Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Dekabr 2015

Ölkə fəlakətin astanasında: pul qurtarır...

Ölkə fəlakətin astanasında: pul qurtarır, neft rekord həddə ucuzlaşdı; Müxalifət lideri təcili islahata çağırdı

Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 6 milyard dollardan da aşağı düşüb. Bu barədə bankın açıqladığı məlumatda deyilir. Mərkəzi Bank bildirir ki, ötən həftənin 4 günündə, dekabrın 8-dən 11-dək valyuta bazarında ümumilikdə 255 mln. dolları məbləğində satış həyata keçirib. Nəticədə həmin günlərdə orta hesabla valyuta satışı 63,75 mln. dollar olub.

AMB valyuta bazarında satış əməliyyatlarını Neft Fondunun valyuta satışını dayandırmasından sonra dekabrın 8-də bərpa edib və həmin gün 58,8 mln. dollar həcmində satış həyata keçirib.

Həmin gün dolların rəsmi məzənnəsi 1,05 AZN/USD səviyyəsində qərarlaşıb. Həftənin növbəti günlərində isə satışın həcmi müvafiq olaraq 55 mln., 66 mln. və 75 mln. dollar olub. Rəsmi məzənnə isə dekabrın 9-11-də müvafiq olaraq 1,0496 AZN/USD, 1,0492 AZN/USD və 1,0495 AZN/USD təşkil edib. Bununla da AMB-nin dekabrın 1-nə açıqladığı rəsmi valyuta ehtiyatları 6 mlrd. dollardan aşağı düşüb.

Bununla eyni vaxtda Azərbaycanın əsas qazanc mənbəyi olan neftin qiyməti də son 7 ilin rekord minimumuna enib. Dekabrın 14-də neftin 1 barrelinin qiyməti 36 dollara qədər düşüb.

“Bloomberg” yazır ki (azadliq.org), görünür, İranın neft ixracını artıracağını bildirməsi OPEC üzvlərinin durumu daha da kəskinləşdirəcəyinə dair söz-söhbətə yol açıb, buna görə də neftin qiyməti 2009-cu ilin fevralından bəri ən aşağı həddə düşüb.

İranın neft nazirinin müavini Əmir Hüseyn Zamaniniya deyib ki, ölkənin neft nəqlini azaltmaq planı yoxdur. Neft ixracatçısı olan ölkələrin – OPEC üzvlərinin də bazarı qorumaqdan ötrü istehsala hədd qoymaq planlarından əl çəkməsi qiyməti qlobal maliyyə böhranı həddinədək aşağı salıb.

Bu aşırı istehsal ən azı gələn ilin sonunadək – tələb artımı yavaşıyana və istehsalı maksimumlaşdırmaq üçün OPEC “yenidən qətiyyət” göstərənədək sürəcək. Beynəlxalq Enerji Agentliyinin mövqeyi belədir.

“Qiymət savaşı, görünür, gələn ilin sonunadək çəkəcək” – Seulda “Samsung Futures İnc.”in təhlilçisi Honq Sunq Ki belə deyir və əlavə edir: “İran istehsalı artırdıqca Səudiyyə Ərəbistanı kəsə bilməyəcək”.

Yanvarın ilk həftəsində beynəlxalq sanksiyaların qaldırılacağını gözləyən İran artıq özünə müştəri də tapıb.

Zamaniniya Tehranda verdiyi müsahibədə deyib ki, hökumət investorlara neft və qaz kontraktları təklif etməyə hazırlaşır.

“Bloomberg”in topladığı statistikaya görə, İran ötən ay günə 2,8 milyon barel neft çıxarıb: “Qiymətlərin aşağı olduğu bazarı düşünürük, ona görə də ən mümkün həddə düşə bilər, biz ən pis ssenariyə hazırıq”.


Yaranmış vəziyyətə AXCP sədri Əli Kərimli operativ qiymət verib. O, feysbuk səhifəsində durumu “dəhşətli” adlandırıb və hökuməti təcili islahatlara çağırıb.

“Dəhşətdir. Yalnız ötən həftənin 4 günü ərzində ölkənin valyuta ehtiyatları daha 255 milyon dollar azaldı. Neftin qiymətinin bu gün 36 dollara düşməsilə dövlət rezervləri bu həftə bir az da sürətlə əriyəcək. 1 il bundan qabaq perspektiv belə idi ki, hökumətin siyasəti dəyişməyəcəyi təqdirdə, ya valyuta rezervləri xərclənib qurtaracaq, ya da manat ciddi şəkildə qiymətdən düşəcəkdi. Ötən bir ildə iqtisadi böhranın miqyasını dərk etmədilər. Böhrandan çıxmaq üçün ciddi tədbirlər görmədilər. Yalnız müxtəlif cərimələri artırmaq kimi qeyri-ciddi tədbirlərlə bu böhrandan çıxış yoxdur. Təcili və effektli tədbirlər görülməsə (həmin tədbirlərin nələr olması haqqında dəfələrlə yazılıb, yenə də yazacağam), həm dövlət rezervləri xərclənib qurtaracaq, həm də manat sərbəst üzməyi öyrənmədən batacaq…

Ölkəni daha dərin böhrandan xilas etmək üçün lap az vaxt qaldı. Dərhal köklü islahatlar başlanmalıdır!”./azadlıq/
1380 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber