Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Dekabr 2015

80 ailəyə üç hamam, iki tualet…

İki gündür yağan yağış köçkün ailələrini Mingəçevirdə məskunlaşdıqları Tibb Texnikumunun yataqxanasından pərən-pərən salıb. Yataqxananın damı köhnə olduğundan yağış suları binanın içərisinə dolur.

Ancaq köçkünlərin dərdi bununla bitmir. Onlar “Azadlıq” radiosunun “Qaynar xətt”inə “DRESS” qəsəbəsindəki yataqxanada keçirdikləri 22 illik güzəranlarından danışırlar.

Naxçıvan küçəsindəki yataqxanada məskunlaşan azı 80 ailə köçürüləcəyi günü gözləyir. Özü də bu gözləmənin ömrü, nə az, nə çox, düz 22 ildir. Deyirlər, acınacaqlı güzəranlarından yazmadıqları, pənah aparmadıqları qapı qalmayıb. Ancaq taleləri ilə maraqlanan yoxdur.


Pişik boyda siçovullar meydan sulayır

Köçkün Etibar Xasıyev deyir, yataqxana qəzalı vəziyyətdədir. Kommunal şəraiti bərbaddır. Gecə-gündüz dəhlizlərdə pişik boyda siçovullar qaçışır. Pilləkənlər sınıq-sınıq, yuxarı mərtəbələrin çirkab suları da aşağı mərtəbələrdədir. Binanın dam örtüyü də çoxdan çürüyüb:

“80 ailə üç hamamdan, iki tualetdən istifadə edir. Daha doğrusu, istifadə etmək məcburiyyətindədir. Yuxarı mərtəbənin tualetinin çirkab suları aşağı mərtəbədəki tualetə axır. Nəzərə alsaq ki, hər ailədə azı 3-4 nəfər yaşayır, o üzdən də çox vaxt tualetlər məşğul olur. Belə olanda adamlar hamamxanalardan da tualet məqsədilə istifadə etməli olurlar”.

Sakin deyir, yataqxanadakı otaqların sahəsi çox kiçikdir. Ailələrin çoxuna 1 otaq düşüb. Yataqxanada Qarabağ müharibəsi əlilləri və müharibədə həlak olanların ailələri də yaşayır.

Qardaş, bacı – hamı bir yerdə yatıb durur

“Elə ailələr var ki, gənc oğlanların subaylıq vaxtı ötüb, ancaq şəraitsizlikdən ailə qura bilmir. Bacı-qardaş, hamı bir birindən xəcalət çəkə-çəkə bir otaqda yatıb durur”.

Yataqxananın başqa sakini Səmayə Həmidova deyir, Mingəçevir şəhərinin girəcəyində köçkün ailələri üçün binalar tikilib istifadəyə verilib. Ancaq onlara məlum olmayan səbəblərdən həmin binalara yerləşdirilmirlər:

“Qaçqınkom”un Mingəçevirdəki nümayəndələrinə dəfələrlə müraciət etmişik, cavab verirlər ki sizin nə işinizə kim köçür, kim qalır? Hökumətin işinə qarışmaq olmaz. Nə vaxt boş mənzil qalar, sizə də növbə çatar. Mənzilləri isə pulla satırlar”.

Qaçqın və Köçkünlərlə Iş üzrə Dövlət Komitəsindən isə bildiriblər ki, yeni tikilən binalara ilk növbədə inzibati binalarda məskunlaşmış köçkünlər yerləşdirilir. Mingəçevirdə inşa olunmuş köçkün şəhərciyinə də bu kateqoriyadan olan köçkünlər köçürülüb, inzibati binalar boşaldılıb. Növbəti illərdə inşa olunacaq binalara yataqxanalarda yaşayan köçkünlərin də köçürülməsi gözlənilir. Qurum inşa olunan binalardakı mənzillərin satılması ilə bağlı deyilənləri təkzib edib.
594 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
01.12.16, 10:54