Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Dekabr 2015

İstefa verən müstəntiq: “Nə üçün belə etdim?”

7 yaşımdan – doğma torpağımdan deportasiya olunduqdan bəri narahat düşüncələr hislərimə hakim kəsildi. Tale elə gətirdi ki, haqsızlığın nə demək olduğunu azyaşlı çağlarımdan duymağa, duyduqca da qeyri-iradi fikirləşməyə başladım. Dərd etdim ki, nə üçün elimdən-obamdan şəcərəm qovulur, nədən günahsız qohum-əqrabam qətl edilir. Elə bu fikirlər altında bir də gördüm ki, ailəmlə birlikdə Bakıdayam. Elə sandım ki, türkün köhnə diyarlarından olan küləklər şəhərində özümü tapıb, bəxtəvər bir həyat sürəcəyəm. Fəqət burada da yaşa dola-dola insana dəyər verilmədiyinin, haqqın tapdanıldığının, hüququn pozulduğunun şahidi oldum. Evdə eşitdiklərimlə çöldə seyr etdiklərim məni çaş-baş salmağa başladı. Fikir etdim ki, yəni valideynlərim məni aldadır? Təəssüf ki, aldandığım zamanla təsdiqləndi. Olduqca dərin fikirlər məni öz ağuşuna aldı, çıxa bilmirdim, ayılanda artıq gəncdim və D.Didronun “dərin fikirlər beyinə yeridilmiş dəmir mismarlar kimidir, onları heç bir qüvvə oradan çıxara bilməz” fikri məni birdəfəlik ayıltdı…

…Zaman keçdi, illər ötdü, orta məktəbi, yeri gəlmişkən, hazırkı vəziyyətimə görə orta məktəbdə rus dili müəlliməm olmuş, iliyinədək türkçü olan Zenfira xanımın “günah”ı böyükdür, ali məktəbi bitirib, hüquqçu oldum. Lütfkar oxucu, bu arada bir haşiyə çıxım ki, ümumi dünyagörüşümün formalaşmasında ali məktəbdə əxz etdiyim biliklərin xüsusi çəkisi 40 faizdirsə, tələbə ikən özümə həm də çörək pulu qazanmaq üçün günortadan sonra çalışdığım “Dövran” qəzetinin və unundulmaz baş redaktor Salman Vilayətoğlunun əməyi 60 faizdir. 18-19 yaşındaykən rəhmətlik Salman bəylə aramızda olan uzun-uzadı, hərçənd, aramızda 20-25 yaş fərqi vardı, söhbətlər, bu əsnada çıxardığım nəticələr gələcəyimi tamam-kamal təyin etdi…

Hökumət evi və mən…

23 yaşında Kənd Təsərrüfatı Nazirliyində əmək fəaliyyətinə başlayaraq, aqrar hüquq sahəsində məsləhətlər verdim. Bu məsləhətin ömrü 6 il çəkdi, daha doğrusu, Eldar Sabiroğıunun bir zəngi ilə nazirliklə vidalaşmalı oldum:

– Salam oğlum, necəsən? İndicə “Azərbaycan” qəzetində prokurorluq orqanlarına müsabiqə elan edildiyini oxudum. Xahiş edirəm, hazırıaş, sənədlərini təqdim et. İnanıram ki, uğur qazanacaqsan. Səndən istintaqçı olaraq xalq və dövlətə yaxşı xidmətçi çıxar…

– Salam, ata. Minnətdaram, normal olmağa çalışıram. Ata, mənim xasiyyətimə bələd olduğun halda, gör, məndən nə xahiş edirsən? Axı, prokurorluq mənlik deyil. Orada mövcud olan bəzi məsələlərlə mənim xarakterim üst-üstə düşmür. Ancaq yaxşı, sözünü eşidirəm…

Müstəntiq Rüfət Səfərov

… Artıq prokurorluq orqanlarındayam – Zərdabda müstəntiq olaraq. Zərdab və zərdablılara tezliklə isinişsəm də özümü bu qurumda görə bilmir, sanki işgəncə altnda fəaliyyət göstərirəm. Bütün iş, material və sənədləri axırıncı gündə icra edə bilirəm. Can dərdi olaraq. Əminliklə söyləyə bilərəm ki, yer üzündə ən ciddi işgəncə kimliyini görə bilmədiyin yerdə fəaliyyət göstərməkdir. O yerdə ki, münasibətləri hüquq normaları deyil, “özəl” normalar tənzim edir. O yerdə ki, bilik və qabiliyyət arxa planda, təqdimat, himayədarlıq, xidməti traybalizm ön plandadır… Və mən növbəti dəfə öz-özümə sual edirəm: “Sən, dərk edə bilirsənmi, haradasan, nə işlə məşğulsan, məcburən nələrə vəsiləsən?”. Dəhşət saçan, içimi didən, bütün mövcudiyyətimi sarsıdan bu suallar ətrafında düşünürəm: “Ya həmin suallar məni didib-parçalayacaq, ya da özümdə təpər tapıb, qalib gələcəyəm!”. Qəti qərar barədə bir qədər sonra…

Bilmirəm şu cinayət, şu xəyanət, şu fəlakət,

Bitməzmi ilahi?! Bu qədər səbrə nə hacət?” Cavid əfəndi

Məni tanıyanlar təsdiqləyə bilərlər ki, hər zaman ölkədə baş verən ədalətsizliklər, hüquq və azadlıqların addımbaadım tapdanması, qanunsuzluğun öz apogeyinə qalxması, görüşlərinə görə insanların zındana salınması, siyasi, iqtisadi, mədəni, sosial və s. hüquqların az qala rəsmi surətdə ləğv edilməsindən dolayı narahatçılıqlarımı ifadə etmişəm. Lakin bu, dar çərçivədə olmuşdur. Təbii ki, bu heç nəyi həll etmir, məsələnin həlledici yanı o ola bilərdi ki, fikirləri bütöv xalqa çatdırıb, nəyin nə yerdə olduğunu izhar edəsən. Misalçün, yeraltı və yerüstü sərvətlərə rəğmən, insanların anormal yaşam sürmələrindən tutmuş Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadəni “vətən xaini” çıxaran birisinin MİLLƏTİN MƏCLİSİNƏ düşə bilməsinin motivlərini 2-3 dostun yanında izah etmək boş şeydir. Bu və buna bənzər hallar barədə sosiuma elan vermək əsas şərtdir! Cavid Əfəndi demiş, bu qədər səbrə nə hacət?”

VAXTDIR!!!

Zaman – 19 dekabr 2015-ci il. Məkan – Zərdab şəhəri, kirayənişini oduğum mənzil. Yuxudan oyanıb, həyat yoldaşıma səslənirəm: “Nuray, bu gün ölkədə tüğyan edən haqsızlıqlar sənin də gözlərin önündə cərəyan edir. Mən daha tab gətirə bilimirəm. Qəti qərar vermişəm. Prokurorluq orqanlarından istefa verib, haqqın tərəfinə keçirəm. Söylə, o halda, yanımda olacaqsanmı? Zatən, yanımda olmayacağın da aldığım qərara zərrə qədər sirayət etməyəcəkdir. Sadəcə, bir ər olaraq səndən soruşuram…”.

Cavab özünü çox gözlətmir: “Sən həyatda olsan, həyatda, qəbirdə olsan, qəbirdəyəm! Yanındayam!”.

Bundan sonra ictimaiyyətə elan: “Mən, Səfərov Rüfət Eldar oğlu ölkədə tüğyan edən şərəfsizlik və ləyaqətsizliyə etiraz rəmzi olaraq prokurorluq orqanlarından istefa verirəm!”.

Bir bilsəniz, bir anın içində içim necə rahatlandı, dünyanın ən bəxtəvər inasanına çevrildim. Çünki AZAD oldum!!!

Eldar Sabiroğlu və mən

Cənab Sabiroğlu mənim atamdır. O ata ki, min zillətlə məni böyütmüşdür. Adım qədər əminəm ki, bizim evə onun əmək haqqı, əmək haqqı çatmadıqda isə dostlarının köməyindən savayı, kənar gəlir daxil olmamışdır. Atamın siyası fikirlərini, yalnız siyasi fikirlərini daxilimdə heç zaman qəbul etməmiş, tamam-kamal ayrı cür düşünmüşəm ki, bu da vətəndaş cəmiyyətinin çiçəkləndiyi ölkələrdə normal, qorxu hissinin sosiuma hakim kəsildiyi ölkələrdə anormaldır. Lakin atama üz vurmur, içimdən keçənləri ifadə etmirdim.

Atama uzun ömür, can sağlığı, möhkəm iradə arzu etməklə bərabər, əmin edirəm ki, həyatı boyu onun başını aşağı sala biləcək tərzə yol verməyəcəyəm.

Siyasi düşük və icarəyə götürülmüş politoloq: bir medalın iki üzü.

Bir siyası düşük mənim məlum qərarımı tərbiyə çatışmazlığında, ailə münaqışəsi zəminində arayaıb-axtarmağa səy etmişdir. İcarəyə götürülmüş politoloqsa qərarımı texniki, rotasiya, yerdəyişmə və s. məsələlərlə əlaqəlandirməyə çalışmışdır. Onların hər ikisinə tövsiyəm budur ki, şərəf və ləyaqət hisslərinə gec də olsa, sahib cıxsınlar. Şərəf və ləyaqət mənəvi istilahdan savayı, həm də yuridik kateqoriyadır. Şərəf insanın özünə verdiyi dəyərdirsə, ləyaqət cəmiyyətin fərdə verdiyi qiymətdir. Beləliklə, şərəfli olun ki, ləyaqətli olasınız!

Sonda

Bu günlərdə mənə dəstək verən bütün media cameəsinə, vicdanlı insanlara, ələlxüsus da ruhundan ruh aldığım Həsən Bəy Zərdabi diyarına, əzizim zərdablılara səmimi qəlbdən təşəkkür edirəm./azadlıq/

1600 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı