Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Dekabr 2013

Xalq bahalaşmaya "yox" dedi FOTO/VİDEO

Minlərlə insan soyuğun və qarın altında hakimiyyətin soyğunçuluğuna etiraz etdi

Milli Şura dekabrın 15-də bahalaşma əleyhinə mitinq keçirib. Mitinq Yasamal rayonundakı Məhsul stadionunda (İnşaatçılar metrostansiyasının yanı) olub. Güclü yağışın yağması aksiyaya mənfi təsirini göstərsə də, meydana xeyli insan toplaşıb. Aksiya yüksək əhval-ruhiyyədə keçib.

Mitinqə aparıcılığı jurnalist Şahvələd Çobanoğlu edib. O, mitinqin məram və məqsədi barədə məlumat verəndən sonra, sözü AXCP sədri Əli Kərimliyə verib.

Əli Kərimli çıxışında deyib:
“Bu acgözlər öz büdcələrini doldurmaq üçün yanacağın ardınca qazın da, işığın, nəqliyyatın da qiymətini qaldırmaq istəyəcəklər. İstəyəcəklər ki, sizin hesabınıza milyonlarını, milyardlarını daha da artırsınlar. Onlar sizin son qəpiklərinizə göz dikiblər. Biz ona görə buradayıq ki, bu soyğunçu siyasətə dur deyək (meydandakılar “istefa” qışqırır ).
 “İstefa” şüarı səsləndirməyiniz onu göstərir ki, siz bilirsiz, qiymət artımı korrupsiyanın, soyğunçulugun nəticəsidir. Biz yaxşı bilirik Azərbaycanda neft, qaz bir ailənin monopoliyasındadır. Anar Əliyev kimdir ki, buna əlini uzatsın. Əlbəttə ki, əgər Azərbaycanda həmin oliqarxlar İlham Əliyevsiz bu oğurluqları etsəydilər, indi onların hamısının nəsibi həbsxanalar idi. Amma onlar çox rahatdılar, çünki bilirlər ki, bu prosesin başında İlham Əliyev durur. Və əlbəttə ki, Azərbaycan xalqı qarşısında bütün bunlara görə onun özü cavab verəcək.
Biz problemlərimizin əsas səbəbini bilirik. Nə qədər ki, ölkədə legitim iqtidar olmayacaq, xalqla belə rəftar olunacaq”.

 

Sonra Müsavat partiyası İcra Aparatının rəhbəri  Arif Hacılı çıxış edib. O deyib ki, Azərbaycan xalqı Rəsulzadənin bir əsrdir başlatdığı savaşı davam etdirir. Azərbaycanda yaradılan bu xaos, qorxu mühiti meydanlarda insanların sayının az olmasına təsir edir. Lakin bütün dünyanın azadlıqsevər insan və dövlətlərinin Azərbaycan xalqına dəstək verəcəyi gün uzaqda deyil. A.Hacılı hakimiyyətin siyasətini kəskin tənqid edərək, bildirib ki, ölkənin bütün sərvətləri bir ailənin əlində cəmləşib.
Növbəti çıxışçı KXCP sədri Mirmahmud Mirəlioğlu olub. O, deyib ki, bu gün xalqın apardığı bu dirəniş hərəkatının, demokratiya yolunun əsasını Məmməd Əmin Rəsulzadə, Elçibəy qoyub.
Mirəlioğlu hakimiyyəti kəskin şəkildə tənqid edib, onun dinc və demokratik yolla dəyişdirilməsi zərurətindən danışıb. O, qiymətlərin qaldırılmasını xalqa qarşı sui-qəsd kimi dəyərləndirib.

 

Sonda Milli Şuranın sədri Cəmil Həsənli çıxış edib. O, deyib ki, soyuq, çiskinli hava insanların ruhunu qıra bilmədi: “Mən Milli Şura adından bu meydandakıları, ürəyi burada olanları salamlayıram, sizə eşq olsun deyirəm. Siz yenə meydanlardasınız, azadlıq mücadiləsinin önündəsiniz”.
İqtidarı və onun siyasətini kəskin tənqid edən Milli Şura sədri deyib ki, Azərbaycanda hakimiyyət 9 oktyabrda qəsb olunub və xalqın özünü müdafiə haqqı var: “Azərbaycan xalqı özünümüdafiə haqqına sahibdir. Ona görə bu meydanlarda mübarizəsini davam etdirməlidir. İmkan vermək olmaz ki, bunlar bizim cibimizə girsinlər. Sevgili xalq, uca millət! Öz haqqın uğrunda meydanlarda olmalısan, öz haqqını özün təmin etməlisən”.
Cəmil Həsənli hazırda məhkəməsi gedən siyasi fəalları, jurnalistləri, NİDA-çıları, günahsız vətəndaşları xatırladıb və bu məhkəmə proseslərini məzhəkə adlandırıb.
Milli Şura sədri deyib ki, Azərbaycan iqtidarı da dünyada gedən proseslərin fonunda baş qaldıran demokratiya dalğasına tab gətirə bilməyəcək və gedəcək.
“Azərbaycan iqtidarı öz mahiyyətini dəyişə bilmir və dəyişməyəcək. Ona görə də gərək xalq onu dəyişsin.
Tarix sübut etdi ki, müstəqil olmaq hələ azad olmaq demək deyil. Azərbaycan xalqı müstəqillik uğrunda mübarizə apardığı kimi, azadlıq uğrunda da mübarizə aparmalı, güc üzərində bərqərar olan bu iqtidarı yola salmalıdır. Mən inanıram ki, biz buna nail olacağıq”, - deyə Cəmil Həsənli bildirib.
Milli Şura sədri qiymət artımını kəskin şəkildə tənqid edib. Bildirib ki. xalq bu durumdan və qiymət artımından ancaq dirəniş göstərməklə, mübarizə aparmaqla çıxa bilər.

Mitinqdən geniş reportaj verəcəyik.

 



1840 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
28.11.16, 11:54<