Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Dekabr 2015

Əliyev hansı inkişafdan danışır?

Yaxud, soyğunçuluq siyasətinin günahını neftin üstünə atmaq cəhdi

Bu faktdır ki, 2015-ci Azərbaycan üçün ağır il oldu. Ölkə iqtisadiyyatı neftdən asılı vəziyyətdə olduğu üçün, neftin qiymətinin düşməsi ölkəni iflic vəziyyətə saldı. Milli valyuta ilin əvvəlində 34 faiz, ilin sonunda 48 faiz ucuzlaşdı. Vətəndaşlar sürətli borclanmaya getdi, qiymətlər bahalaşdı. Daha dəqiq desək 2105-ci il hakimiyyətin təbliğatını puç etdi və məlum oldu ki, “analoqsuz inkişaf” deyimi nağıl imiş.

Amma ölkənin böhranla üz-üzə qaldığı, insanların ağır sosial vəziyyətdən əziyyət çəkdiyi bir vaxtda, ölkə başçısı yenə də inkişafdan danışıb.

“2015-ci ilin digər yekunları da müsbət olmuşdur. Baxmayaraq ki, bölgədə və dünyada iqtisadi böhran davam edir, Azərbaycan iqtisadiyyatı inkişaf etmişdir. Çalışırdıq ki, biz iqtisadi dayanıqlığı maksimum dərəcədə təmin edək. Ancaq bildiyiniz kimi, neftin qiyməti bir il ərzində üç dəfə aşağı düşüb. Bizim gəlirlərimiz kəskin şəkildə azalmışdır. Büdcə gəlirləri azalmışdır. Əfsuslar olsun ki, dünyada gedən proseslər gələn il də nikbinlik üçün əsas vermir. Ona görə bu böhranın davam edəcəyi istisna olunmur. Neft gəlirlərimizin aşağı düşməsi təbii ki, milli valyutamıza da mənfi təsir etmişdir. Manatın məzənnəsinin dəyişdirilməsinin əsas səbəbi neft qiymətinin üç dəfə aşağı düşməsidir. Yəni, manatın məzənnəsinin dəyişdirilməsi qaçılmaz idi. Hazırda neftin qiyməti 36 dollara düşüb. Amerika Birləşmiş Ştatlarında dollarla bağlı qəbul edilmiş son qərar da neftin qiymətinin düşməsinə xidmət edir. Burada digər geosiyasi amillər var. Bu böhranlı illərdə Azərbaycan ən dinamik inkişaf templərini göstərmişdir. Iqtisadi cəhətdən ən sürətlə inkişaf edən ölkə də Azərbaycandır”, – deyə Ilham Əliyev bildirib.

Göründüyü kimi Ilham Əliyev ölkəni bürüyən böhranı neftin üstünə atır, hətta ABŞ-la bağlamaq istəyir. Yəni, demək istəyir ki, dünyanın məqsədli şəkildə qurduğu plan nefti ucuzlaşdırdı və biz də buna görə geri düşdük.

Amma ölkə başçısı bütün bunlardan sonra da Azərbaycanı ən sürətli inkişaf edən ölkə kimi təqdim edir. Sadəcə olaraq bu inkişafın məhz nədə ifadə olunduğunu söyləməyib. Ümumiyyətlə, Ilham Əliyev 15 milyardlıq büdcə və 25 milyardlıq xarici borca görə öyünən yeganə prezidentdir.

Ölkəni neftdən asılı vəziyyətə salıb, sonra dünyada günah axtarırlar. Məgər, dövlətin milyardlarını offşorlara daşımağı, bütün sahələri monopoliya etməyi, manatı süni şəkildə şişirtməyi, gömrüyü, vergi sistemini soyğunçuluq şəbəkəsinə çevirməyi, mənasız layihələrə milyardlar xərcləməyi, dünya bizdən xahiş etmişdi?

Neftin qiyməti 120 dollar olanda vətəndaşa fərqli nə təqdim edilmişdi? Onda da ölkə başçısı günahkarların cəzalanacağını, korrupsiyanın kökünün kəsiləcəyini, yoxsulluğun minimuma endiriləcəyini vəd verirdi. Və 13 il keçib yenə də eyni vədlər verilir.

Yəni, ölkənin bu vəziyyətə düşməsini neftin, dünyanın üstünə yıxmaq sadəcə vətəndaşı aldatmaqdır. Uzun illərdi deyilir ki, qeyri-neft sektoru inkişaf etdirilməli, azad sahibkarlığa şərait yaradılmalı, monopoliyalar ləğv olunmalı, korrupsiyanın kökü kəsilməlidir. Hakimiyyət isə neftin qiymətinin yüksək olmasından sui-istifadə edib, heç bir əməli tədbir görmədi.

Yaxşı olar ki, ölkə başçısı olmayan inkişafdan danışmaq əvəzinə, son 10 ildə ölkədən çıxarılan 95 milyardın hesabatını versin. Beynəlxalq araşdırmaçı jurnalistlərin ortaya çıxardığı faktlara münasibət bildirsin. Məmur banklarının vətəndaşı talan etməsindən danışsın.

Digər tərəfdən neft və qazdan başqa dünya bazarına hansı məhsulu çıxarda bilmişik? Yerli istehsal hesabına hansı təlabatımızı ödəyə bilirik? Azərbaycanın neftsiz ixracatı Gürcüstandan azdırsa, hansı inkişafdan danışırıq? Niyə neftin qiymətdən düşməsi digər neft ölkələrini də bizim vəziyyətimizə salmadı? Bu necə inkişafdır ki, xarici borc xirtdəyimizə çıxıb? Əgər 100 milyardlar ölkədən oğurlanmasaydı, korrupsiya dövlər siyasətinə çevrilməsəydi, neftin qiymətdən düşməsi bizə təsir edərdimi?

Ölkə vətəndaşalrının 2.5 milyon nəfəri kredit borcu ödəyir, 2 milyondan artıq insan dolanışıq üçün ölkə xaricinə üz tutub. Ölkə başçısı isə sürətli inkişafdan danışır.

Yeri gəlmişkən ölkə başçısı onu da qeyd edib ki, idxal olunan məhsullarda qiymət artımı müşahidə olunsa da, yerli istehsalda qiymət artımına imkan verilməyəcək. Bildiyiniz kimi ölkənin əsas təlabatı idxal hesabına ödənilir. Idxal isə iri məmurların monopoliyasındadır. Deməli, iri məmurlar yenə də öz ciblərini dolduracaq. Amma yerli istehsalçı Əlinin, Vəlinin, Pirvəlinin istehsal etdiyi məhuslunun qiyməti qalxmayacaq. Hansıki, Əli, Vəli qiyməti artırmağa məcburdur. Çünki, yerli istehsalçı da qiyməti qalxmış idxal mallarının alıcısıdır və ümumi tempə uyğun olaraq qiyməti qaldırmağa məcburdur.

Göründüyü kimi hökumət nə qiymət artımını dayandıra biləcək, nə də böhrandan xilas olmaq üçün proqrama malikdir. Sadəcə olaraq 3-5 nəfər yerli istehsalçını həbs ediləcək və bu qiymət artımına nəzarət kimi təqdim olunacaq.

Bir sözlə, Ilham Əliyev 13 il əvvəl əzbərlədiyi sözləri, böhran dalğaları arasında da təkrarlamağa davam edir. Onun kitabında tənəzzülün sinonimi “inkişaf” kimi yazılıb./azadlıq/
1604 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber