Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Dekabr 2015

“Azərbaycan dövləti mafiyanın əlindədir”

«Ölkəni indi idarə edənlər cinayətkarlardan da təhlükəlidir»

Qurban Məmmədov: «Fuad Qəhrəmanlı öz mövqeyi ilə hakimiyyəti daha bir qanunsuzluğa vadar etdi»

“Günəşli” yatağında baş verən faciə hələ də mətbuatın gündəmindədir. Hadisə ilə bağlı cinayət işi açılsa da, hələ də istintaqın istiqaməti barədə ictimaiyyətə məlumat verilmir. Faciənin baş verməsində əsas günahkarların kimlər olduğu bəyan edilmir. Əksinə, hökumət strukturları hələ də söndürülməyən yanğınla bağlı öz piarlarını qurmağa çalışırlar. Gündəmdə olan bu və başqa mühüm sualları Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, hüquqşünas Qurban Məmmədova ünvanladıq.

– Faciə nəticəsində ölənlərə Allahdan rəhmət, ailələrinə səbr diləyirəm. Bu, millətimizin son zamanlar üzləşdiyi ən böyük faciədir. Baş verənlərin səbəbləri ilə bağlı aparılan araşdırmanın nəticələri hələ bir müddət olmaya bilər. Çox böyük cinayət hadisəsi baş verib. Burada təqsirkar şəxslərin olub-olmadığını, onun dairəsini müəyyənləşdirmək üçün zaman gərəkdir. Elə təbii fəlakətlər olur ki, insan onun qarşısında aciz qalır. Bu zaman mütləq deyil ki, kimsə tutulub, həbs edilsin. Baş verən faciədə hamıya aydındır ki, burada bir səhlənkarlıq, hərəkətsizlik, mənimsəmə var. Məhz bu mənimsəmənin nəticəsində neftçilərin təhlükəsizliyi lazımınca təmin olunmayıb. Ona görə mən yazmışdım ki, bu hadisədə təqsirkar ARDNŞ-in rəhbərliyidir. ARDNŞ-də işləyən orta səviyyəli məmurun təkcə bir villasının qiymətinə bütün o yataqları təhlükəsizlik qayıqları ilə təmin etmək mümkündü ki, bir nəfər də itki olmasın. Hava proqnozuna rəğmən, işçilərin təhlükəsizliyinin niyə nəzərə alınmadığı araşdırılmalıdır.

“Düşmən belə vaxtlarda təxribat törədə bilər”

– Baş verən olayda təxribat versiyası nə dərəcədə ağlabatandır? Çünki hazırda Azərbaycanın yerləşdiyi regionda ciddi enerji mübarizəsi getməkdədir?

– Istintaqın aparılmasında məqsəd bütün versiyaların yoxlanılmasıdır. Bütün fərziyələr araşdırılmalıdır. Şəxsən baş verən faciənin təxribat nəticəsi olduğunu hesab etmirəm. Amma ola bilmə ehtimalını da istisna etmək olmaz. Çünki düşmən eləbelə vaxtlarda təxribat törədə bilər. Amma göz önündə olan faktlar var. Güclü külək və səkkiz-on metrə qalxan dalğalar var. Azərbaycana təxribat lazım deyil; nə qədər ki, Azərbaycanda bu məmurlar və bu hakimiyyət var, bunlar elə özləri hər cür təxribatı törədəcək. Milyonlarla qiyməti olan əlli villa tikən, xaricdə fabriklər alan, millətin vəsaitini dağıdan SOCAR rəhbərliyi varsa, bizə nə təxribat lazımdır ki? Yataqların təhlküəsizliyini təmin etmək, keyfiyyətli boru çəkmək əvəzinəöz mülklərini çoxaldırlar. Ona görə hesab edirəm ki, belə şəxslər varkən, bizə təxribat lazım deyil.

“Dövlət öz vətəndaşına qarşı belə davranarmı?”

– Nardaranda baş verənlər də hələ gündəmdədir. Bütöv bir kənd sınağa çəkildi. Insanların qazı, işığı kəsildi, çörək verilmədi. Bu addımları necə dəyərləndirmək olar? Dövlət vətəndaşına qarşı belə davranmalıdırmı?

– Mən Nardaranda baş verəni “Nardaran qətliamı” adlandırıram. Bu addımlara heç bir ehtiyac yox idi. Tale Bağırzadəni həbs etmək lazım idisə, ona desəydilər ki, gəl özünü təhvil ver, o bunu edəcəkdi. Istintaq hələ ortaya qoysun görək ki, Tale Bağırzadə başda olmaqla kimisə istintaqa çağırıbmı, o da imtina etsin. Başqa vaxtı müxalifətçiləri gizlin çəkən hakimiyyət niyə öz əlindəki sənədi nümayiş etdirmir. Belə bir fakt yoxdur. Ona görə hakimiyyətin Nardaranda terrorçu, silahlı dəstələrin oduğu barədə xəbəri tamamilə yalandır. Bunu da kimin hansı niyyətlə etdiyi mənə bəlli deyil. Bir dövlət öz vətəndaşına qarşı belə davranarmı? Bu bir təxribatdır. Ölkəni bir-birinə vurmaq, hansısa qüvvələri narazı salıb dövləti qarışdırmaq məqsədi güdür. Yaxud da bu, xalqa güc nümayişidir. O da ola bilər ki, bu, Ilham Əliyevəgüc nümayişidir ki, biz sizi qoruyacağıq, biz olmasaq, sizi yıxarlar, Eldar Mahmudov vaxtilə bacarmayıb, indi biz bacarırıq. Qardaşım, dövlət başçısının yanında hörmət qazanmaq üçün başqasının balasını öldürməyə ehtiyac yox idi. Nardaranlılar barədə deyilənlərə inanmıram. Çünki şəxsən mənim özümə və başqalarına qarşı şantajdan, böhtandan, yalandan istifadə olunması göz önündədir. Nardaranda mövcud sosial, mənəvi problemlərin həlli lazım idi. Burada işsizlik, uşaqların təhsildən yayınması var. Adamların əvvəl balıq tutmaq imkanı var idi. Onu da əllərindən aldılar, torpaqlarını mənimsədilər. Insanlar dolanmaq üçün nə etməlidir. Dövlət Nardaranın problemlərinin çözülməsi, gənclərin təhsilə cəlb edilməsi, infrastrukturun inkişaf etdirilməsi üçün nə etdi. Bütün problemlər maarifləndirmə yolu ilə aradan qaldırılmalı idi.

“Məqsəd Milli Şuranı Naradaranda həbs olunanların müdafiəsindən çəkindirməkdir”

– Hakimiyyət apardığı təbliğatla Naradarını terror mərkəzi kimi qələmə verməyə çalışır. Eyni zamanda Milli Şura, AXCP də bu qeyri-qanuni fəaliyyəti dəstəkləməkdə ittiham olunur. AXCP sədrinin müavini Fuad Qəhrəmanlının həbsi də məhz Naradarna olayları ilə əlaqələndirilməyə çalışılır. Hakimiyyət bununla nə etmək istəyir?

– Fuad Qəhrəmanlının həbsində bunlar guya, qanuna əsaslanıblar? Ya da Intiqam Əliyevi, Leyla Yunusu həbs edəndə qanuna istinad ediblər? Qətiyyən. Hakimiyyət kimisə tutmaq istəyəndə bunu edir. Fuad Qəhrəmanlı da gənc olmasına baxmayaraq, siyasət aləmində söz sahibi olmuşdu. Onun arxasınca gedən minlərlə gənc əmələ gəlmişdi. Onun nüfuzundan çox qorxurdular. Bunların məqsədi Əli Kərimlini zərərsizləşdirməkdir. O baxımdan Əli Kərimlinin sağ qolu Fuad Qəhrəmanlı idi. Bunlar Fuad Qəhrəmanlını onsuz da həbs edəcəkdilər. Başa düşmədim. Fuad Qəhrəmanlı Naradarana silah aparıb? Mən Naradaranda olmuşam. Orada namaz qılıb uşaqlarla söhbət etmişəm. Demişəm ki, ölkəni qarışdırmaq, sizdən istifadə etmək istəyən qüvvələr var. Fuad Qəhrəmanlı bəs nə edib? O yalnız hakimiyyətin qanunsuz əməlləri barədə sərt və səlist ifadələr işlədib. Düz edib. Bu onun hüququdur. Fuad Qəhrəmanlının həbsi tamamilə qanunsuzdur və o, siyasi məhbusdur. Mən Fuad Qəhrəmanlının həbsinə sevinirəm. Çünki o, özünün qanuni mövqeyi ilə bu hakimiyyəti bir daha qanunsuzluğa vadar etdi. Bu baxımdan Allah onun qapısını açsın. Amma Fuad Qəhrəmanlının və Milli Şuranın Nardaran hadisələri ilə əlaqələndirilməsinin bir məqsədi var; o da Milli Şuranı və AXCP-ni Naradaran hadisələrində həbs olunmuşların müdafiəsindən çəkindirməkdir. Amma hamı bilsin ki, kimliyindən asılı olmayaraq, hətta o bu gün hakimiyyətdə olan rüşvətxor məmur olsa belə, Milli Şura biz haqqı və hüququ tapdananın yanında olacağıq. Insanlarla qanundan kənar metodlarla mübarizə aparılsın, biz də seyrçi olaraq qalaq? Belə ola bilməz. Biz Azərbaycanda aparıcı müxalifətin təşkilatı olaraq bu adamların müdafiəsində sona qədər dayanacağıq.

“Millət acından ölür, manat birdən birə çökə bilər”

– Belə düşünülür ki, hakimiyyətin bu repressiyası gələcək sosial gərginliyin qarşısını almaq məqsədi daşıyır? Yəni cəmiyyətdə xof yaradılmasına çalışılır.

– Tam səmimi deyirəm ki, istər Milli Şuranın rəhbərliyi, istər Əli Kərimli, istərsə də hazırda həbsdə olan Fuad Qəhrəmanlı hakimiyyətdə təmsil olunan, xalqın sərvətlərini talayan məmurlardan daha çox narahatdırlar. Narahatdırlar ki, gələcəkdəyarana biləcək sosial gərginlik nəzarətdən çıxa bilər. Bunun məsuliyyətini anlayırlar. Bu baxımdan biz bunun qarşısını almaq üçün daim hakimiyyətə təklif edirik ki, islahatlara gedin, inhisarı götürün. Çünki millət acından ölür, manat birdən-birə çökə bilər. O zaman ac kütlə baxmayacaq ki, bu Qurban Məmmədovun evidir, yoxsa hansısa nazirin evidir. “Ac qılınca çapar” deyib atalar. Qətiyyən belə şeyə yol vermək olmaz. Nardaranda o tədbiri keçirən, belə addımın atılmasının vacib olmasına dövlət başçısını inandıranlar Azərbaycanın dağılmasında daha çox maraqlıdırlar, nəinki müxalifət. Çünki müəyyən qüvvələr başa düşür ki, Eldar Mahmudovun həbsi ilə başlayan bu addımlar bütün nazirlikləri əhatə edəcək. Bunların da əllərində milyardlar var. Ona görə də suyu bulandırırlar.

“Dövlət orqanlarında cinayətkarlar oturub”

– Məlum olub ki, 2004-cü ildən 2013-cı ilə qədər ölkədən 95 milyard pul çıxarılıb. Azərbaycanın hazırda maliyyə sıxıntısı çəkdiyi bir zamanda belə halın yaranmasına kim məsuliyyət daşıyır?

– Mən bu rəqəmlərin heç birinə inanmıram. Bir gün gələcək Azərbaycanda normal hakimiyyət qurulacaq və o zaman tək neftdən oğurlanmış sərvətimizi hesablayacağıq. Bax, bu rəqəmlər məlum olanda dəhşətə gələcəyik. Faciə orasındadır ki, Azərbaycan son 20-30 ildə qanunlarla idarə olunmur. Yazılı qanunlar bu ölkədə işləmir. Azərbaycanda bütün idarələrdə korrupsiya və rüşvətxorluq adi haldır. Vəziyyət o qədər dəhşətlidir ki, bəzi müxalifət qüvvələri belə faciənin mqyasını dərk edə bilmir. Anlaya bilmir ki, həqiqətdə nə var. Mən bir çox cəzaçəkmə müəssisəsində olmuşam. Oranı idarə edənlər cinayətkar aləmin adamlarıdır. Onların öz qayda-qanunu var. Azərbaycanı idarə edənlər içəridə olan cinayətkarlardan da təhlükəlidir. Onlar heç bir mənəvi dəyərə söykənməyən adamlar, qruplardır. Bütün idarələrdə korrupsiya var və bunu çəkinmədən, açıq edirlər. Çünki ölkədə cəzasızlıq mühiti var. Ölkəni qorumalı olan orqanlar, vəzifəli şəxslər bunun əksini edir. Dövlətdə 5-10 faiz cinayətkar olar. Onun qalan hissəsi namuslu, əxlaqlı olmalıdır ki, qanun pozanlar üzərində nəzarət edə bilsin, cinayətkarlığın qarşısını alsın. Bizdə tam tərsinədir. Bizdə MTN-də, DIN-də, Gömrükdə cinayətkar sindikatlar fəaliyyət göstərir. Yəni Azərbaycan dövləti, Kolumbiyada olduğu kimi, mafiyanın əlindədir. Proseslər sürətlə fəlakətə doğru gedir.

“Azərbaycanda rüşvət verməsən, bəraət ala bilməzsən”

– Məlum olub ki, Azərbaycanda il ərzində cəmi 20 bəraət hökmü çıxarılıb. Bu isə 37-ci ilin göstəricisinə bərabərdir. Eyni zamanda BMT-nin Işgəncələrə Qarşı Idarəsi bəyan edib ki, Azərbaycanda işgəncə faktları geniş yayılıb…

– Azərbaycanda bəraət hökmü qanunda nəzərdə tutulan qaydada çıxarılmır. Azərbaycanda rüşvət verməsən, yuxarıdan tapşırıq olmasa, bir adam da bəraət ala bilməz. Belə praktika yoxdur. Işgəncələrə gəlincə, Azərbaycanda elə cəzasızlıq mühiti yaradılıb ki, işgəncə adi hal alıb. Avropa Şurasında siyasi məhbuslarla bağlı sənəd qəbul olunmadığından hakimiyyət qol-qanad açdı.

“Yazıq Azərbaycanım, sən nə gündəsən?”

– MTN rəhbərliyi hələ də azadlıqdadır. Amma həbs olunan generalların olduqca çirkin əməlləri meydana çıxır. Bəs bu əməllərə görə niyə rəhbərlik məsuliyyətə cəlb olunmur?

– Mənə elə gəlir ki, Eldar Mahmudov ciddi informasiyalara sahibdir. Bunlar qorxurlar ki, onu tutsalar, həbs siqnal olacaq və materiallar açıqlana bilər. Bunun qorxusundan onu tutmurlar ki, bəlkə intihar edə və hər şey bitə. Yoxsa Eldar Mahmudovun həbsi üçün bunların dediklərinin mində biri kifayətdir. Yox, görsələr ki, Eldar Mahmudov intihar etmir, onu həbs edəcəklər. Əks təqdirdə hamını buraxmalıdırlar. Çünki özləri bəyan edirlər ki, bu cinayətkar dəstənin başında məhz Eldar Mahmudov dayanıb. Akif Çovdarov kimdir ki, bu əməlləri törətsin. Bir idarədə cinayətkarlıq bu miqyasda baş alıb gedirsə, bunun iki səbəbi var: ya həmin idarənin rəhbəri o cinayətin iştirakçısı və təşkilatçısıdır, ya da həmin idarənin rəhbəri yerində deyil, qabiliyyətsiz və səlahiyyətsizdir. Birinci halda o həbs olunmalı, ikinci halda isə istefaya göndərilməlidir. Hazırda Eldar Mahmudovu istefaya göndəriblər. Amma sonra aydın olur ki, bu idarədə gündəlik cinayətlə məşğul olan yüzlərlə adam var. Sonra da məlum olur ki, bunlar başqa nazirliklərə əl atıb, adam yerləşdiriblər. Görün biz nə günə qalmışıq ki, bir nazirlik başqasından xərac alır. Aydın olur ki, Əmlak Komitəsinin rəhbəri, RabitəNazirliyi MTN-ə pul verirmiş. Bu o deməkdir ki, Azərbaycanda dövlət yoxdur. Bir nazir o birindən rüşvət alır. Yazıq Azərbaycanım, sən nə gündəsən?

Xəyal Şahinoğlu/azadlıq

1984 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:42