Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Dekabr 2015

Devalvasiya ölkəni hələ də silkələyir

Banklar üçün 6 milyard manatlıq risk yarandı

Manatın ikinci devalvasiyasının banklara mənfi təsir göstərəcəyi gözlənilir. Ilk növbədə, dollarda olan kreditlərin geri qaytarılmasının daha da pisləşəcəyi və bu baxımdan bankların xərclərinin artacağı ehtimal olunur. Mərkəzi Bankın məlumatına görə, noyabrın biri üçün bankların xarici öhdəlikləri 6 milyard 143,2 milyon manat olub. Həmin tarixdə dollarda ifadədə bu məbləğ 5 milyard 850 milyon dollara bərabər idi.

Manatın yeni məzənnəsi ilə (1,55 manat) hesabladıqda xarici öhdəliklər 9 milyard 67 milyon manata çıxıb. Yəni təkcə xarici öhdəliklər təxminən 3 milyard manat artıb.

Bundan başqa, banklarda əhalinin xarici valyutada 5 milyard 190 milyon dollar (5 milyard 449 milyon manat) əmanəti olub. Ikinci devalvasiyadan sonra əmanətlər manat ifadəsində təxminən 2,8 milyard manat artaraq 8 milyard manatı ötüb.

Bankların xaricə borcları və əmanət üzrə öhdəliklərindən başqa depozitlər və qiymətli kağızlar üzrə də öhdəlikləri mövcuddur. Həmin öhdəliklər də manat ifadəsində artıb. Ümumiyyətlə, xarici valyutadakı cəmi öhdəliklər üzrə bankların manatda öhdəlikləri 7-8 milyard manat civarında artıb.

Düzdür, banklar valyuta riskini nəzərə alaraq valyutalar üzrə aktiv və passivlərinin nisbətini saxlamağa çalışıblar. Lakin bu, çarə olmaya bilər.

Kreditlərin köhnə məzənnə ilə ödənilməsi iflas deməkdir

kredit

Təkcə xarici öhdəliklər və xarici valyutadakı əmanətlər üzrə bankların manatda öhdəlikləri təxminən 6 milyard manata yaxın artıb.ÿBu baxımdan bankların köhnə məzənnə ilə kreditləri geri qəbul etmələri mümkün deyil. Bu o deməkdir ki, bankların müştəriləri borclarını köhnə məzənnə ilə qaytarsalar, bu halda banklar öz borclarını qaytarmaq üçün 6 milyard manat tapmalıdırlar. Kreditlərin ödənilməsi pisləşəcəyi halda da, banklar götürdükləri borclarını bağlamaq üçün yenə vəsait tapmalı olacaqlar. Qısası, vəziyyət yaxşı deyil.

Bu ilin iyunun əvvəlinə bankların cəmi öhdəlikləri 24 milyard 780,7 milyon manat, o sıradan depozit öhdəlikləri 12 milyard 368,6 milyon manat, maliyyə sektorundan alınmış kreditlər və depozitlər üzrə öhdəliklər 10 milyard 543,9 milyon manat, digər öhdəliklər isə 1 milyard 868,2 milyon manat təşkil etmişdir. Həmin dövrdə bankların cəmi kapitalları isə 4 milyard 286,5 milyon manat olmuşdur. Bankların öhdəliklərinin təxminən 60%-nin dollarda olduğu ehtimal olunur.

“Krediti manatla olanlar da möhlət istəyir”

Azərbaycan manatının 2-ci devalvasiyasından təkcə dollarla deyil, həm də manatla kredit götürənlər əziyyət çəkir. Bunu “Molbulak” bank olmayan kredit təşkilatının (BOKT) Idarə Heyətinin sədr əvəzi Elgiz Dadaşov deyib.

Onun sözlərinə görə, rəhbərlik etdiyi BOKT-un kredit portfeli əsasən manatla olsa da, dolların 2-ci dəfə kəskin bahalaşmasından sonra ödəniş etməkdə çətinlik çəkən müştəriləri var: “Krediti manatla olanlar da vaxtı uzatmaq istəyir. Məsələn, elə müştəri var ki, aylıq ödənişi 200 manatdır. Amma qiymətlərin artdığını və maddi vəziyyətin çətinləşdiyini əsas gətirərək aylıq ödənişi 100-150 manata endirmək istəyir”.

Təşkilat rəhbəri bildirir ki, belə müraciətlərə adətən anlayışla yanaşılır və imkan daxilində müsbət cavab verilir: “Yəqin ki, gələn həftə belə müraciətlərə baxacağıq, həmin kreditləri restruktizasiya edəcəyik”.

Elgiz Dadaşov onu da qeyd edib ki, “Molbulak” vəsaiti manatla, yerli banklardan illik orta hesabla 15% olmaqla cəlb edir. Bu vəsait illik 25%-lə kredit kimi verilir.

Yumurta 25 faiz qalxıb

yumurta

Manatın 50 faiz ucuzlaşmasından sonra, bir çox ərzaq malları kimi, yumurtanın da qiyməti bahalaşıb. Indi müxtəlif marketlərdə yumurtanın bir ədədi 17-19 qəpiyə satılır.

Bu qiymət qablaşdırılmış formada satılan broyler yumurtalarına aiddir. Kənd yumurtasının bir ədədi isə 25 qəpiyə satılır.

Kənd təsərrüfatı mütəxəssisi Vahid Məhərrəmli “Azadlıq” radiosuna bildirib ki, bahalıq idxalla bağlıdır: “Yumurta Azərbaycanda istehsal olunsa da, istehsalda istifadə edilən bütün vasitələr xaricdən gətirilir. Texnoloji avadanlıqlar, dərman preparatları, yumurta istehsalında istifadə olunan yem komponentləri, genetik material, hamısı xaricdən gətirilir. Ona görə bizdə həmişə yumurtanın qiyməti yüksək olub. Daşınma xərcləri, digər xərcləri də var. Bunların hamısını hesablayanda bizdə yumurtanın maya dəyəri digər ölkələrə nisbətən yüksək olur”.

Iqtisadçı Vahid Məhərrəmli deyir ki, heç olmasa, quş yemi daxildə istehsal olunsa, yumurta da ucuzlaşar: “Əks halda, biz yumurta, quş əti ilə bağlı problem yaşayacağıq”.

“Azərsun Holdinq” ərzaq mallarını bahalaşdırdı: “Buna məcburuq”

azersun

Azərbaycanda qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən ən böyük şirkətlərdən olan “Azərsun Holdinq” MMC-nin məhsullarında da kəskin bahalaşma hiss olunur. Bahalaşma şəkər, qənd kimi məhsullarda o qədər də hiss edilməsə də, kərə və bitki yağları, çay, şirniyyat kimi qida, quşçuluq məhsullarında, xüsusilə yumurtada, kimyəvi və yuyucu toz məhsullarında özünü aşkar biruzə verir.

“Azərsun Holdinq” MMC Ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Afiq Səfərov bahalaşmanı təsdiq edərək açıqlama verib: “Biz xammalın 80-90 faizə yaxınını xaricdən alırıq. Çünki, ölkədə xammal ehtiyatı formalaşmayıb. Buna görə də xammalı xaricdən valyuta ilə alırıq”.

A.Səfərov qeyd edib ki, holdinq baş verən devalvasiyadan sonra məhsulları bahalaşdırmağa məcbur olub. Şirkət rəsmisi devalvasiya baş verən an rəflərdəki məhsulların qiymətinin dərhal qaldırılmasına da aydınlıq gətirib: “Bu zavod işləyir və biz lazım olan məhsulu valyuta ilə alıb emal ediriksə, buna getməliyik. Çünki, növbəti dəfəyə məhsul sifariş vermək üçün dollar almaq məcburiyyətindəyik. Və həmin an tənzimləməyə getməsək, qiyməti bazara uyğunlaşdırmasaq, növbəti dəfə üçün sifariş verdiyimiz xammalı ala bilməyəcəyik. Nəticədə minlərlə insan işsiz qalacaq, bazarda isə qıtlıq yaranacaq”./Modern/

1648 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
02.12.16, 23:50