Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Dekabr 2013

Müxalifətdən YAP-çı deputatın ağır ittihamına cavab gəldi

Mehman Cavadoğlu: “Əsası olmayan, böhtan, şər xarakterli açıqlamalar vermək artıq Siyavuş Novruzovun şakərinə çevrilib”; Fuad Qəhrəmanoğlu: “Bu, hakimiyyətin intellektual cəhətdən zəif olduğunu göstərir”
YAP-ın icra katibinin müavini, deputat Siyavuş Novruzov Milli Şura haqqında növbəti kəskin fikirlər səsləndirib. Hakim partiya funksioneri müxalifətin 15 dekabr aksiyasına münasibət bildirərkən Milli Şuranı aşağılayıb və sərt ittihamlar irəli sürüb.
“Bizim müxalifət, ümumiyyətlə, nə oldu ondan istifadə etməyə çalışır. Aidiyyəti oldu, olmadı, burunlarını ora soxurlar. Məsələn, külək əsib bir ağac yıxdısa, dərhal aksiya keçirib etiraz etmək istəyirlər ki, hakimiyyət niyə divar çəkib bu küləyin qarşısını almır”-deyən S.Novruzov apa-ya açıqlamasında əlavə edib ki, xarici ölkələrdə adətən hansısa sahədə qiymət artımı olarkən o sahənin insanları normal şəkildə haqlı olaraq buna etiraz edirlər: “Bu müxalifət öz funksiyalarını yerinə yetirmək əvəzinə, haradasa bəhanə axtarıb tapırlar ki, aksiya keçirsinlər və insanları aldadaraq bura cəlb etsinlər. Çünki bunların real sosial bazası yoxdur. Ona görə də istənilən məsələdən insanları cəlb etmək üçün sui-istifadə edir, xarici qüvvələrə öz etirazlarını nümayiş etdirmək istəyirlər. Yalandan ad qoyurlar ki, guya ümumxalq narazılığıdır, amma bu, tamamilə boş söhbətdir”. YAP rəsmisi qeyd edib ki, insanların Milli Şura ətrafında toplanması üçün gərək bu qurumdakılar sağlam təfəkkürə malik insanlar olsun: “Bunlar isə çıxıb şeir deməklə mərsiyə oxumaqdan başqa heç nə edə bilmirlər. Orada potensialı olan heç kim yoxdur. Onlar ”Milli Şura" sözündə milli sözünü çox pis formada korladılar".

Müsavat Partiyası başqanının müavini Mehman Cavadoğlu “Yeni Müsavat”a açıqlamasında deyilənlərə ciddi əhəmiyyət verməyi məsləhət görmədi: “Əsası olmayan, böhtan, şər xarakterli açıqlamalar vermək artıq Siyavuş Novruzovun şakərinə çevrilib. Ona görə də buna ciddi yanaşmaq lazım deyil. Aksiya ölkənin daxili vəziyyətindən doğan bir tədbirdir. Bahalaşma qərarına qarşı cəmiyyətdə böyük bir təpki, narazılıq var. Bahalaşmadan sonra müxtəlif yerlərdə lokal aksiyaların keçirilməsinin də şahidiyik. Bütün bunlar cəmiyyətin əhval-ruhiyyəsinin göstəricisidir. Ona görə də məsələnin aktuallığını nəzərə alan Milli Şura mitinqin keçirilməsinə qərar verib”.

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı də YAP funksionerinin həmişəki kimi heç bir əsası olmayan fikirlər səsləndirdiyini vurğuladı: “Milli Şuranın təyin etdiyi aksiya məhz hakimiyyətin talançılığı, soyğunçuluğu nəticəsində yaranmış qiymət artımına cəmiyyətin etirazını ifadə etmək üçündür. Aksiyanın xariclə hər hansı əlaqəsi yoxdur. Görünür, Azərbaycan hakimiyyəti belə bir qayda müəyyənləşdirib ki, özləri boğaza qədər çirkabın içində olduqları, korrupsiya bataqlığına batdıqları üçün müxalifətə qarşı deməyə hər hansı tənqidi əsaslar tapa bilmirlər və daim müxalifətin fəaliyyətini hər hansı xarici dairələrlə bağlamağa çalışırlar. Hesab edirlər ki, bu yolla cəmiyyətdə müxalifətə etimadı azaldırlar. Ancaq təcrübə onu göstərir ki, cəmiyyət bu cür ittihamları, sərt fikirləri ciddi qəbul etmir. Eyni zamanda bu, hakimiyyətin intellektual cəhətdən zəif olduğunu, müxalifətin isə reputasiyasının təmiz olduğunu göstərir”./musavat/
1531 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı