Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Dekabr 2013

Xəstəxanalarda xəstələri soyurlar

“Dövlət xəstəxanasında təzyiq ölçməyə görə 5 manat pul istəyirlər”; həkimlər dərman mafiyası ilə əlbir işləyir 


“Allah heç kimin yolunu xəstəxanalardan salmasın. Guya pulsuz xidmət göstərməli olan dövlət xəstəxanalarında pambığı belə sənə pulla verirlər. Xəstəxanaya yolun düşürsə, gərək cibi dolu girib, boş çıxasan”. Bunu əməkdaşımıza 1 saylı Şəhər Kliniki Xəstəxanası müalicə alan bir xəstənin yaxını dedi: “Burada iynə vuran tibb bacısından tutmuş süpürgəçisinə kimi hər kəsə pul verməlisən. Əks təqdirdə sizinlə çox pis rəftar edəcəklər. Hər halda bunları bizə deməyə bir neçə xəstəxanada gördüyümüz mənzərə əsas verir”.
Xəstəxanaya yenicə daxil olmuşduq ki, bir neçə xəstə yaxınının tibb bacısı ilə mübahisə etdiyinin şahidi olduq. Həmin şəxslərə yaxınlarına yaxınlaşıb nə baş verdiyini soruşduq. Xəstəsi olan Əhliman adlı vətəndaş bir təzyiq ölçməyə görə ondan 5 manat pul istənildiyini dedi: “Xəstəmizin halı evdə pisləşdi. Bura gətirdik. Mədəsi yuyulmalıdır. Həkim hələ ki, heç nə etməyib. Bir təzyiqini ölçüb, aşağıdır dedi. Qalxması üçün də heç nə etmir. Tibb bacısında bizə yaxınlaşıb deyir ki, təzyiqinizi ölçən həkimi görün, sonra yuxarı qalxaq, xəstənin mədəsini yusunlar. Elə bil xəstəxanaya yox, bazara gəlmişik. Dövlət xəstəxanasında bir təzyiq ölçməyə 5 manat pul alarlar?!”

Məlum oldu ki, bu xəstəxanada otaqda yatağa çexol sərməyə görə texniki işçi də 2 manat istəyir. “Hələ tibb bacılarını demirik. Hər palatada xəstəyə baxan, iynə vuran tibb bacısının cibinə gərək pul qoyasan ki, o da sənin xəstənə yaxşı baxsın. Hərdən onlar xəstələrin ciblərinə göz dikmələrini maaşlarının az olması ilə izah edirlər”. Bunu da bizə bir xəstə deyir. Adının çəkilməsini istəməyən tibb bacısı deyir ki, maaşı azdır: “Maaşım azdır. Gündəlik 2-3 manat qazancım olmasa yaşamaq çox çətindir. Bizə normal maaş versələr, xəstənin əlinə niyə göz dikək?!”

Digər baş çəkdiyimiz məkan isə Respublika Kliniki Xəstəxanası oldu. Burada vəziyyət əvvəlkindən fərqlənmirdi. Bu xəstəxanada da xəstələr deyir ki, əlini cibinə salmasan, heç üzünə də baxan olmur. Həkimə yaxınlaşıb müayinədən keçmək istədiyimizi və bunun xərcinin nə olduğunu soruşduq. Həkim bizə “5-10 manat nə verərsənsə ver” dedi. Həkimə dövlət xəstəxanalarının pulsuz olduğunu xatırlatdıqda isə o, kobud şəkildə “biz pulsuz heç nə etmirik” deyərək üzünü çevirib getdi.

F.Əfəndiyev adına 4 saylı Şəhər Kliniki Xəstəxanasında da vəziyyət eyni cür idi. Burada da həkimlər xəstəyə yalnız müştəri gözü ilə baxırlar. Qapıdan içəri girən kimi, qapıçı, tibb bacıları “nə lazımdır” deyə soruşur və getdiyin yerə səni yönləndirirlər. Həkimlər isə açıq-aşkar müayinə və müalicə üçün pul istəyirlər.

Xatırladaq ki, 2008-ci ildə Səhiyyə Nazirliyinin strukturuna daxil olan və dövlət büdcəsindən maliyyələşən müalicə-profilaktika müəssisələrində əhaliyə göstərilən pullu tibbi xidmətin ləğv olunmasına dair əmr imzalanıb. Bura ödənişi dövlət tərəfindən həyata keçirilən dərmanların xəstələrə verilməsi ilə yanaşı, müalicə və müayinə prosesi də daxildir. Dövlət büdcəsindən maliyyələşən müalicə-profilaktika müəssisələrinin pulsuz tibbi xidmətə keçirilməsi hər il dövlət büdcəsindən səhiyyə sahəsinə kifayət qədər böyük məbləğdə vəsaitin ayrılması ilə izah edildi. Səhiyyə nazirinin sözügedən əmri sosial durumu aşağı olan əhali təbəqəsi üçün çox sevindirici oldu. Amma verilən əmrdən keçən bu illər ərzində vəziyyət yaxşılaşmaqdansa getdikcə pisləşir.

Özəl klinikalardakı vəziyyəti də öyrənmək üçün paytaxtda tanınan bir neçə klinikaya baş çəkdik. Özəl klinikalarda vəziyyət daha acınacaqlı idi. Baş çəkdiyimiz özəl klinikalarda da camaat müayinə və həkim məsləhətləri üçün tələb olunan məbləğin həddindən artıq baha olmasından şikayətlənirdi. Apardığımız araşdırmadan bəlli oldu ki, özəl tibbi müəssisələrdə qiymətin baha olmasına bir çox amillər təsir edir. Klinikalarda qiymətlərin müxtəlif olması onların yerləşdikləri ərazidən, texniki avadanlıqların göstəricisindən reaktivlərin alınma qiymətindən, rəqabətli tibbi xidmətdən və tibbi personalın peşəkarlıq səviyyəsindən asılıdır. Məsələn, hansısa özəl klinikada tanınan bir neçə professor çalışırsa, bu faktor da oradakı qiymətlərə təsir edir. Məsələn, Nərimanov metro stansiyası yaxınlığında yerləşən “Oksigen” klinikasında elmi dərəcəsi olmayan həkim müayinəsindən keçməyin qiyməti başqadır, professor müayinəsindən keçməyin qiyməti bir başqa. “Atlas” klinikasında isə qeydiyyatdan keçmək pulsuzdur. Burada ümumi qan analizi 15 manat,  başın tomoqrafiyası 65 manat, USM 54 manatadır. Cərrahiyyə əməliyyatlarının qiymətlərinə gəlincə isə onu həkimin müəyyənləşdirdiyi bildirildi.

Onu da qeyd edək ki, həkimlər dərman mafiyaları, apteklərlə əlbir olaraq xəstələrə əsasən bahalı və keyfiyyətsiz firma dərmanları yazırlar. Belə ki, bir çox dərman firmaları ölkəyə gətirilən keyfiyyətsiz dərmanların satılması üçün xəstəxanalarda işləyən həkimlərlə müqavilə bağlayır və razılaşma nəticəsində həkimlər xəstələrə bu firmaların dərmanlarını yazır. Anlaşma əsasında firmanın həkimə təqdim etdiyi resept kağızında həkimin kodu göstərilir, həmin kodun sayəsində firma həkimin ona nə qədər xeyir verdiyini müəyyən edir və bu sövdələşmə nəticəsində həkim də müəyyən məbləğdə qazanca sahib olur./musavat/




1568 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
Go to TOP