Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Dekabr 2015

Bizim ölüvay halımız - Manatın bizi üzən günləri başlayır

Bütün milli dəyərlər ölmüşdü zatən. Ayaq üstə qalan təkcə manat idi. Xüsusi canfəşanlıqla bütün terapiyalardan çıxarıb saxlayırdılar onu da. Özlərinə gərək olduğu üçün. Amma hər kəs bilirdi ki, bu zor-bəla saxlamaqdır və bir gün o da müalicəyə reaksiya verməyəcək. Bir az əvvəl də millət vəkili Vahid Əhmədov xəbərdarlıq etmişdi ki, manatın üzən məzənnəyə keçməsinə imkan vermək lazımdır. Qəflətən ikinci devalvasiyanın baş verməsi şok effekti yarada bilər. O üzdən manatı üzməyə doğru sərbəst buraxdılar getdi. Bu gündən onun üzən günləri başlayır. Ən çox da bizi üzən günləri…

Nüfuzlu iqtisadçı ekspertlərin rəyləri də təsdiqləyir ki, ölkə ağır iqtisadi böhran ərəfəsindədir. Bütün istehsal sahələri çöküb, tənəzzül bütün iqtisadi kanalları sıradan çıxarıb, idxaldan asılı ölkə depressiya girdabındadır artıq. Və indi hər şey bir az da aydınlanır, bir az da şəffaflaşır, bir az da işıqlanır. Adı, ünvanı bəlli olmayan şəxslərin milyardları ölkədən niyə çıxardığı da. Bu fəlakətli tənəzzülü, manat böhranını, yoxsullaşmanı hesaba almışdılar onlar çoxdan. Ölkəni gözləyən ağır günlər bəlli idi hamısına. Yığdıqları böyük sərvəti bu batan ölkənin xarabalıqlarında saxlayıb nə edəcəkdilər ki, daha? O qədər pulu belə talanmış, sovulmuş, süpürülmüş məmləkətdə saxlamağın bir riski də var axı. Zarafat deyil, Azərbaycan yaxın zamanda aclıq ölkəsinə çevrilə bilər. Hazırda içində olduğumuz bütün şərtlər bunu deməyə əsas verir. Işsizliyin, böyük borclanmanın, kredit böhranının ölkənin ayağına keçirdiyi kəndir onu quyunun dibinə sarı çəkir. Daha qarşıda iqtisadi durumun düzələcəyi ilə bağlı ümid verən bir şey yox. Bu ağır sınaqda Allah kimə verə verə…

Tanınmış iqtisadçı ekspert Vahid Məhərrəmov da ərzaq məhsullarının yaxın zamanda 30-40% bahalaşacağını deyir. Bu o deməkdir ki, indiyə qədər büdcənizi tənzimləyərkən hansısa ehtiyacınız üçün nəzərdə tutduğunuz 100 manatın yerinə130-140 manat qoymalı olacaqsınız. Ola bilər, büdcənizdə kəsir qalacaq, bəzi xərcləri istehlak səbətinizdən çıxarmaq və ya azaltmaq məcburiyyətində qalacaqsınız. Amma acı reallıq budur, bəlkə də, yaşadığımız tarixin ən ağır iqtisadi dönəminə yaxınlaşırıq. Gündəlik ehtiyaclarla imtahan edildiyimiz bir dönəmə.

Indi ölkənin bu duruma gəlib düşməsinin səbəbi hər kəsə aydındır yəqin ki. Illərdir vəd olunan neft milyardlarının yaradacağı möcüzə baş vermədi. Insanların yağ-bal içində üzmək xəyalları gəlib manatın üzdüyü yerdə suya qərq oldu. Necəki, adi yaşayış şərtlərini təmin etmək üçün dənizin ortasında işləyən neftçilərimiz Xəzərin sularına qərq olub əbədi görünməz oldular. Onlarla göz qaldı arxalarınca baxa-baxa. Bir ömür baxacaq onlarla göz… Lakin hələ bundan daha ürək yaxan tərəfi də var. Üç gün əvvəl sahillərində xatirə qərənfilləri hələ də yaslı duran həmin o dəniz kənarında “Formula 1″ yarışına hazırlıq atəşfəşanlığı keçirildi. Bunun adı arsızlıqmı olur, qansızlıqmı olur, bilmirəm. Amma bildiyim odur ki, bu hakimiyyətdə ölkə insanını insan yerinə qoymaq qabiliyyəti yoxdur. Bu hakimiyyət o sularda batan onlarla insanın arxasınca dikilən gözlərin yaşı qurumamış orda ”salyut” keçirəcək qədər qəddar olanların əlindədir. Bu hakimiyyətdəkilər insanların sabahkı aclıq əndişəsini vecə almadan, maşın yarışı əyləncəsinə milyonlar xərcləyəcək dərəcədə saymazdır. Ancaq bütün bunları çoxdan görmürdünüzmü yəni? Ölən təkcə manat deyil axı bu ölkədə. Hər şey, elə biz özümüz dəölüvay halda gicəllənib dururuq nə vaxtdır. Indi isə iş-işdən keçib, böhran qaçılmazdır artıq. Artıq ölkənin halı hal deyil…

Səadət Cahangir/Azadliq
1397 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber