Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Dekabr 2015

"Hökumət böhranın bütün ağırlığını xalqın üzərinə yükləyib"

Milli Şura sədri, professor Cəmil Həsənli özünün Facebook səhifəsində manatın devalvasiyası məsələsinə maraqlı münasibət bildirib.

“On ay ərzində manat iki dəfə ucuzlaşdı. Bu, əslində həyatın, yaşayışın, dolanışığın iki dəfə bahalaşması deməkdir. Diqqət edin: başa çatmaqda olan 2015-ci ilin dövlət büdcəsi 19,5 milyard manat idi. Bu məbləğ həmin dövrün qiymətləri ilə 24,5 milyard Amerika dollarından çox idi. Qarşıdakı 2016-cı ilin büdcəsi isə 14,5 milyard manat həcmində müəyyən edilib. Dekabrın 21-də manatın ikinci devalvasiyasından sonra bu məbləğ 10 milyard dollardan da azdır. Deməli, möhkəm valyuta ilə hesabladıqda, bir il ərzində büdcə göstəricilərimiz, təxminən, 15 milyard dollar aşağı düşüb. Əgər nəzərə alınsa ki, Azərbaycan əsasən möhkəm valyuta ilə alınan idxal məhsulları hesabına yaşayır, bunun qiymət bazarına necə təsir göstərəcəyi daha aydın görsənər.

Son 3 gün ərzində qiymətlərin durmadan artması əhalini çıxılmaz vəziyyətə salıb. Bir sıra təhlilçilər bunu labüd proses kimi təqdim etməyə çalışırlar. Amma nəzərə almırlar ki, hökumət böhranın bütün ağırlığını xalqın üzərinə yükləyib. Əhalinin, xüsusilə aztəminatlı ailələrin böhrandan müdafiə olunması üçün heç bir qabaqlayıcı tədbir görməyib. 1 milyon 400 min pensiyaçının, təxminən, bir milyonu 120-200 manat məbləğındə pensiya alır. Yalnız idxal üzərində qurulan dərman preparatlarının qiymətlərində 30-40 faiz artımının əhalinin bu təbəqəsini hansı vəziyyətə salacağını təsəvvür edirsinizmi?

Hakimiyyət ölkədəki maliyyə böhranını beynəlxalq amillərlə izah etməyə çalışsa da, vəziyyətin belə acınacaqlı həddə çatmasının çoxlu subyektiv səbəblər vardır. Məsələ burasındadır ki, manatın arxasında neftdən başqa, bir şey dayanmır, neftin qiyməti də günü-gündən ucuzlaşır. Bu, ilk növbədə, bir vaxtlar qoymağa yer tapılmayan neft pulları hesabına qeyri-neft sektorunun yaradılmaması ilə bağlıdır.

Bir vaxtlar yaxşı təhsil görməmiş hökumət rəsmiləri dərs buraxan şagirdlər hesabına büdcəni doldurmağa ümid bəsləyir. Hər 7 saat buraxılan üzürsüz dərsə 100 manat cərimə müəyyən edilib. İndiyə qədər valideynlər uşaqlarına ildə bir dəfə məktəb forması, dərs ləvazimatları almağın, fondpulu ödəməyin dərdini çəkirdilər. İndi "qayıbpulu" ödəməyin də yükünü çəkməli olacaqlar. Kim təminat verə bilər ki, bu, məktəblərdə kütləvi rüşvət hallarının çoxalmasına gətirib çıxarmayacaq?

Maliyyə vəzirimiz və baş xəzinədarımız indi də qəvvaslıqla məşğul olub manatı üzməyə öyrədirlər. Qiymətli kağızlar bazarı olmadan, normal pul-kredit sistemi işləmədən, maddi istehsal sahəsi olmadan, manatın uzağa üzəcəyi sadəcə xəyalpərvərlikdir. İndilik, əhalini qiymət şokundan xilas etməyin ən təxirəsalınmaz yolu əmək haqqı, pensiya və müavinətlərin devalvasiyaya uyğun indeksasiyasıdır”./strateg/
1244 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat