Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Dekabr 2015

Bir nazirliyin 700 işçisi çirkaba bulaşıbsa…

Ölkədəki ümumi durumu təsəvvür etmək çətin deyil

Uzun illərdi yazırıq ki, dövlətin bütün strukturları korrupsiyaya bulaşıb, qanunsuzluq, süründürməçilik normaya çevrilib. Amma həmişə bizim tənqidlərimiz süngüylə qarşılanıb, qərəzdə ittiham olunmuşuq. Son dövrlər müxtəlif strukturlardan verilən rəsmi açıqlamalar da indiyə qədər deyilənləri təsdiqləyir. Məsələn, bir müddət əvvəl general Mədət Quliyev bildirdi ki, MTN-in 250 nəfər yararsız əməkdaşı işdən çıxarılıb. Həbs olunanları da bunun üstünə gəlsək, qurumun hansı vəziyyətdə olduğunu təsəvvür etmək çətin deyil. Yaxud Rabitə Nazirliyindəki həbslər, yeyintilər göstərdi ki, nazirlik qanunsuzluq yuvasına çevrilibmiş.

Bugünlərdə isə “sürpriz” xəbər Vergilər Nazirliyindən gəldi. Nazirlikdən verilən məlumata görə, bu il ərzində qurumun 700 işçisi sahibkarlara qarşı qanun pozuntusuna yol verib. Onlardan 11 nəfər işdən qovulub, qalanları isə cəzalandırılıb.

Əslində bu olduqca ciddi rəqəmdir. Belə çıxır ki, nazirliyin əksər əməkdaşları qanunsuz əməllərlə məşğul olub. Etiraf olunan hallar isə ümumilikdə korrupsiyadır. Deməli, təkcə bu il yüzlərlə insandan rüşvət alınıb, qanunsuz cərimələr yazılıb, vəzifədən sui-istifadə edilib və s.

Necə ola bilər ki, 700 əməkdaş eyni qanunsuzluğu təkrar edib? Əgər 5-10 nəfər bu əməllərinə görə cəzalanıbsa, yerdə qalanlar niyə ibrət götürməyib? Deməli, məsələ kimlərinsə özfəaliyyətindən getmir. Sadəcə olaraq işçilər “ümumi qaydalar”a əməl ediblər. Arxayın olublar ki, sistemin mahiyyətinə uyğun hərəkət edirlər. Bütün strukturlarda olduğu kimi bu strukturda da “plan” yerinə yetirilib.

Ümumiyyətlə, bu ölkədə vergi yoxlamaları sahibkarları intihar həddinə çatdırıb.

Digər tərəfdən, bir strukturun əməkdaşlarının əksər hissəsi qanunsuz əməllərlə məşğul olursa, həminm strukturun rəhbərliyi istefa verməlidir. Üstəlik, 700 əməkdaşın qurbanına çevrilmiş adamların haqqı verilməlidir.

Göründüyü kimi, MTN-də, Rabitə Nazirliyində olduğu kimi Vergilər Nazirliyində də ab-hava çirklənib. Bu hələ rəsmi şəkildə etiraf olunan rəqəmlərdi. Əminliklə demək olar, vergilər nazirliyindəki bu “fəaliyyət” milyonlarla vəsaitin büdcədən yayındırılması deməkdir.

Bir sözlə, bu rəsmi etiraf ümumilikdə sistemin bulaşdığını və neqativlərin şəxslərlə bağlı olmadığını ortaya qoydu. Əgər təkcə 2015-ci ildə 700 nəfər çirkaba bulaşıbsa, 20 il ərzində sahibkara hansı zülmün edildiyini təsəvvür etmək çətin deyil./azadlıq/
1126 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber