Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Dekabr 2015

Manatın “ölməsindən” məmur-oliqarxlar necə qazanır

“Bu ölkənin devalvasiyadan da, kasıblıqdan da daha böyük problemi kəskin təbəqələşmədir”

AXCP sədri Əli Kərimli feysbuk səhifəsində sonuncu devalvasiya prosesindən də məmur-oliqarxların qazanmasından, ölkədə getdikcə kəskinləşən təbəqələşmədən yazıb. Yazını təqdim edirik:

21 dekabr devalvasiyasından əvvəlki 8 gündə Mərkəzi Bankın 750 milyon dollar satdığı yadınızdan çıxmayıb? Sizcə, o 750 milyonu alan kimlər idi? Müəllimlərmi, həkimlərmi, pensionerlərmi, kənd təsərrüfatında alın təri ilə özünə çətinliklə çörək qazananlarmı? Bəlkə bizim hərbçilər, polislər, xırda ticarətlə, tikinti ilə məşğul olanlar alıb həmin 750 milyon dolları 8 gün ərzində? Əlbəttə ki, xeyr. Sadaladığım təbəqələrdə o qədər manat yox idi axı. O 750 milyonun yaxşı halda bəlkə 5-10 faizini sadaladığım təbəqələr alıb. Qalan 90-95 faizini yenə də həmin oliqarxlar, vəzifə milyonçuları aldılar. Bir çoxları həmin pulları ölkədən çıxarıb, xaricdə mala-mülkə yatızdırdı, bəziləri də həmin dollarları əllərində saxlayıb. Məqamına görə manat – dollar, dollar – manat alveri ilə əlavə milyonlar qazanırlar.

Təsvir etdiyim mexanizm Mərkəzi Bankın təkcə 8 gündə satdığı 750 milyon dollar üçün deyil, bütövlükdə son bir ildə satdığı 10 milyarda yaxın dollar üçün də keçərlidir. Özünüz düşünün, bir ildə o qədər dolları bu ölkədə kimlər ala bilərdi? Bəli, milyonlarla insanı çörəyə, ərzağa, dərmana belə möhtac qoyan devalvasiya bir neçə min oliqarxı, korrupsioneri, vəzifə milyonçusunu daha da zənginləşdirdi. Proses davam edir.

Bu ölkənin devalvasiyadan da, kasıblıqdan da daha böyük problemi kəskin təbəqələşmədir. Son illərdə nə baş verir-versin, nəticədə oliqarxlar, onların ətrafı, vəzifəsindən, mövqeyindən sui-istifadə edərək varlananlar daha da çox qazanır, əhalinin kasıb təbəqəsi daha da kasıblaşır. Manatın devalvasiyası zamanı da itirən əsasən əhalinin kasıb təbəqəsi oldu. Ümidini maaşa, pensiyaya, müavinətə bağlayanlara, pulunu halal zəhmətlə qazananlara daha böyük zərbə dəydi. Özləri isə daha da çox qazandılar.

Biz özümüzdə güc tapıb bu rejimi dəyişmədikcə, təbəqələşmə formulu da dəyişməyəcək, hər keçən gün əhalinin mütləq əksəriyyəti daha da kasıblaşacaq, hakimiyyəti əlində saxlayan bir ovuc korrupsioner, oliqarx, onların yaxınları isə zənginləşib, daha da azğınlaşacaq. Ona görə də, devalvasiyaya görə əsəbiləşmək azdır, ölkənin sərvətlərinin, zənginliklərinin ədalətli paylaşımını təmin edəcək yeni idarəetmə sistemi qurmaq üçün səfərbər olmaq lazımdır.
1210 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi