Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Dekabr 2015

«Bacarıqsız və korrupsioner hökumət bizə neçəyə başa gəlir?»

Əli Kərimli valyuta ehtiyatlarımızın sürətli əriməsinə görə həyəcan təbili çalır

Azərbaycan Mərkəzi Bankının 4 günə valyuta ehtiyatlarının təxminən yarım milyardını itirməsilə bağlı məsələyə AXCP sədri Əli Kərimli münasibət bildirib. AXCP lideri “facebook” səhifəsində paylaşdığı yazıda itkilərin necə böyük rəqəmlərlə ifadə olunduğunu təsvir etmək üçün bəzi müqayisələr də göstərib:

“Son 8 iş günü ərzində Mərkəzi Bankın valyuta ehtiyatları daha 748 milyon dollar azalıb. Bu qədər pulu guya, manatın məzənnəsini qoruyub saxlamaq üçün xərcləyiblər. Beləliklə, indi Mərkəzi Bankın yalnız 5.5 milyard dollar valyuta ehtiyatı qalıb. Qısa zaman ərzində dövlət ehtiyatlarımızın 10 milyard dollara qədəri əriyib. 10 milyard dollar isə çox böyük vəsaitdir. Bu vəsaitin nə qədər böyük olduğunu təsəvvür etmək üçün bu kiçik müqayisəyə diqqət etmək yetərlidir. Manatın məzənnəsini saxlamaq adı ilə təqribən 1 il ərzində əridilən vəsaitlər gələnilki dövlət büdcəsində səhiyyəyə ayrılan vəsaitdən 13 dəfə, kənd təsərrüfatına ayrılan vəsaitdən 17 dəfə, iqtisadi fəaliyyət üçün ayrılan vəsaitdən 40 dəfə, sahibkarlığa dəstək üçün ayrılan vəsaitdən 150 dəfə, ipotekaya dəstək üçün ayrılan vəsaitdən 200 dəfə çoxdur. Təsəvvür etdiniz ki, dövlət və millət olaraq nə qədər vəsait itirdik?

Belə olmaya bilərdimi? Əlbəttə. Əgər vaxtında manatın məzənnəsi süni şəkildə şişirdilməsəydi, qeyri-neft sektoru, yerli istehsal inkişaf etdirilsəydi, ən elementar məhsullar da ölkəyə xaricdən idxal olunmasaydı, iqtisadiyyatımız, büdcəmiz neftdən bunca asılı olmasaydı, bir sözlə, ölkəmizdə iqtisadi azadlıqlar və normal idarəçilik olsaydı, bu qədər itkilər verməzdik.

Əziz həmvətənlər, ölkəni kimlərin və necə idarə etməsinin hamımızın həyatına, şəxsi büdcəmizə dəxli var. Heç kim “mən siyasətə qarışmıram” deyib, yaxasını kənara çəkməsin. Hər birimiz fikirləşək ki, bacarıqsız və korrupsioner hökumət hər birimizə, ailələrimizə neçəyə başa gəlir?”
1174 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber