın havasındadır – nə ölənlərin meyitləri verilir, nə də evlərə işıq, qaz…

Deyəsən, məlumatların hamısını ala bilmirik, amma gələn xəbərlərdən sezilir ki, ölkənin hər yerində tuthatutdur…

Buna qədər həbs edilənlərdən 100-ə qədər siyasi məhbus isə türmələrdə qalmaqdadır. Leyla Yunus orada can verir, onun artıq qida qəbul edə bilmədiyi deyilir. Rəşadət bu ölkəni sevdiyinə görə hələ oğluna qovuşa bilmir. Torpaq uğrunda döyüşən Tofiq Yaqublu taleyin acı zərbəsini dadmış ailəsinin yanına dönə bilmir. Ilqar Məmmədov və Anar Məmmədli eynəklərindən türmə tozu silməkdə, Xədicə Ismayıl və Seymur Həzi yazılarının cəzasını çəkməkdədir. Intiqam müəllim ikinci dəfə doğum gününü orada qarşıladı. Gənc Elvin Abdullayevdənsə son vaxtlar bir xəbər yoxdur…

Amma çöldəki xəbərlər də indi türmədən gələnlərə oxşayır. Bir yandan da qanunlar dəyişdirilir, yeni qadağalar müəyyən edilir…

Yeri gəlmişkən, polisin atəş açmaq səlahiyyətinin genişləndirilməsi də bu xəbərlər arasındadır. Adlarla bağlı qadağalar da rəsmən qüvvəyə mindi.

Və deyəsən, qadağalar, hətta məktəblilərdən də yan keçməyəcək. Uşaqlar bir həftə dərsə getməyəndə, valideynlər 100 manat cərimələnəcək.

Belə çıxır ki, artıq nə dindarlar, nə dindar olmayanlar, nə kişilər, nə qadınlar bu hakimiyyətin qaydaları ilə yaşamaq istəmir. Hətta uşaqlar da!

Vətəndaşların nədən narazı olması barədə çox yazılıb və bunu başa düşmək də asandır. Amma uşaqların niyə dərsə getmədiyini azacıq izah etməliyik. Bu məktəblərə kim həvəslə gedər? Məktəb elə hala salınıb ki, oxumaq üçün gərək dərsdən sonra əlavə hazırlığa gedəsən. Bu halda, məktəbə getməkdə nə maraq olacaq? Onsuz da yuxarı sinif şagirdlərinin valideynləri “cərimə” ödəyirlər uşaqların dərsə getməməsinə görə. Direktorlara rüşvət verirlər ki, uşaqlar məktəbə gedib vaxtını itirməsin və daha çox repititorun yanında olsun. Mikayıl müəllim Cabbarov da elə bilir, məktəb Içəri Şəhər qoruğudur, ya da hansısa islah-əmək müəssisəsidir, camaat da biçarə balaların orada olmasını təmin etməsə, valideynlərə yaxşıca dərs verə bilərlər. Eynən hökumətin digər sahələrdəki siyasətidir! Uşağa dərs verə bilmirsən, valideynə dərs ver – problem də aradan qalxsın.

Başa düşürük, daha analoqu olmayan inkişaf nağılları yoxdur, indi də onları terrorun qarşısını almaq uğurları barədə tamaşalar əvəz etməlidir! Yoxsa yaltaqlar nəyə əl çalardılar, yoxsa yalançılar nə danışardılar?!

Amma bu gedişatın sonrası da var. Necə deyərlər, bu qışın bir yazı da var. Azərbaycan xalqı yazdan etibarən səfalətin ona necə hücum çəkdiyini çox yaxşı hiss edəcək. Neft iynəsinə oturmuş iqtisadiyyatın böyür-başında dövr edən tikinti sektoru və digər iqtisadi fəaliyyət sahələri artıq çökmüşdür. Kafelər belə, bişirdiyi qazanın iyinə özləri doyur. Dostlar deyir ki, özündən razı “Mc Donalds” qəlyanaltılarının “Azad kassa!” çağırışları qonşu “Mado”larda eşidilir.

Kəndlər tam fəlakət astanasındadır! Bunlar, mülahizə deyil. Dövlət Statistika Komitəsi ÜDM-in 3,3 faiz artımı barədə yalanları yaya bilər, lakin, hətta şanlı Neft Fondunun gəlirləri azalıb – cəmi 3,3 milyard (gəlirlərin azalmasından söz düşmüşkən, hətta yaltaqların da gəliri azalır bizim ölkədə).

Bu, çox ağrılı böhrandır və heç bir pərdələmə, qorxutma, hiylə siyasəti onun gətirdiyi ağrıları ovundura bilməyəcək! Çünki xalq görür ki, ona hücum edən terror deyil, sadəcə, ehtiyaclardır!

Şahvələd Çobanoğlu /azadlıq
1550 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
Go to TOP