Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Dekabr 2015

İlham Əliyevin üç yalanı…

Prezident xalqa yalan vədlərinə görə hansı məsuliyyəti daşıyır?

İlham Əliyev hökumətin 2014-cü ilin yekunlarına həsr edilən iclasında da, 2015-ci ilin birinci, ikinci, üçüncü rüblərinə dair toplantılarında da hər dəfə “iqtisadiyyatın uğurlu inkişafı”ndan, eləcə də “iqtisadi artım”dan, “inflyasıyanın çox aşağı səviyyədə olması”ndan, “əhalinin pul gəlirlərinin artması”ndan və 2014-cü ildəki kimi 2015-ci ili də “uğurla başa vuracağımızdan” qürurla danışıb və yeni vədlər verib.

Ancaq, təkcə 2015-ci il ərzində prezidentin “uğurlu inkişaf” və ya “insanların rifah halının yaxşılaşması”na dair 3 vədinin yalan olduğu üzə çıxdı… Başlayaq, elə Ilham Əliyevin sədrliyilə keçirilən Nazirlər Kabinetinin 2014-cü ilin yekunlarına həsr olunan iclasından.

Bu iclasda prezident, qeyd etdiyimiz kimi, “iqtisadi göstəricilərimizin çox müsbət” olmasından danışıb və öz aləmindəki uğurlara aludə olaraq daha da irəli gedib. Xüsusilə də Azərbaycanda manatın məzənnəsinin sabit olduğunu və bunun bir daha “uğurlu iqtisadi siyasətimizi” göstərdiyini vurğulayıb.

Ilham Əliyev bu il yanvarın 10-da keçirilən həmin iclasda lap belə deyib: “Bu gün manat dünya miqyasında ən sabit valyutalardan biridir. Hesab edirəm ki, xarici vətəndaşlar və xarici şirkətlər öz vəsaitini manat hesablarında saxlasalar, uduzmazlar. Həm pullar yerində qalacaq, eyni zamanda, o pullar onlara əlavə gəlirlər gətirəcəkdir”.

Hətta prezident dünyada neftin qiymətinin kəskin şəkildə aşağı düşməsinə baxmayaraq, deyib ki, “əminəm, Azərbaycan bu vəziyyətdən də şərəflə çıxacaq, manatın məzənnəsi sabit olaraq qalacaq, iqtisadi inkişaf təmin ediləcəkdir”.

Amma bu vədin üstündən bir ay sonra, daha dəqiqi, fevralın 21-də manatın birinci devalvasiyası baş verdi və manat dəyərini 34 faiz itirdi…

Prezidentin bu il yalan çıxan ikinci vədi isə əhalidən alınan əmlak vergisi ilə bağlıdır. Ilham Əliyev hələ 10 il öncəki müşavirədə bütün əmlakın bazar qiymətilə dəyərləndirilib və əmlak vergisinin də bu dəyər əsasında hesablanmasının vacibliyini bildirmişdi. Ancaq həmin “uğurlu inkişaf” illərində dövlət başçısı humanist davranaraq əmlak vergisinin yalnız böyük və dəyərli əmlakın sahiblərindən tutulmalı olduğunu tapşırmışdı. Prezident o zaman dəyəri köhnə manatla 200 milyon, yaxud 100 milyona qədər olan əmlakın, ümumiyyətlə, vergiyə cəlb edilməməsini bildirmişdi… Amma bu ildən başlayaraq əmlak vergisi bahalı mülklər nədi, hətta buna qədər, ümumiyyətlə, vergiyə cəlb edilməyən sadə mənzillərə, evlərə də tətbiq edildi.

Maraqlıdır ki, Ilham Əliyevin əmlak vergisi ilə bağlı tapşırığının icrası nə az, nə çox – düz 10 il sonra, məhz neftin ucuzlaşmasından sonra yada düşdü.

Nəhayət, prezidentin boşa çıxan üçüncü vədi!

Ilham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının yekunlarına həsr olunan iclasında bildirmişdi ki, dərmanlar ucuzlaşdırılır və ilin sonuna qədər əksər dərman preparatlarının qiyməti aşağı düşəcək. Bunu “çox ciddi sosial addım” kimi dəyərləndirən prezidentin bu vədindən 40 gün ötməmiş, yəni dekabrın 21-də manatın ikinci devalvasiyası nəticəsində isə əksinə, dərmanların qiyməti bahalaşdı. Həm də, manat ikinci dəfə dollara nisbətdə 50 faiz ucuzlaşdığı halda, dərmanlar 100 faizədək bahalaşdı.

Biz prezidentin təkcə bir ildə xalqın rifahı ilə bağlı 3 vədinin yalan çıxdığını xatırladıq. Bəlkə, unutduğumuz digər yalanlar da var, xatırlayanlar bizə yazmağı da unutmasın. Belə bir sualımızı da cavablandırmağı unutmayın: bir dövlət başçısı xalqa dəfələrlə yalan vədlər verirsə, buna görə hansı məsuliyyəti daşıyır?/azadlıq/
1592 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 10:20