Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Dekabr 2015

Rövnəq Abdullayevin etiraf əmri

Uzun illər neft pulları mənasız layihələrə xərclənib

Neftin qiymətinin kəskin azalması “Analoqsuz inkişaf” təbliğatını darmadağın etdi. Məlum oldu ki, 22 il ərzində ölkədə heç bir real sektor inkişaf etdirilməyib. Sadəcə olaraq hökumət çatışmazlıqları neft pullarının arxasında gizlətməyə çalışıb. Üstəlik, 10 milyardlarla pul ölkədən çıxarılıb. Indi isə vəziyyət çox ağırdı və hökumət qarşıdan gələn böhranı müəyyən “əməliyyat”larla zərərsizləşdirmək istəyir. Amma bu məcburi əməliyyatları islahat kimi təqdim etməyə başlayıblar.

Məsələn, ARDNŞ prezidenti Rövnəq Abdullayev əmr verib ki, xərclər sıfırlansın. Qərara alıblar ki, neftin qiymətində daha əlverişli iqtisadi durum yaranana qədər sərgi, konfrans, simpozium, seminar, təlim və bu qəbildən olan tədbirlərin təşkili və maliyyələşdirilməsi məhdudlaşdırılsın. SOCAR-ın strukturuna daxil olan qurumların gəlir və xərclər smetasının, həmçinin bu qurumların tərkibinə daxil olan bölmələrin sayının və ştat vahidlərinin yenidən nəzərdən keçirilməsi, maliyyə resurslarının ilk növbədə daha az vəsait tələb edən yüksək rentabelli sahələrə yönəldilməsi nəzərdə tutulub. Struktur bölmələrinə SOCAR-ın irimiqyaslı investisiya layihələri üzrə risklər siyahısının tərtib edilməsi, eləcə də sığortalanması məqsədəuyğun sayılan təhlükəli istehsalat obyektlərinin siyahısının hazırlanması göstərişi verilib. Əmrdə həmçinin sosial layihələrin, sponsorluq və xeyriyyəçilik fəaliyyətinin, maliyyə yardımlarının məhdudlaşdırılması, nəqliyyat, rabitə, ofis ləvazimatlarının alınması kimi xərclərin azaldılması, izafi xərclərin aradan qaldırılması tədbirləri öz əksini tapıb.

Bir daha aydın olur ki, uzun illər ərzində neft pulları mənasız layihələrə, dövlət əhəmiyyətli olmayan xeyriyyə tədbirlərinə, şəxslərin komfortunu təmin edən ezamiyyətlərə xərclənib. Yəni etiraf olunur ki, 10 milyardlarla vəsait sadəcə olaraq havaya sovrulub. Deməli, neftin qiyməti ucuzlaşmasaydı, bu “ənənə” davam edəcəkdi. Əslində uzun illər yuxarıda sadalanan fəaliyyətlə büdcədən pullar silinib.

Hansıki, bu qənaət rejimi uzun illər əvvəldən start götürsəydi, lazımsız strukturlar yaradılmasaydı, neft pulları zəruri istiqamətlərə xərclənsəydi, bu gün neftin qiymətdən düşməsi o qədər də qorxulu görünməzdi. Yəni dövlət yaman günə ehtiyat saxlayardı, çətin dövrü az itkiylə başa vurardı. Kənd təsərrüfatı, turizm, ümumiyyətlə, qeyri-neft sektoru dirçələrdi.

Amma hökumət nefti şəxsi mülkiyyət kimi qiymətləndirib və milyardları “yumaq”la məşğul olub. Hələ bu günün özündə də lazımsız strukturlar, lazımsız xərclər qalmaqdadır. Ötən yazılarımızda da qeyd etmişdik ki, qənaət etmək üçün kifayət qədər ünvanlar var və sahibkarı vergi cərimələri ilə sıxmaq əvəzinə, məmurların lazımsız xərclərini azaltmaq lazımdır.

Indiki halda isə Rövnəq Abdullayevin qərarı məcburiyyətdən doğub və neftin qiyməti qalxana qədər qüvvədə olacaq. Əgər yenidən neftin qiyməti qalxarsa, əvvəlki israfçılıq davam edəcək. Bəli, məlum əmrdə məhz belə də deyilir. Əsas məsələ isə ondan ibarətdir ki, Neft Şirkətinin əsas idarə və departmanetlərinə Rövnəq Abdullayevin qohum-əqrəbası rəhbərlik edir. Yəni dövlət əhəmiyyətli müəssisə şəxsi təsərrüfata çevrilib və bu gün də tətbiq olunan qadağalar bu təsərrüfata aid edilmir.

Bir sözlə, hökumət uzun illər əvvəl etməli olduğunun, indiki dövrdə imitasiyası ilə məşğuldu. Amma bu imitiasiya da saxtakarlığın, harınlığın, dövlət malını talan etməyin etirafıdır./Samir/
1866 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber