Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Dekabr 2013

“Məhkəmə vətəndaşlara 10 milyon “atan” sahibkarı müdafiə edir”

“Birlik İnşaat”dan zərər çəkən vətəndaş “Yeni Müsavat”a yazdı
Ötən ay Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə “Birlik-İnşaat” MMC rəhbərliyinin işi üzrə məhkəmə başlayıb. Bu günlərdə redaksiyamıza MMC üzvü, iş üzrə zərərçəkən kimi tanınan Şaiq Aqil oğlu Həsənov məktubla müraciət edib. Məktub müəllifi yazır ki, “Birlik-İnşaat” MMC-nin direktoru Tağıyev Elman Həsənqulu oğlu vəzifəsindən sui-istifadə edərək dələduzluq yolu ilə 543 nəfər zərərçəkmiş şəxsdən 10 milyon 636 min 371 manat pulu alaraq mənimsəyib: “Elman Tağıyev barəsində 2 il bundan qabaq seçilmiş həbs qəti-imkan tədbiri sonradan nə səbəbdənsə ev dustaqlığı ilə əvəzləndi. Təqsirləndirilən Eyvaz Fərəcov isə təcridxanada müəmmalı şəraitdə öldü. İttiham aktından və məhkəmə prosesinin gedişatından da tam sübuta yetirilir ki, 543 nəfərin təxminən 95-96 faizi pulların birbaşa Elman Tağıyevə, 3-4 faizi baş mühasib işləmiş, hal-hazırda isə polis nəzarəti altında olan Roza Maniçayevaya, təxminən 1 faizi isə barəsində həbs qəti-imkan tədbiri seçilmiş 3 nəfərə verilib. Elman Tağıyevin daşınan və daşınmaz əmlakları təxminən 3 milyon 500 min manat civarında dəyərləndirilib. Tağıyev Elmanın doğma qardaşı Məhərrəmov Məhərrəm Həsənqulu oğlu Baş Prokurorluğa Abşeron rayonu, Xırdalan şəhəri, Axundov küçəsi 39 ünvandakı çoxmərtəbəli yaşayış binasının tikintisi ilə bağlı zaminlik ərizəsi ilə müraciət edərək, binanın 18-24 ay müddətində yüksək keyfiyyətlə tikib 210 nəfər zərərçəkmiş şəxslərə verilməsini öz üzərinə götürüb. Lakin 24 ay müddəti bitsə də, binada heç bir iş görülmədi. Elman Tağıyev də 24 ay müddətində zərərçəkmişlərə dəymiş maddi və mənəvi ziyanın yalnız və yalnız 0,5 faizini ödəməklə işini bitmiş hesab etdi. 112006054 saylı cinayət işi istər Baş Prokurorluqda, istərsə də Bakı Ağır Cinayət məhkəməsində qeyri-obyektiv aparılıb, təqsirləndirilən Tağıyev Elmanın daşınan və daşınmaz əmlakları tam qeydiyyata alınmayıb, məhkəmə prosesi zamanı zərərçəkmişlərdən mənimsənilən 7 milyon manat pulun qaranlıq taleyinə aydınlıq gətirilmir. Hətta 7 milyon manatla bağlı Elman Tağıyevə suallar verildikdə hakim Novruz Kərimov hər dəfə narahatçılıq hissi keçirdi. Çünki onun savadsız və çılğın olduğunu bilirdi və deyirdi ki, Elman ağzına gələn sözü deyə bilər, amma bütün bunlar nəzərə alınmayacaq və protokola qeyd olunmayacaqdır! Mən də dəfələrlə bildirmişəm ki, əgər bu sualla bağlı Elman Tağıyevin verdiyi cavab nəzərə alınmırsa və protokola qeyd olunmursa, onda nə üçün ona bu sual verilir, çox yaxşı olardı ki, bu sual onun doğma qardaşı, məmur Məhərrəmov Məhərrəm Həsənqulu oğluna verilsin. Çünki Məhərrəm müəllim Baş Prokurorluqda yaşayış binasının tikintisi ilə bağlı zaminlik vərəqəsinə imza atmaqla faktiki olaraq zərərçəkmişlərə dəymiş 7 milyon manat pulun altına girib. Lakin həmin ünvanda iş görmək əvəzinə Bakı şəhərinin müxtəlif ərazilərində yüksək mərtəbəli binalar tikdirir”.

Məktub müəllifi yazır ki, zərərçəkmişlərə dəymiş 10 milyon 636 min 371 manatla Bakı, Sumqayıt və Gəncə şəhərlərindən başqa istənilən şəhər və rayonunun 1/3 hissəsini almaq mümkündür. Bakı Ağır Cinayətlər məhkəməsi zərərçəkmişlərin uzunmüddətli və qətiyyətli tələbindən sonra nəhayət ki, 18 noyabr 2013-ci ildə M.Məhərrəmov məhkəməyə çağırılıb: “Lakin hakim Novruz Kərimov onun qonaq qismində çağırıldığını bildirdi, qonağın xəstə olmasını və Türkiyədən müalicədən qayıtdığını bəhanə gətirərək ona qarşı demək olar ki, xüsusi qayğı göstərdi. Hörmətli cənablar, xahiş edirəm ki, “Birlik-İnşaat” MMC direktoru Tağıyev Elman Həsənqulu oğlu tərəfindən vurulmuş maddi və mənəvi ziyanın ödənilməsində bizlər köməklik edəsiniz, bununla yanaşı Azərbaycan Respublikası CM-nin 178.3.2, 213.2.2, 308.2 və 313-cü maddələri ilə təqsirləndirilən Tağıyev Elman Həsənqulu oğluna və qeyrilərinə ən ağır cəzanın verilməsində yardımçı olasınız. Əks təqdirdə mən məcburiyyət qarşısında qalıb 112006054 saylı cinayət işi üzrə müvafiq orqanlar tərəfindən təqsirləndirilən Tağıyev Elman Həsənqulu oğluna göstərilən doğmalıq qayğısını, 543 nəfər zərərçəkmiş şəxslərə isə ögey münasibətlə bağlı mətbuat konfransının keçirib, Avropa Birliyinin, Avropa Şurasının, ATƏT-in yerli ofislərinə, həmçinin xarici ölkə səfirliklərinə məlum səbəblərdən məni və ailə üzvlərimin sığınacaqla təmin edilməsini xahiş edəcəm”.
1859 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
02.12.16, 00:01