Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Dekabr 2015

«Niyə diri-diri öldürürsünüz bizi?!»»

Qiymətlərin kəskin bahalaşması əhalini çətin vəziyyətə salıb «Bizim Yol»un əməkdaşları paytaxt küçələrində sorğu keçirdi: hamı bahalaşmadan narazıdır
"Un qalxıb, aclıqdır. Necə olacaq vəziyyətimiz? Əlbəttə pis. Bankın kreditini verə bilmirəm. Borc xirtdəkdədir. Külfət də çoxdur. Ər yox, qayınana yox, qayınata yox ki, gətirib mənə pul verə. Axşama kimi çöllərdəyəm. Evi dolandırım, özümü dolandırım, ya borcumu verim? Yoxdur dolanışığım. Neyniyim, yıxılım ölüm? Ay başına dönüm, köhnə malları dollarla almayıb gətirib ona qiymət vurur. Niyə qiyməti qaldırırsan? Niyə öldürürsən məni? Qoy köhnə malın qurtarsın, təzə mala qiymət vurun. Niyə diri-diri öldürürsünüz bizi? Onda bir quyu qazın, bizi də içinə atıb basdırın, canımız qurtarsın" -deyir küçə satıcısı Fatma xala.

İlin əvvəli ilə müqayisədə milli valyutamız 2 dəfə dəyərini itirib. Manatın dəyərdən düşməsi isə ilk növbədə ərzaq bazarına öz təsirini göstərdi. Məsələn, ən ucuz çayın qiyməti əvvəllər 0.92 qəpik idisə, artıq 1 manat 50 qəpikdir. 7 manata satılan kərə yağı 9 manata, günəbaxan yağı 2 manat 23 qəpikdən 3 manat 10 qəpiyə, 35 qəpiyə olan makaronlar isə 90 qəpikdən satılmağa başlayıb. Əhali isə bahalaşan qiymətlər qarşısında aciz vəziyyətdədir. Sürətli bahalaşma insanlarda "bundan sonra nələr olacaq" qorxusu yaradıb. Bizimyol.info-nun əməkdaşları şəhər sakinlərinin bahalaşma ilə bağlı fikirlərini öyrənib.

Lənkərandan gəlib Bakıda limon satan Yeganə xala da deyir ki, o nə pensiya alır, nə də maaş. İki övladının xəstə olduğunu deyən Yeganə xanım, yoldaşının da iş qabiliyyəti olmadığını deyir: "Bir həftədir Masallıdan heyva gətirmişəm ki, satım, amma alan yoxdur. İki- üç ildir ki, ətin rəngini görməmişəm mən. Ancaq kartof yeyirdik. İndi onun da qiyməti qalxdı oldu 1.50. İndi nə yeyəcəyik? Unun bir kisəsinin qiymətini qaldırıb elədilər 30 manat. Onu kim alacaq? Gündə 3-4 manat güclə qazanıram. Onu da polis qoymur ki, küçə alveri yoxdur. Bəs yaşamaq üçün neynəməliyik? Onda bizi göndərsinlər xaricə, biz də gedək orda adam kimi yaşayaq, olaq xarici vətəndaş. Ay qurban olum, mən necə yaşamalıyam? Evə heç getmək istəmirəm. Aclıqdır, aclıq... pensiya alsam dərd yarı idi. Heç o da yoxdu axı..."

Qəzetimizə danışan təqaüdçü Vəsilə Ağayeva (ad şərtidir) deyir ki, 120 manat təqaüd alır. Dolanmaq isə olduqca çətindir: "Yıxılıb ölürük, yiyəmiz yoxdur. Bircə qənd, çaydan götürün. Görün qiymətlər necə olub. Övladlarımın heç biri işləmir. Çox acınacaqlı durumdayıq. Bank da ki, boğaza yığıb məni. Krediti dollarla götürmüşük. İndi də ödəyə bilmirik. Gah deyirlər ki, müddəti uzadırlar, gah deyirlər ki, faizi azaldırlar - hamısı boş söhbətdir. Bank deyir ki, necə götürmüsən elə də gətir ver. Yenə biz yaşlılar bir təhər yola veririk. Bu cavanlar ki, var onlar heç dözə bilmirlər. Heç cürə onları sakit edə bilmirik. Nə deyim, necə deyim? Dərdimizi hara deyək? Biz deməklə kömək edəcəklər, ya işlə təmin edəcəklər. Dövlət nə olsun ki, deyir. Bank da deyir ki, necə götürmüsən elə də gətir qaytar".

"İnşaatçılar" metrosu yaxınlığında meyvə-tərəvəz satışı ilə məşğul olan Fərid Məmmədov da deyir ki, vəziyyət çox pisdir. Hər şeyin qiyməti qalxıb: "Bir məsələ var, bizim xalq dözümlü xalqdır. Həqiqətən də elədir. Hər şeyin qiyməti azı 50 faiz qalxıb, ancaq bizim millət səsini çıxarmır. Adicə meyvələrdə qiymətlər artıb. Xüsusilə də bizim torpaqda yetişməyən meyvələrin hamısının qiyməti qalxıb. Bütün meyvələrin qiyməti 50 faiz qalxıb. Əvvəllər bananın qutusunu 37 manata alırdıq indi isə 48 manata alırıq".

Təqaüdçü Mirzə dayı da deyir ki, bahalaşma onlara çox pis təsir etdi. "Verdikləri təqaüdlə qiymətlər düz gəlmir axı. Mənə elə gəlir ki, bundan sonra da yaxşı heç nə olmayacaq. Bir daha bahalaşma olacaq. Çünki bu zəruridir. Bahalaşmayan məhsul demək olar ki, yoxdur. Güman edirəm ki, getdikcə daha da artacaq qiymətlər".

"Biz pensiyaçıyıq. Pensiya ilə bu qədər bahaçılıq... Yağın, şəkər tozunun, duzun hər şeyin qiyməti qalxıb. Biz də azərbaycanlıyıq axı? 7 manata aldığımız yağ indi 11 manat olubdur. Çox çətindir. Aldığım 150 manat pensiya ilə nə bazarlıq edə bilərəm. Hələ 2016-cı ildə vəziyyətin daha da ağır olacağını deyirlər. Çünki büdcədə pul yoxdur. Bundan sonra nə gözləmək olar? "- deyir təqaüdçü Sevda Namazova.

Qiymət artımı sadəcə xaricdən idxal olunan mallarda yox, yerli şirkətlərin məhsullarında özünü göstərir. "Veysəloğlu" Qrupunun İctimaiyyətlə əlaqələr departamentindən "APA-Economics"ə verilən məlumata görə, şirkətin əsas fəaliyyəti idxal üzərində qurulduğundan ABŞ dollarının məzənnəsinin kəskin artması şirkət üçün də bir sıra çətinliklər yaradıb. Hazırda şirkət özünün qiymət siyasətini yenidən nəzərdən keçirir.

"Veysəloğlu"nun distribütorluq etdiyi məhsulların qiymət siyasəti Mərkəzi Bankın üzən məzənnə siyasətinə əsasən manatın məzənnəsinin dünya valyutasına konvertasiyasına uyğun olaraq, bazarın tələb və təklifinə nisbətini müəyyən edərək həyata keçiriləcək. Bu gün hər hansı bir süni qiymət artımından söhbət gedə bilməz. Yaranmış mövcud durum qiymət siyasətinin manatın yeni məzənnəsinə uyğunlaşmasını zəruri edib", - deyə, şirkətdən bildiriblər.

Azərbaycan hökumətinin qarşısında makro-iqtisadi sabitliyin təmin edilməsi, inflyasiyanın minimal səviyyədə olması, ölkədə istehsal olunan ərzaq məhsullarının və tikinti materiallarının yanacağın qiymətlərinin sabit saxlanılması ilə bağlı vəzifələr qoyulub. Bunu Prezident İlham Əliyev 2015-ci ilin idman yekunlarına həsr olunan mərasimindəki çıxışında deyib.

"Çalışacağıq ki, qaçılmaz qərarın fəsadlarını azaldaq. Süni bahalaşmaya yol verənlərə, möhtəkirliklə məşğul olanlara qarşı cəza tədbirləri görüləcək. Ölkədə biznes mühitinin daha da yaxşılaşdırılması, lisenziyalarla bağlı ciddi qərarlar qəbul olunub. İqtisadiyyat, maliyyə sektorunda daha ciddi islahatlar aparılacaq. İnhisarçılığa qarşı mübarizə tədbirləri görüləcək. Gömrük və vergi sistemində maksimum şəffaflıq təmin ediləcək", - dövlət başçısı əlavə edib.
1245 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
01.12.16, 08:17