Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Dekabr 2015

Salyanın “başçısı” niyə xoşbəxtdir?

“Nadan üçün susmaqdan yaxşısı yoxdur, 
lakin, o, bunu bilsəydi, nadan olmazdı…” (Sədi Şirazi)

Salyan Rayon Icra Hakimiyyətinin başçısı Tahir Kərimova başına gələn son qəziyyəyə görə heç bilmirəm, “xoşbəxt” deyim, yoxsa “bədbəxt”.

Məntiq, normal təfəkkür hökm edir ki, bu hadisə bədbəxtlik kimi çağırılsın, ancaq stop! Biz bu hadisəni, ənənəvi qaydada, necə deyərlər, şablon formada “bədbəxt hadisə” adlandırmaqla səhvə yol verə bilərik.

Söz bizi çəkib aparmamış, mövzudan xəbərsizlər üçün məlumat verək ki, keçən mayda Salyanda Gül Bayramı keçirilib. O bayramda da məktəbli uşaqların əlinə gül verib, iki cərgə düzüblər və icra başçısı onların havaya uzatdığı gülün altından gülümsəyərək keçib.

Dastanlarda deyildiyi kimi, söz o halı təsvir eləməkdə acizdir, baxmamısınızsa, həmin fotoya diqqətlə nəzər yetirin ki, bu məqaləni hansı ürək yanğısının ərsəyə gətirdiyi sizə əyan olsun!

Xırda qanqaraçılığı nəzərə almasaq, iki gün başçının həyat və yaradıcılığını, eləcə də psixoloq Tariyel Faziloğlunun onun barəsində rəyindən sonra qətiyyətlə yazıram: Tahir müəllim sosial şəbəkələrdə paylaşılan, amansız şərhlərə məruz qoyulan o fotosuna görə çox məmnundur, xoşbəxtdir. Izah edim ki, niyə?

Əvvəlcə oxuyaq, görək psixoloq nə deyir: “Bu şəkil icra başçısının hərəkətlərinə nəzarəti tamamilə itirməsinin göstəricisidir. Nəticə etibarilə o insan ciddi şəkildə psixoloji konsultasiya olunmalı, ona ciddi diaqnoz qoyulmalıdır. Bu formada davranışın kökündə duran məsələlərdən biri də özgüvən hissinin, eqonun yaranmasıdır. Və bunun ikinci bir adı narsizmdir. Elə xəstələrə qoyulan diaqnozun əlamətlərindən biri də özünə qarşı dəyərləndimənin artıq reallıqdan kənara çıxmasının, özünə olan vurğunluğun qeyri-real ölçülər müstəvisinə keçməsinin nəticəsidir”.

Psixoloqun uzun cümləsi belə tərcümə olunur ki, bu adamın –

Tahir Kərimovun onun barəsində danışılmasından çox xoşu gəlir. Nə danışılmasının fərqi yoxdu, təki ondan danışılsın. Təki, gündəmə damğanı o vursun!

Mən Salyan Rayon Icra Hakimiyyətinin “facebook” səhifəsini diqqətlə araşdırdım. Icra başçısının minlərlə fotosu müxtəlif geyimlərdə, dəyişik pozalarda səhifəyə yerləşdirilib. Amma buna baxmayaraq, xalqımız laqeydlik göstərərək, onlara 5 “like” də qoymayıb! Bu qədər qəddarlıq olarmı?

Indi isə təsadüfən onun bircə fotosunun ictimaiyyətin diqqətinə düşməsi illərdən bəri intizarında olduğu diqqəti tonlarla onun başından ələyib. Necə də xoş bir təsadüf. Indi siz deyin, bu adam niyə sevinməsin, niyə şadyanalıq eləməsin?!

Gəlin açıq danışaq, nə vaxtdan Azərbaycanda məmur olmaq üçün intellekt tələb edilirmiş ki, biz ondan xəbərsiz qalmışıq? Yeri gəlmişkən, Tahir Kərimovun bioqrafiyasında “daşdan keçən” iki fakt var: Naxçıvandan olması və vaxtilə“Caspian Fish”də işləməsi. Gənc nəsil üçün xatırladaq ki, “Caspian Fish” Kəmaləddin Heydərovun biznes imperiyasının təməl daşlarındandır.

Mən səbrimi basıb, Tahir müəllimin “Qurtuluş günü” barədə yarım saatlıq bir məruzəsinin videosuna da baxdım. “Qurtuluş günü” bu hakimiyyətin qurucusu, eləcə də Tahir müəllim kimi birini JEK-dən gətirib icra başçısı postuna aparan şəxsin Heydər Əliyev barədədir. Düşünün ki, bu mövzu ona nə qədər yaxın və aydındır. Tahir Kərimov özünün bugünkü səadəti üçün Heydər Əliyevə nə qədər borcludur. Buna baxmayaraq, onun rəsmi tədbirdə Heydər Əliyev haqda çıxışı sanki dərs bilməyən uşağın lövhə qarşısında müəllimin qəzəbindən qorunmaq üçün ağlına nə gəldi, danışması kimi idi. Yarım saatlıq məruzədə, bu adam bir cümləni də düzgün ifadə edə bilmədi! Bütün cümlələr yarımçıq, tamamlanmamış,əlaqəsiz idi. Buna görə də dişəvurulası bir cümlə ortada gözə dəymirdi. Cümlənin, hələ orta məktəbdə öyrədilən tərifi belədir: “Bitmiş fikrə cümlə deyilir”.

Amma buna görə də qəm eləməyə dəyməz! Əksinə, hakimiyyətə minnətdar olmaq lazımdır ki, bu cür insanlarla öz etimadını daha da sarsıdır, öz mahiyyətlərini daha da ifşa edirlər!

Buna görə mən buradan Tahir müəllimin sevincini bölüşürəm, ona həyat və yaradıcılığında daha zəngin fantaziyalar arzulayıram!

Natiq Güləhmədoğlu
2053 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16, 11:44