Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Dekabr 2015

Rüfət Səfərov Zakir Qaralova müraciət etdi

Müdafiə Nazirliyinin mətbuat xidmətinin sabiq rəhbəri Eldar Sabiroğlunun oğlu, Zərdab Rayon Prokurorluğunun keçmiş müstəntiqi Rüfət Səfərov moderator-un vasitəsi ilə baş prokuror Zakir Qaralova müraciət edib. 

Müraciətdə deyilir:

“Azərbaycan Respublikasının baş prokuroru, I dərəcəli dövlət ədliyyə müşaviri cənab Zakir Qaralova.
Zərdab Rayon Prokurorluğunun sabiq müstəntiqi Rüfət Səfərov tərəfindən müraciət. 

Hörmətli cənab baş prokuror! 

Barəmdə qəbul etdiyiniz məlum qərara hörmət ifadə edərək bir sualıma ya özünüzün, ya da tabeliyinizdə olan digər yüksək çinli prokurorluq əməkdaşlarının cavab verməsini xahiş edirəm. 

Cənab baş prokuror! 

Baş Prokurorluq əməkdaşlarının etiraz etməyimə, məhkəmənin müvafiq qərarının olmamasına baxmayaraq, xidməti kabinetimdəki şəxsi kompüterimin götürülməsi, habelə istifadə etdiyim iki telefona daxil olan və çıxan zənglərə, sms-lərə baxış keçirilməsi, bunlar azmış kimi, kirayənişin olduğum mənzildə axtarış aparılması qüvvədə olan Cinayət-Prosessual Məcəlləsi ilə istisna edildiyi halda bunlar necə baş vermişdir? İnanmaq istəyirəm ki, Baş Prokurorluğun əməkdaşları qeyd etdiyim qanunsuzluqları rəhbərliyin göstərişi əsasında etməmişdir. 
Qeyd edilən qanunsuzluqlarla əlaqədar artıq bir sutkadan çoxdur ki, Zərdab şəhərində yaşadığım evdə aclıq aksiyaslna start vermişəm. Çünki ləyaqətimin aşırı dərəcədə alçaldılması qənaətindəyəm. Digər tərəfdən, məhkəmə sisteminin, hakimlərin müstəqil surətdə qərar qəbul etmə imkanlarının sıfırın altında olduğu barədə məndə formalaşmış fikir məhkəməyə müraciət etməyimə mane olur. 

Cənab baş prokuror!

Xahiş edirəm ki, tabeliyinizdə olan əməkdaşların qanunsuz əməlləri barədə müvafiq qaydada tədbir görəsiniz. Əks halda, quru aclığa başlayaraq cənab prezidentə müraciət edəcəyəm. Cənab prezidentdən xahiş edəcəyəm ki, vətəndaş Rüfət Səfərovun haqq və hüquqlarının bərpa olunması üçün ali iradəni nümayiş etdirsin. Mən buna inanıram”.

P. S. Məlumat üçün qeyd edək ki, aclıq aksiyası keçirən və yüksək temperaturdan əziyyət çəkən Rüfət Səfərov səhhəti ilə bağlı ciddi problem yaşadığından, habelə kompüter imkanına malik olmadığından fikirlərini həyat yoldaşına diktə edərək yazdırıb. Daha sonra həyat yoldaşının qələmə aldığı bu fikirləri telefon vasitəsi ilə qəzetimizin əməkdaşına oxuyaraq bu yolla baş prokurordan onu narahat edən suala aydınlıq gətirməsini xahiş edib.
1190 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
01.12.16, 23:41