Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Dekabr 2015

«TERROR ƏSAS VERSİYA KİMİ ARAŞDIRILMALIDIR» - «Günəşli» hadisəsi

“İstənilən halda istintaqın əsas versiyalarından biri bu olmalıdır. Baş verənlər xüsusilə də regionda yaranmış vəziyət kontekstində dəyərləndirilməlidir. Hadisələrin baş vermə zamanlaması da maraq doğurur. Türkiyənin Rusiya ilə böhran yaşadığı bir dövrdə qardaş ölkənin baş naziri Bakıya gəlir, ayın 3-də İlham Əliyevlə birlikdə mətbuat konfransı keçirir. Azərbaycanın dövlət başçısı açıq şəkildə bəyan edir ki, Azərbaycan bütün məsələlərdə Türkiyənin yanındadır. Səhərsi gün, Türkiyənin baş naziri Azərbaycanda ikən, Xəzərdəki neft platformasında məlum olay baş verir”.

Azad Demokratlar Partiyasının sədri, milli təhlükəsizlik nazirinin keçmiş birinci müavini Sülhəddin Əkbər, bunları dekabrın 4-də “Günəşli” yatağının 10-cu platformasında baş verən partlayışın terror olma ehtimalını dəyərləndirərkən söyləyib. Ekspert moderator.az saytına açıqlamasında deyib ki, terror ehtimalı əsas versiyalardan biri kimi dərindən araşdırılmalıdır.

“Nardaranda baş verən hadisələr də maraq doğurur. 25 fevraldan başlayaraq hadisələrin xronologiyasına fikir versəniz, görərsiniz ki, Azərbacanda ciddi dəyişikliklər baş verməkdədir. Mən hələ sentyabr ayının ortalarında ölkə mətbuatında bildirmişdim ki, Azərbaycan böyük dəyişikliklər astanasındadır. 21 fevral tarixində manatın kəskin devalvasiyası və maliyyə gərginliyi baş verdi. Bunun ardınca Binəqədi rayonunda binanın yandırılmasının şahidi olduq. Avropa Oyunları zamanı avtobusla idmançıların vurulması, MTN və Rabitə Nazirliyində baş verən hadisələr, Nardaran olayları və “Günəşli” yatağındakı platformada baş verən hadisələr…
Hesab edirəm ki, Azərbaycanın həm siyasi rəhbərliyi, həm xüsusi xidmət orqanları, həm də istintaq orqanları bu siyasi şəraiti, hərbi-siyasi vəziyyəti və əməliyyat şəraitini nəzərə almalıdırlar. Azərbaycanda baş verən hadisələrdə hər zaman istintaqın versiyalarından biri bu olmalıdır.
Bəzi şəxslər əminliklə, istintaq aparılmadan terror versiyasını istisna edirlər. Bu, bir qədər qeyri-ciddi səslənir. Yeri gəlmişkən qeyd edim ki, bu gün terror törətmək üçün müasir üsullar mövcuddur. Neft platformasında terror zəminində hansısa hadisə törətmək üçün ora bomba gətirib qoymağa ehtiyac yoxdur. Qıraqdan kiminsə gəlməsinə də lüzum yoxdur. Bu terroru orada çalışanların əli ilə də törədə, texnogen qəza yarada bilərlər. Əsas versiyalardan biri bu olmalıdır”.
1221 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber