Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Dekabr 2013

Radar obyektivdir, yoxsa obyekt? (Video)

Azərbaycanda yol qəzaları az qala terror hadisələri qədər can alır. Bu ilin 11 ayı ərzində 2646 yol-nəqliyyat hadisəsi baş verib ki, nəticədə 1061 nəfər ölüb, 2761-i isə yaralanıb.

İnsan ölümü ilə nəticələnən qəzaların böyük hissəsi sürət həddinin aşması nəticəsində baş verib. Dövlət Yol Polisi (DYP) yüksək sürət həddinin qarşısını alınmasının əsas yolunu radarların tətbiqində görür.

Heç kimə sirr deyil ki, ölkənin magistral yollarında bəzi sürücülər avtomobili sürət həddini aşmaqla idarə edirlər, stasionar radara çatdıqda sürəti azaltsalar da sonra yenə qaydanı pozurlar. Buna görə də yol polisi mobil radarları tətbiq etmək fikrindədir.

Baş Dövlət Yol Polisi İdarəsi ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Kamran Əliyev radarların istifadə olunduğu ərazilərdə mütləq müvafiq yol nişanlarının olmalı olduğunu deyir: “İstər keşik patrul avtomobillərində, istərsə də piyada xidmət aparan naryadda da bu radarlardan istifadə oluna bilər. Belə ki, həmin sürət ölçən cihazlar istənilən ərazidə, yəni xidmət yerindən asılı olaraq xidməti ərazidə həmin radarların yerini dəyişdirməklə istifadə oluna bilər. Sadəcə bu radarların istifadə olunduğu ərazidə müvafiq yol nişanları mütləq olmalıdır. Bu da “Yol hərəkəti haqqında” qanunun 50-ci maddəsində müvafiq dəyişikliklər və əlavələr edildikdən sonra qüvvəyə mindi”.

Bir müddət əvvəl yol hərəkəti qaydalarının pozulmasına görə cəzaların sərtləşdirilməsi məsələsi müzakirə edilərkən sürücülər, eləcə də bir sıra millət vəkilləri yol polisinin yol kənarında dayanmış mülki avtomobillərdə radarlar quraşdırmalarından narazılıqlarını ifadə edirdilər. Əslində beynəlxalq təcrübədə gizli radarlardan istifadə halları mövcuddur.

Avtomobil eksperti Azər Allahverənov radarların qurulmasında beynəlxalq təcrübəyə əsaslanıldığını deyir: “Müvafiq qurumlar beynəlxalq təcrübəyə diqqətlə yanaşırlar. Hansı cihazdır, harada qurulur və necə ölçür - bütün bunlara diqqət olunur”.

Amma bizdə sürücülər gizli radarların tətbiqinə razı deyillər. Onların fikrincə, yol polisi bu radarlardan sürəti müəyyənləşdirmək üçün deyil, sürücünü cərimələmək üçün istifadə edir.

Burada problem sürücülərin və polislərin radarlara fərqli münasibətindədir. Sürücülərin böyük hissəsi radara sürət həddinin pozulmasını müəyyənləşdirən və bununla da mümkün qəzanın qarşısının alınması vasitəsi kimi baxmır. Onlar üçün bu, cəza vasitəsidir və hər bir sürücü bu cəzadan bütün mümkün yollarla yayınmağa çalışır.

Amma polislər arasında da radara mümkün qəza vəziyyətini önləmək vasitəsi kimi deyil, sadəcə sürücünü cərimələmək aləti kimi baxanlar var. İndi əsas məsələ gizli radarların tətbiqi sahəsində qızıl ortanı tapmaqdır.

Deputat Çingiz Qənizadə də radarların qoyulduğu yerlərdə müvafiq xəbərdaredici nişanların olmasını vacib sayır: “Mütləq bu radarlar qoyulduğu yerdə - yolun kənarında xəbərdaredici nişanlar olmalıdır. Yaşayış məntəqələrindən kənarda bu, 150-1000 metr məsafədə, yaşayış məntəqələrində isə 50-200 metrdə qoyulmalıdır. Əks təqdirdə isə bunların qoyulması qanun pozuntusudur”.

Biz bu sahədə hər kəsin fikrini öyrəndik. İndi qalır hər kəsin qanunun tələblərinə əməl etməsi və qanun pozuntularına yol verməməklə yanaşı qəzalardan da uzaq olmaq. Baş verən qəzaların qarşısını almaq üçün isə sürücülər məsuliyyətli, yol polisi isə daha çevik olmalıdır./ans/

1513 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı