Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Dekabr 2015

Devalvasiyaya aparan yol

Mənzərə çox şəffafdır. Heç nə təəccüblü deyil. Bütün fəlakətlər gözlənilən idi. Milli valyutanın 34 faiz “qəza” ya düşməsi də, ardınca 55 faizlik “travma” alması da məlum idi. Hətta bundan sonra birdəfəlik ölə də bilər. Çünki, hakimiyyət devalvasiyanın rahat hərəkti üçün “asfalt” döşəyirdi. Bəli, hökumət əlindən gələni etdi ki, devalvasiya rahatlıqla ölkəyə qədəm qoysun. Biz, bu “qonaq”ın gəlişini xəbər vermişdik və pis niyyətli olduğunu da söyləmişdik.

640 milyon manata Olimpiya stadionu tikəndə, Mərkəzi Banka, Neft Şirkətinə, Maliyyə Nazirliyinə, Vergilər Nazirliyinə dəbdəbəli ofislər ucaldanda devalvasiya üçün körpü salınırdı. Hansıki, sadaladığımız bu qurumların kifayət qədər dəbdəbəli binaları var idi və yeni tikililərə milyardlar xərcləmək büdcəyə xəyanət idi. Amma devalvasiyaya gedən yol bununla da məhdudlaşmır. Bütün rayonlarda Heydər Əliyev mərkəzləri, Heydər Əliyev muzeyləri tikməklə milli valyutaya quyu qazılırdı. Axı, bu qədər muzeyə, kompleksə, mərkəzə nə ehtiyac var idi?

Hələ bu hamısı deyil. Fransada, Vatikanda, Serbiyada və digər ölkələrdə dəyəri 100 milyonlarla ölçülən layihələr həyata keçirəndə, devalvasiyanın təməli atılırdı. Məsələ burasındadır ki, bütün bu layihələr dövlət maraqlarına xidmət etmirdi. Əgər belə olsaydı həmin ölkələr qondarma erməni soyqırımını tanımaz, Ermənistanın işğalçı ölkə kimi tanıyardı. Amma bütün bu milyonlar hökumətin özünə imic qazanması, mədhiyyəçilər tapması üçün xərclənirdi.

Amma hökumətin iqtisadiyyata “töhfə”si bununla da bitmədi. Uzun illər ərzində bir-birini təkrarlayan, pul silmək üçün təsis olunan qurumlar yaradıldı. Bu qurumlara məmurların qohum-əqrəbası rəhbərlik etdi və dövlətin büdcəsi ailə seyfinə çevrildi.

Ən asası isə ölkədən 100 milyardlarla pul oğurlandı. Dünyanın müxtəlif yerlərində məmurların biznes imperiyası, malikanələri peyda oldu. Bəli, hər dəfə təsdiqləndi ki, ölkə iqtisadiyyatının, milli valyutanın yetim qalması üçün hökumət əlindən gələni edir. Iqtisadiyyatın diversifikasiyası yox, cılızlaşdırılması prosesi sürətləndi. Qeyri-neft sektoru iflic edildi. Ölkə bazar təfəkkürlü insanların ovucuna düşdü.

Amma bu gün milli valyutanın daha 55 faiz ucuzlaşmasında, ölkənin təhlükəli vəziyyətə düşməsində, həm də vətəndaşın məsuliyyəti var. Çünki, ölkə vətəndaşları yuxarıda sadaladığımız təhlükəli tendensiyaya “dur” demədi. “Mən siyasətə qarışmıram”, “bundan sonra gələn daha pis olacaq”, “hökumətlə hökumətlik etmək olmaz” kimi kiflənmiş bəhanələrlə ölkənin iflic olmasına göz yumduq. Bir vaxt ayıldıq ki, ölkə əhalisinin 90 faizini “siyasətə qatıblar”. Yəni, əksəriyyət yarıtmaz siyasətin nəticəsində kredit bataqlığına düşdü, zəruri ehtiyacları ödəməkdən məhrum oldu, arzular ürəkdə daş bağladı.

Bəli, bu ölkədə öncə dəyərlərin, qanunun, insan həyatının, vətəndaşlığın devalvasiyası baş verdi. Yekun olaraq isə, manat devalvasiyaya uğradı.

Təəssüf ki, belədir. Biz, “devalvasiya yolu”na tökülən “beton”u hamarlamaqla məşğul olduq.

Həmişə belə olur. Xəyanətlə, saxtakarlıqla, köləliklə yola çıxanda peşman olursan. Çünki, onların yoldaşlığı olmur. Adamı devalvasiyaya salırlar.

İlham Hüseyn
1054 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 16:07