Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Dekabr 2015

Space sönür

Onun üstünə MTN-in kölgəsi düşüb

AzTV sədri A.Alışanovdan sonra MTN işilə bağlı adı hallanan telekanal rəhbərlərindən biri Space-nin prezidenti, rejissor Vaqif Mustafayevdir. V.Mustafayevin MTN rəhbərliyi, keçmiş nazir E.Mahmudovla sıx əlaqələri, yaxınlığı olduğundan aşağılar qədər yuxarılar da xəbərdardır. Bu əlaqələrin bəzisi gizli qalsa da, üzdə olanları da var.

Dünənəcən ildə iki-üç yol təkrarlanan, MTN-in “super qəhrəmanlığı”na həsr edilmiş “Təhlükəsizliyimizin tarixi” silsilə filmlərin ssenari müəllifi və rejissoru V.Mustafayevdir. Film nazirliyin reklam xarakterli təbliğatı məqsədilə hazırlanıb və MTN-ni sarsılmaz güc, əyilməz qüvvə, dövlətin onurğa sütunu kimi təqdim edir. Ölkədə MTN xofunun yaranmasında, Mahmudovun hakimiyyətinin güclənməsində əlbət bu filmin, dolayısı ilə Vaqif Mustafayevin xidmətləri var. “Xidmətə görə” “mükafatlanma” zamanı çatır. Yaxın keçmişdə MTN-də baş verən cinayətlər göstərdi ki, əslində son illər bu qurum ağacı içdən yeyən qurda çevrilib. Eks “təhlükəsizlik” nazirinə rəğbət bununla bitmir. Eldar Mahmudovun atası Əhməd Mahmudov barədə sənədli filmin də müəllifi Vaqif Mustafayevdir. Film “O, vətənini sevirdi…” adlanır. H.Əliyev haqqında silsilə filmləri ilə Space-nin təsisçisi Sevil Əliyevanın etimadını qazanan V. Mustafayev H.Əliyevi asanlıqla E.Mahmudova dəyişib. Space Mahmudovun “kurasiyası”nda olub. Vaqif Mustafayevin hədəfdə olan MTN rəhbəri ilə yaxınlığı son zamanlar Space-nin fəaliyyətinin pozulmasına səbəb olub. Etimad itirilib, maliyyə mənbələri qapanıb, ciddi problemlər yaranıb. Tamaşaçı auditoriyasını “Sevimli şou”, “Ad günü” verilişləri ilə qorumağa, reytinq yığmağa çalışan telekanal rəhbərliyinin yarıtmaz siyasəti ilə televiziya faktiki olaraq əzəlki nüfuzunu, yaradıcılıq səviyyəsini itirib. Bu verilişlərin biri “palatka toyu”na, o biri “restoran şou-proqramı”na bənzəyir. Space sanki “Bu şəhərdə”nin filialına çevrilib. Ucuz reklam, qeyri-ciddi televiziyaçılıq – ekranda görünən budur. Ekranarxası durum daha qarışıqdır. Aybaay şəxsi münasibətlər əsasında ixtisarlar aparılır, əməkhaqları aylarla gecikdirilir. Idarəetmə sıfıra bərabərdir. İdarəçilik ANS-dən gələn xanım əməkdaşların diktəsilə aparılır. Rəhbər vəzifələrə gətirilən xanımların biri gedir-biri gəlir. Onlara verilən səlahiyyətlər Space-nin köhnə işçilərini haqlı olaraq rəhbərlikdən narazı salır. Bu da daxili münasibətləri kəskinləşdirir, təbii olaraq kulisdə baş verənlər ekrana təsirsiz ötüşmür.

Əslində ən nümunəvi, baxımlı və peşəkarcasına hazırlanan yaradıcı proqramlar Space-də olmalıdır. Amma Vaqif Mustafayevin sənət adamlarına, ayrı sözlə, həmkarlarına qarşı qısqanclığı buna imkan vermir. Şou-biznesin üzdə olanlarına taybatay açılan qapılar klassiklərin üzünə qapalıdır. Onların havadarları yoxdur, yəqin ona görə, Rəşid Behbudovun 100 illik yubileyinin qeyd edilməsi ilə bağlı prezident sərəncamı ötən həftə havada qaldı. R.Behbudov Space-də anılmadı. R.Behbudova həsr olunan tədbir hardansa xahiş-minnətlə alınan saniyəlik görüntülərlə işıqlandırıldı. Qəti qadağa ilə üzləşən sənət adamlarından biri keçmiş mədəniyyət naziri, hazırki səfir Polad Bülbüloğludur. V.Mustafayevlə yaradıcılıq əlaqələri olmayanları Space-də görmək çətin məsələdir. Azərbaycan televiziyalarında formalaşan ən pis xüsusiyyət insanlara münasibətin televiziyalara rəhbərlik edənlərin göstərişinə uyğun olmasıdır. Televiziya başçıları hakimiyyətdəki “arxaları”na – administrasiya, nazirlik, komitə rəhbərlərinə söykənib dilizorluluq edir, “arxalar”ı çökəndə çabalayır-çabalayır, sonra sönüb gedirlər. Space-dəki kimi.
1513 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP