Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Dekabr 2015

“Günəşli” yatağına doğru üzən manat

Orada Rövnəq Abdullayevin izləri qalır…

Manatın üzən məzənnəyə keçirilməsi o demək sayıla bilərmi ki, Azərbaycan manatı Xəzər dənizinə endirilir? Axı Xəzər dənizində də heç nə qalxmayıb, orada suyun üzərinə çıxan neft qatı da “Günəşli” qəzasının dağıntısıdır və bundan sonra satışa getməz. Oradakı qəza da SOCAR-ın boynundadır. Ölkədə hər kəsin payına bir rüsvayçılıq düşür, qoy, bir neçəsi də Neft Şirkətinin olsun, axı, necə də olmasa, ölkəyə gələn pulun 90 neçə faizi onun payına düşür(dü). Indi o bulağın gözünü qurutmayıblar, qanadıblar.

Bu qan isə illər boyu yol verilən məsuliyyətsizliyin qanı kimidir.

Iki il əvvəl “Günəşli” yatağının təmiri üçün külli miqdarda pul ayırıb, oradakı dəmir-dümürü rəngləməyə ən bahalı rənglərdən alıblar, yaxıblar estakadalara… Təmir başa çatıb. Nəticəsi iki il sonra qan və ölüm rəngində dənizin səthinə yayıldı.

SOCAR-da işləyənlərin dediyinə görə, o yataqda çalışanlar üçün iki il əvvəl, hətta təlim də keçirilib. Amma elə həmin təlim zamanı iki nəfər həyatını itirib! Iki il sonrakı nəticəni hamınız bilirsiniz.

Indi yeni xəbərlər yayılır. Ki, SOCAR-ın neft imperiyasında fəhlə işinə düzəlmək üçün də hansısa ünvanlara rüşvət verilirmiş. Orası qapalı bir dairə idi. Bəlkə də, qapalı bir qazan. Çevrəsi Rövnəq Abdullayevin qohumları, qapaq da Ilham Əliyevin əlində. Kimsənin oraya çömçə cəhənnəmə, qaşıq da salmağa ixtiyarı yoxdur.

Günün birində dənizdə, indi Azərbaycan manatının guya üzmək, əslində isə boğulmaq üçün buraxıldığı Xəzərdə “Günəşli” yatağında dəhşətli yanğın xəbəri yayıldı. Amma bundan çox- çox əvvəllər ölkədə yeni bir multi-milyonçu peyda olması xəbəri yayılmışdı. Bu adam da hamının heyrət etdiyi sirli bir pərdə arxasında Dövlət Neft Şirkətinin istehsal etdiyi neftin satış hüququ ilə milyonçu olmuşdu. Anar Əliyev adlı bu adamın Rövnəq Abdullayevin qohumu olduğu yazıldı, deyildi. Sonra yazılan və cızılan siyahı böyüdü. Günlərin bir günü Eldar Mahmudovun – keçmiş MTN-dən qovulan sabiq nazir-generalın bir nazirlikdə 80-dən artıq qohum əqrabasının siyahısı kimi…

Bəlli oldu ki, bu Anar Əliyevin başqa bir qardaşı da Dövlət Neft Şirkətinin satış direktorudur, atası Nüsrət Əliyev (ki, əlahəzrət Rövnəq Abdullayevin dayısıdır) Neft Emalı zavodunda Qaz departamentinin rəhbəridir. Abdullayevin o biri dayısı da həmin Neft Emalı Zavodunda Kislorod bölməsinin müdiridir. Başqa bir dayısının başqa bir oğlu, xalasının, o biri xalasının, bu biri xalasının… oğlu yenə də hansısa SOCAR nomenklaturasıdır. Siyahı çox böyükdür, amma gözünüzün önündə Eldar Mahmudovun qohumları ilə MTN-in əlaqələrini təsvir edən bir siyahını canlandırsanız, tamam olur bu söhbət.

Neftin Azərbaycan xalqına bir xeyri olmadı, heç olmasa, Rövnəq Abdullayevin qohumlarının işinə yaradımı, görəsən? Bilavasitə neftin gəlirindən o qədər qazanmazdılar ki, təchizat təsərrüfatsızlığından yarıdılar. Məsələn, sizin üçün necədir: oralarda bir kisə sementi 6 manat əvəzinə 20 manata hesablayırlar? Bütün təchizat təsərrüfatı bu qədər görməmişliklə dolub-daşır.

Bugünlərdə daha bir xəbər gəldi ki, Dövlət Neft Şirkətində fəhlə və ya usta işinə düzəlmək üçün hətta MTN generallarından da ağız açanlar var imiş! Heyrət etməyəcək bir şey yoxdur… Hər şey heyrətamizdir! Hərçənd, heyrət də də qaçaq düşməli idi bu qədər pəstahadan sonra…

SOCAR qapalı bir düşərgə imiş! Açıq havada, açıq dənizdə neft çıxaran böyük bir heyət məxfi ordu kimi idarə edilir, oradakı pıçıltılar elə “dövlət sirri” elan edilir…

Yanğınlardan dərhal sonra xilas edilən bir fəhlənin dedikləri bütün ölkəyə yayılmışdı. Adam deyirdi ki, “orada baş verənlər, hətta necə xilas olduğunuz haqqında da danışmayın!” əmri verilib.

Tamam, SOCAR-la hansısa başqa dövlət qurumlarının intriqası ola bilər, çünki oralarda qarmaqarışıq və çox bahalı işlər çevrilir. Amma bunun həyatını riskə atan xilasedicilərə nə dəxli var?

“Günəşli” platformasındakı yanğın zamanı orada çalışan fəhlələr xilasedici qayıqlara minmək istəməyiblər. Israrla istəməyiblər! Orada işləyənlər baxıblar ki, ən təhlükəsiz variant platformada qalmaqdır, çünki xilasedici qayıqları dalğaları şahə qalxan dənizə buraxmaq labüd ölümün bir parçasıdır. Görünür, elə həmin özəlliyi nəzərə alan BP şirkəti yanğın baş verən gün fırtına olacağını bilərək işçilərini oraya göndərməyib.

Amma Bakıdan əmr gəlib: “Qayıqlara doluşun!” Bakıdan, Dövlət Neft Şirkətinin isti otaqlarından israrla verilib bu əmr, dalbadal.ÿPlatformadakılar çıxılmaz vəziyyətdə qalıblar: əgər SOCAR kabinetlərindən gələn əmrə əməl etməsələr və bir nəfərin də burnu qanasa, “batdıq” deməkdir… Buna görə də əmri icra etməyə məcbur olublar və hər kəs batıb! Insanları dirigözlü ölümə yollayanların isə burun qanı qədər məsuliyyət daşımaq fikri yoxdur.

Xilasedicilər, sözün həqiqi mənasında qəhrəmanlıq ediblər.ÿƏn pis hava şəraitində, sadəcə platformadan deyil, platformadan ölüm kəndiri ilə sallanıb qalmış işçiləri o ipdən qoparmaq və həyata qaytarmaq bir şücaət idi.ÿSOCAR-ın başlı-başına buraxdığı, ən pis idarəçilik, ən pis əmr və göstərişlərlə taleyin ümidinə, fırtınanın ağzına, ölümün cəhənginə verilən o insanların neçəsi xilas edilibsə, həmin qəhrəmanlığın nəticəsidir. Hərçənd, Dövlət Neft Şirkətinin rəhbərləri xilasetmə və xilasolma (axı, qəzanın ağzından öz çabası ilə qurtulanlar da az deyil) prosesini imkanı çatdığı qədər gizlətməkdə hansı məqsədinin olduğu da bir ayrı mövzudur. Amma neçəsi ölüb-itibsə, Rövnəq Abdullayevin qohum-əqrəba idarəçiliyinin vicdanına yazılacaqmı? Çətin!

Axı, hətta bu qəzanın üzə çıxartdığı bu dəhşətli proteksiyanın da üstünə heç kim getmədi. Eldar Mahmudov getdi, qohum-əqrəbasının siyahısının aşkarlayıb hamısını atdılar bayıra. Amma Rövnəq hələ də iqtidardadır, ayaqları üstündə torpaq üzərindədir, Azərbaycan manatı kimi üzməyə buraxılmayıb, buna görə də əqrəbası da həminki sahman və ərklə bu nəhəng dövlət idarəsinin sükanından sallanıb qalmaqdadır.

“Dəvə ölsə də, dərisi bir eşşəyə yükdür” məsəlini eşitmisinizmi? Neft qiymətdən düşsə də, iqtisadiyyatı iflic edilən Azərbaycanın ən gəlirli sahəsidir və bu ən gəlirli sahə peşəkarlığı ən çox şübhə doğurmaqda davam edən bir klanın caynaqlarındadır.

Manat da oralara doğru üzür. “Günəşli” platformasına doğru…

Azad Akifoğlu/azadlıq
1393 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 11: