Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Dekabr 2015

Yanğın var

Bu ölkənin vətəndaşı uzun illərdi xoşbəxt günlərə ev sahibliyi edə bilmir. Bəli, “Avropa oyunları”na ev sahibliyi etdik, “Islam Həmrəyliyi Oyunları”na ev sahibliyi edəcəyik, amma özümüz bu ölkəyə sahiblik edə bilmədik. Biz Azərbaycan adlı evin faktiki sahibi olsaq da, kirayənişin kimi yaşadıq. Bu ölkəyə bəxş olunmuş bütün nemətlərə yalnız tamaşa edə bildik.

Hər yerdə eşitdik ki, Azərbaycan neft-qaz ölkəsidir. Amma nə qədər boylansaq da həyatımızda qara neftin ağ şüalarını görə bilmədik. Yəni biz neftin rənginə, hökumət isə bərəkətinə uyğunlaşdı. Əslində, bu təbii sərvət bizim xalq olaraq süniləşməyimizə, mütiləşməyimizə, laqeydləşməyimizə xidmət etdi. Deyirlər, su aydınlıqdır, amma suyun dərinliklərindən çıxan bu qara qızıl ölkəni qaranlığa bürüdü. Bəli, Allahın bizlərə bəxş etdiyi nemət taleyimizə, arzularımıza, gələcəyimizə aydınlıq gətirmədi. Ölkədəki qanunsuzluğu, korrupsiyanı, ədalətsizliyi aydınlatdı.

Və uzun illərdən sonra başkəsənlərin dəyənəyinə çevrilmiş neft ucuzlaşmağa başladı. Bəli, neft də ölkə insanı kimi qiymətdən düşdü. Əslində ölkədə insan dəyərinin ucuzlaşması neftin baha olmasından qaynaqlanırdı. Hökumət neft pullarının cazibəsinə düşdü və hakimiyyətin mənbəyi olan xalqı görə bilmədi, görmək istəmədi.

Amma neft vətəndaşımız kimi dözümlü çıxmadı. Vətəndaş 20 ildən artıqdır ucuzlaşdığını dərk etsə də, dərdini içində boğa bildi. Kaş boğmayaydı, kaş vətəndaş da lava kimi püskürəydi.

Amma neft özünü saxlaya bilmədi və alışdı. Həm də bu partlayış dərdini içində boğanların başında çatladı. “Günəşli” yatağında baş vermiş yanğın onlarla insanın həyatına son qoydu.

Indi hamı yenə də nefti, qazı lənətləyir. Hamı “nə ucuz olanda, nə bahalaşanda xeyirini görmədik” söyləyir. Amma unuduruq ki, bu ölkədəki yanğın “Günəşli” yatağından, Binəqədidəki penoplast üzlüklü binadan başlamayıb. Biz “başımı aşağı salım, işimi görüm” deməklə bu yanğına start vermişik. Bu gün qondarma ittihamlarla həbs olunmuş insanlar “yanğın var” dedikləri üçün cəza çəkirlər. Seçkilər saxtalaşdırılanda, məhkəmələr məzhəkəyə çevriləndə, azad mətbuat sıradan çıxarılanda, qanunlar ayaq altına atılanda, məmurlar xalqın sərvətini talan edəndə yanğın başlamışdı. Uzun illərdir bütün xalqın söndürməli olduğu yanğını bir qrup insan söndürməyə cəhd etdi. Amma vətən boyda ərazi yanırsa, hamının su tökməsinə ehtiyac var.

Bəli, hansısa təyinatlı deputatın yalançı paltforması, “Günəşli” yatağındakı platformanın yanmasından daha faciəlidir. Millətə vəkillik etməli olanlar hökumətə vəkillik etməklə seçicini hər gün yandırır, vətəndaşı hər gün şəxslərin marağına qurban verir.

“Günəşli” yatağındakı yanğından sonra nə baş verdi? Ilkin mərhələdə, ümumiyyətlə, telekanallar, rəsmi mətbuat susdu. Sonrakı mərhələdə isə ölənlərin yox, xilas edilənlərin sayı açıqlandı. Hökumət onlarla ailənin faciəsinə deyil, özünün qəhrəman obrazını yaratmağa kökləndi.

Bu həmişə belə olub. Hökumət qarşısında hesabat verəcəyi qüvvəni görmürsə, istənilən yalanı danışa, heç bir məsuliyyət hiss etməyə bilir. Belə olanda isə vətəndaşın qiyməti ölür.

Qiyməti ölən vətəndaşın yanması isə neftin qiymətindən faydalananlara qətiyyən maraqlı deyil.

O yataqdakı yanğını söndürəcəklər, həlak olanların cəsədi tapılacaq, bu faciə də unudulacaq. Amma bu ölkədə yanğın davam edəcək. Nə qədər ki, əlində “kibrit” gəzdirənlərə “dur” deyən olmayacaq, o qədər də yanğın olacaq.

Ayılın, ölkədə yanğın var!

İlham Hüseyn/azadlıq
916 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16, 10:33