Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Dekabr 2015

Rövnəq Abdullayev ARDNŞ-i ailə şirkətinə çevirib

«Günəşli»dəki yanğına görə kim məsuliyyət daşıyır?

Uzun illərdi ölkədə cəzasızlıq hökm sürür. Daha doğrusu, günahsızlar cəzalandırılır, günahkarlar meydan sulayır. Çünki, qanunlar kağız parçasıdır, mətbuat müstəqil deyil, hökuməti xalq seçməyib. Məsələ burasındadır ki, hökumət əksər vaxtlarda imitasiyadan da imtina edir və bütün strukturların sifariş yerinə yetirdiyi aşkar görünür.

Məsələn, MTN-də baş verənlərdən sonra məlum oldu ki, bu strukturda çalışanların əksəriyyəti yüksək vəzifəlilərin qohum-əqrabasıdır. Ona görə də hər gün “filan generalın qardaşı işdən çıxarıldı”, “filan rəisin qohumu istintaqa cəlb olundu”, “nazirin bacısı işdən azad edildi” kimi xəbərlərin ardı-arası kəsilmədi. Demək istəyirik ki, rəsmi şəkildə etiraf olundu ki, bu struktur ailə təsərrüfatına çevrilib. Sadəcə olaraq hökumət “yaşıl işıq” yandırdığına görə hökumətyönlü mətbuat da, rejim sözçüləri də MTN-də baş verənlərdən yaza bildilər. Yəni yuxarının icazəsi və siqnalı olduğu üçün Eldar Mahmudov və dəstəsini “balta”ladılar.

İndi isə oxşar hal Neft Şirkəti ətrafında baş verib. 32 nəfər yanğında həyatını itirib, hər gün ölkənin sərvəti külə dönür. Üstəlik, məlum olur ki, yanğını söndürmək üçün xaricdən mütəxəssislər dəvət olunub. Yəni Ali Neft Məktəbinin, Neft Akademiyasının heç bir məhsulu görünmədi. Eyni zamanda neft şirkətinin təhlükəsizlik xidmətinin yalnız mitinqdə adam döymək üzrə ixtisaslaşdığı üzə çıxdı. Ən dəhşətlisi isə bütün platformaların sovet dövründən qaldığı, yeni platformaların tikilmədiyi təsdiqlnədi. Deməli, uzun illər ərzində neftdən gələn milyardlar bu sahənin özünə də sərf olunmayıb.

Məsələnin daha çılpaq tərəfi bundan ibarətdir ki, ARDNŞ-də əsas vəzifələri Rövnəq Abdullayevin qohum-əqrabası tutur. Mətbuatda, sosial şəbəkələrdə geniş yayılmış infoqrafikadan da aydın görünür ki, ARDNŞ-in bütün departamentlərinə Rövnəq Abdullayevin qohumları rəhbərlik edir. Deməli, neft şirkəti də ailə təsərrüfatına çevrilib.

Bildiyiniz kimi, yanğınla bağlı cinayət işi açılıb, günahkarların məsuliyyətə cəlb olunacağı vədi verilib. Amma hələ də istintaqa cəlb olunanlar, həbs edilənlər, töhmət alanlar barədə xəbər yoxdur. Eldar Mahmudovu səriştəsizlikdə, ailə təsərrüfatı yaratmaqda, məsuliyyətsizlikdə ittiham edənlər, ARDNŞ-ə və qurumun rəhbərliyinə mədhiyyələr yağdırır. Çünki, yuxarıdan gələn tapşırıq bunu məsləhət görür.

Bir daha aydın olur ki, məqsəd cəmiyyəti çaşdırmaq, məsuliyyət daşıyanları təmizə çıxarmaqdan ibarətdir. Normal ölkədə isə bu miqyaslı faciəyə görə aidiyyəti qurumun rəhbərliyi məsuliyyətə cəlb olunmalı, dövlət qurumunun ailə biznesinə çevirənlər məhşər ayağına çəkilməliydi.

Amma bura Azərbaycan olduğuna görə qanunlar vəzifəli şəxslərə təzim etmək üçündür və cavabdeh şəxslərdən izahat tələb olunmur./Samir/
1209 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 10:04