Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Dekabr 2015

“Ədalətsizliyə sus” qanunu

Yaxud məhkəmələrin özünü cərimələmək lazımdır

Bildiyiniz kimi, hökumətimiz qarşıdan gələn böhranı cərimələrlə zərərsizləşdirmək istəyir. Uzaqgörən hökumət sadə vətəndaşın cibinə daha yaxın olmağa başlayıb. Belə “şedevr” cərimələrdən biri də məhkəmələrlə bağlıdır. Belə ki, Azərbaycanda məhkəməyə hörmətsizlik göstərənlər 150 manatadək məbləğdə cərimə olunacaq. Bununla bağlı məsələ yeni hazırlanan Inzibati Xətalar Məcəlləsində əksini tapıb. Layihəyə əsasən, məhkəmə iclası zamanı şahidin, zərərçəkən şəxsin, iddiaçının, cavabdehin və ya iş üzrə iştirak edən başqa fiziki şəxslərin sədrlik edənin sərəncamına tabe olmamasına görə 50 manatdan 150 manatadək cərimə edilməsi nəzərdə tutulur.

Azərbaycanda məhkəmələrin hansı vəziyyətdə olması heç kim üçün sirr deyil. Sadə vətəndaş da bilir ki, məhkəmələr asılı vəziyyətdədir, sifarişlə hökm oxunur, insanların haqqı tapdanır və s. Belə bir vəziyyətdə cərimələrin artırılması isə vətəndaşdan “haqqını istəmə” tələbidir. Yəni məhkəmə zalında prokuror ağzına gələni danışsın, hakim yalan şahidlərin sözlərinə istinad edərək sənə ağır cəza versin, vəsadətin təmin olunmasın və s.

Hökumət cəmiyyətdə tamam etimadını itirən məhkəmələrə inam yaratmaq, müstəqil məhkəmə sistemi qurmaq əvəzinə, insanları susmağa səsləyir. Bütün dünya Azərbaycandakı siyasi məhbuslardan, qeyri-obyektiv istintaq proseslərindən danışır. Hər il Avropa Məhkəməsi onlarla insanın şikayətini təmin edir və ölkə məhkəmələrinin qanunsuz fəaliyyəti üzə çıxır. Hökumət də bu təzminatları ödəyir və Avropa Məhkəməsinin qərarını qəbul edir.

Yəni cərimələnməli olan sifariş yerinə yetirən hakim, sifariş verən məmurdu. Məsələn, bugünlərdə AXCP sədrinin müavini Fuad Qəhrəmanlı növbəti dəfə şərlənərək həbs olundu. Amma bu həbsi ikiqat şərləmə də adlandırmaq olar. Çünki, məhkəmə öz səlahiyyətlərindən sui-istifadə edərək, qanuna tüpürərək, Fuad Qəhrəmanlının maddəsini dəyişdirib. Məqsəd isə şərin dozasını yüksəltmək olub. Yaxud bugünə qədər baş tutmuş siyasi xarakterli məhkəmə prosesləri, sözün həqiqi mənasında məzhəkə olub. Heç bir sübut, fakt, dəlil məhkəmənin qərarına təsir etməyib. 100-ə yaxın siyasi məhbus, günahsızlığı sübuta olunduğu halda, günahkar kimi həbsə atılıb. Zaman-zaman narkotika, xuliqanlıq ittihamı ilə həbs edilən şəxslər, siyasi əfv ərizələri ilə azadlığa buraxılıblar. Bu isə insanların şərlənərək həbs olunduğunun etirafı olub.

Demək istəyirik ki, ədalətsiz məhkəməyə etiraz etmək vətəndaşın haqqıdır. Günahsız həbs olunan insan necə susmalıdır, niyə susmalıdır? Əyninə qara mantiya geyinib, qara qüvvələrə xidmət edənlərin qərarı necə alqışlana bilər? “ədalət məhkəməsi” yazılmış binada ədalətsizlik baş verirsə, buna susmaq olmaz. Əgər hakim “mənlik bir şey yoxdur, yuxarının sifarişidir” deyirsə, azadlıqdan məhrum edilmiş şəxs niyə susmalıdır?

Bir sözlə, bu cərimələrdə məqsəd ölkədə qayda yaratmaq yox, vətəndaşı soymaqdan ibarətdir. Vətəndaşı sifarişlə həbs etməkləri azmış kimi, şərlənmiş insandan susmağı da tələb edirlər. Yəni susmasan, həbsinlə bərabər, səni cərimələyə də bilərik. Bəli, cəriməlik adamların cərimələdiyi ölkədə yaşayırıq./Samir/
1554 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi