Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Dekabr 2015

Azərbaycanda yalnız «ölmək azadlığı» var

Əli Kərimlidən məşhur YAP-çıya: "...bu sizin xalq qarşısındakı ən böyük xidmətinizdir"

“Buradan elan edirəm, heç nədən də qorxmuram. 34 yaşım var, qoy, qanım bu millətə halal olsun” deyən Rüfət Səfərovun prokurorluqdan istefa bəyanatını yəqin ki, oxumusunuz. Oxumayanlar da şərh bölümündəki linkdən oxuyar. Rüfət Səfərovun istefa bəyanatı əslində prokurorluq müstəntiqinin rejimə qarşı irəli sürdüyü ittihamnamədir. Rüfət Səfərov öz istefa bəyanatında yazır: “Millətimin taleyindən hədsiz narahatam. Bu gün oğrular, korrupsionerlər bayırda kefdə-damaqdadır, zərrə qədər günahı olmayan insanlar isə həbsxanalarda çürüyür. Onların yeganə günahı həqiqəti söyləmələridir... Azərbaycanda hüququn deyil, hüquqsuzluğun üstünlüyü var. Ölkədə azadlıq adına heç nə qalmayıb. Yalnız «ölmək azadlığı» var.”

Prokurorluqdan istefa verən müstəntiq demək olar ki, hakimiyyətin mətbəxində böyüyüb. O məşhur YAP-çı, “91-lər”- in üzvü, keçmiş deputat və Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri olmuş Eldar Sabiroğlunun oğludur. Hakimiyyəti həm də içdən tanıdığından bu bəyanatdan sonra özünə və ailəsinə qarşı repressiya başlayacağını gözləyir. YAP fəalı olan atasının mənəvi terrora məruz qala biləcəyindən ehtiyatlansa da, bu bəyanatı verən zaman hətta atasının onu övladlıqdan çıxaracağını da göz önünə aldığını, ailəsinin və özünün rifahını deyil, əzilən millətinin mənafeyini seçdiyini bəyan edir.

Buyurun, hakimiyyətdə təmsil olunanların da xeylisinin rejimdən narazı olmasına, hökumət daxilində mərkəzdənqaçma meyllərinin güclənməsinə daha bir sübut. Gənc müstəntiqi bu cəsarətli hərəkəti münasibətilə təbrik edirəm. Onun qərarı düzgün qərardır. Heç bir dövlət qulluqçusu, hüquq mühafizə orqanı əməkdaşı “axı tək mən nə edə bilərəm? Mən bu nəhəng aparatın xırda vintiyəm, mən olmasam da bu repressiya maşını işləyəcək” deyib, özünə haqq qazandırmasın. Ən böyük və güclü maşın və mexanizmlər də çoxsaylı xırda detal və vintlərdən ibarətdir. Repressiya maşınının hər bir “vintinin” açılması həmin maşını zəiflədir.

Rüfət Səfərovun atası YAP-çı Eldar Sabiroğluna isə demək istəyirəm ki, oğlunuzun bu bəyanatına görə narahat olmaq, onu tənbeh etmək yox, onunla qürur duymaq lazımdır. Bəli, bu bəyanatın sizə hansı məhrumiyyətlər gətirməsindən asılı olmayaraq belə bir cəsarətli bəyanatı verə bilmiş oğlunuzla fəxr edin. Bəlkə də, bu sizin həyatdakı ən böyük nailiyyətiniz və xalq qarşısındakı ən böyük xidmətinizdir ki, belə cəsarətli, mübariz, xalqını sevən oğul böyütmüsünüz.
2317 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 09:11