Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Dekabr 2015

"Neftin qiyməti baha olanda manatı süni nəfəs aparatına qoşmuşdular"

Manatın qurbanları

Dünənki yazımda oxucumuz Həsən Şirvanlının məktubu yarımçıq qalmışdı, öncə onun ardını oxuyaq: “Keçən il Yekaterinburqdan toxumluq kartof gətirirdik. İlahi, Azərbaycanda başımıza nə oyun gəldi! Yalama stansiyasında vaqonumuzu buraxmadılar, dedilər ”monopolist"in haqqını verməlisiniz. 3000 min manat rüşvət aldılar. Dedilər verməsəniz kartofunuz vaqonda çürüyəcək. Bütün sənədlər qaydasında idi, ancaq dedilər gömrüyün öz laboratoriyası var, “monopolist”in haqqını verməsəniz kartofunuzu zəhərli çıxardarıq. Rüşvət verməyimizə baxmayaraq bizi bir neçə gün də Biləsuvar və Şirvan şəhərləri arasında get-gələ saldılar.

Vergilər bütün günü bizdən pul yığır, haram xoşları olsun. Obyektimə qaz çəkdirmək istəyirdim, “Azəriqaz” dedi 15 min manat rüşvət ver, 5 min manata da sayğac al. Dedim, mən heç bu obyektə 20 min manat pul qoymamışam! 6 ay Bakıya gedib-gələndən sonra axır o zəhrimar texniki şərti aldım. Görəsən, Alyaskada yaşayan sahibkar qaza texniki şərt almaq üçün Vaşinqtona 6 ay gedib-gəlirmi?" (Ardı gələn nömrədə).

Həsən bəyin Vaşinqtonun adını çəkməsi yerinə düşdü. Dünən manatın ölməsi prosesini bütün zəhmətkeşlərimiz kimi ürək ağrısı ilə izlədik, ancaq əlimizdən nə gələcək? Əkdiyimizi biçirik. 20 ildən çoxdur ölkənin sükanını verdiyimiz yapistlərdən xeyir gözləməyə dəyməzdi. Sadəcə, neftin qiyməti baha olanda manatı süni nəfəs aparatına qoşmuşdular - hər il Mərkəzi Bank milyardlarla dolları daxili bazara atırdı, millətdə elə təəssürat yaradırdı ki, guya maliyyə sabitliyi vardır. Elə deputatlardan biri də manatın devalvasiyası haqda deyir ki, Azərbaycan hakimiyyətinin günahı yoxdur, hamısını eləyən Rusiya və ABŞ-dır. İnsan o qədər yaltaqlanıb, artıq sabun köpükləri gözünü örtüb. Sən iqtisadiyyatını idarə edə bilmirsənsə, xalqın sərvətlərini oğurlayırsansa, iş yeri, istehsal, bazar iqtisadiyyatı, qiymətli kağızlar bazarı əvəzinə camaata üç barmağın məşhur konfiqurasiyasını göstərirsənsə, axırı necə olmalı idi? Amerikanın günahıdırsa, bəs dünyada analoqu olmayan, müstəqil siyasətiniz harda qaldı? Bəs heç kimdən asılı deyildiniz? Dünya böhranları sizə təsir göstərmirdi?

Mərkəzi Bankın manatın kursunun başını buraxmağı “üzən məzənnə” adlandırması da başqa lətifədir. Üstəlik, həyasızcasına yalan deyirlər. Guya dünyada “xarici iqtisadi şoklar” güclənibmiş. Sizin kimi neft iynəsinə oturan beş-altı dövlətdən başqa (Rusiya, Venesuela kimi) heç kim şok-zad keçirmir. İbrahim müəllimin gopuna inanmayın, Almaniya da sağ-salamat yerində durur.

O qədər yalan danışırlar, dünən dedikləri yadlarından çıxır. “Manat stabildir, xaricilər, pulunuzu gətirin manata çevirin, qabağa düşün” söhbəti yadınıza gəlirmi? Bir il keçməyib üstündən.

Örnək üçün, bu ilin yayında deyirdilər Azərbaycanda qeyri-neft sektoru son 11 ildə görünməmiş inkişaf edib və ümumi iqtisadiyyatda 70 faizə çatıb. İndi isə MB devalvasiya bəyanatında deyir: “Ölkənin valyuta bazarına və manatın məzənnəsinə ciddi təzyiqlərin yaranmasını nəzərə alaraq cari ilin fevral ayında manatın devalvasiyası həyata keçirilib, iqtisadiyyat, valyuta bazarı və manatın məzənnəsi neftin 50-55 dollar qiymətinə adaptasiya olunub.

Lakin cari ilin iyul ayının sonlarından etibarən neftin qiymətinin sürətlə aşağı düşməsi valyuta bazarına və məzənnəyə təzyiqi yenidən əhəmiyyətli artırıb. Yaranmış şərait valyuta bazarının və manatın məzənnəsinin yeni neft qiymətlərinə uyğunlaşmasını zəruri edib".
Harda görünüb ki, 30 faizlik hissə qalan 70 faizə “yaşamağı başa salsın”? Deməli, qeyri-neft sektorunun 70 faizə çıxması yalandır. Ət budursa, pişik hanı, pişik budursa, ət hanı? Ancaq sözümü geri alıram, azlığın çoxluğa qayda-qanun, prinsip diqtə eləməsi təbiətdə mümkündür. Misal üçün, xərçəng xəstəliyində kiçik xəstə hüceyrələrdən başlayan metastaz bütün orqanizmi məhv edə bilir. İndi biz neft gəlirlərinin metastaz dövrünü yaşayırıq. Təəssüf ki, heç bir kimya-terapiya, cərrahiyyə üsulu kömək eləmir.

Yazdakı devalvasiya Beynəlxalq Bankın, “Azəriqazbank”ın, bir neçə nazirliyin başını yedi. O vaxt manatın öləcəyini bilən lotular xeyli pulu xarici valyutaya çevirib qaçırmışdılar. Görəsən, bu devalvasiyadan qabaq xaricə nə qədər valyuta daşındı? İndi mələfədən kimi asacaqlar?

Z.Hacı/musavat
2661 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...