Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Dekabr 2015

Deputatın biabırçı hökumət vəkilliyi

Bəxtiyar Sadıqov devalvasiyanın günahını xaricdə axtırır

Dəhşət burasındadır ki, hökumət komandasında xalqın sözünü deyə bilən, yanlış addımlara “dur” deməyi bacaran adam yoxdur. Ölkədə bu boyda hadisə baş verib, qiymətlər kəskin artır, iqtisadi siyasət iflasa uğrayıb və millət vəkilləri ən yaxşı halda susurlar. Amma elə millət vəkilləri də var ki, bu qədər açıq ifşadan sonra da hökuməti müdafiə etməklə məşğuldur. Həqiqətən bu xalqın faciəsidir ki, “millət vəkili” adlanan şəxslər “hökumət vəkili” kimi fəaliyyət göstərir.

Bəli, deputat, “Azərbaycan” qəzetinni baş redaktoru Bəxtiyar Sadıqov deyib ki, baş verənlərdə iqtidarın zərrə qədər də günahı yoxdur: “Bu gün dolların məzənnəsini qaldıran, manatın qiymətini aşağı salan Azərbaycan iqtidarı deyil. Heç neftin qiymətini də biz endirməmişik. Bu dəqiqə dünyada böhran var, artıq 3-cü dünya müharibəsinin başlanma təhlükəsi mövcuddur. Dağılmış Misir, Liviya, dağılmaqda olan Suriya, ölkəsinin bir parçası alınmış Gürcüstan, Ukrayna var. Dünyada bu proseslər gedir. Bir böyük okean kimi çalxalanır dünya. Bunun balaca Azərbaycana təsir etməməsi qeyri-mümkündür. Azərbaycan iqtidarının bu gedən proseslərdə zərrəcə günahı yoxdur. Elə bir nigarançılığım yoxdur ki, filan addım atılmalıydı, amma atılmadı. Bilirsiz ki, fillər dalaşanda otlar əzilir” – deyə Bəxtiyar Sadıqov bildirib.

Deməli, 10 il ərzində ölkədən 95 milyardın çıxarılması, iri məmurların milyarderə çevrilməsi, bütün sahələrin inhisara alınması, qeyri-neft sektorunun iflic vəziyyətə düşməsi, manata süni nəfəs vermək üçün rezervlərin havaya sovrulması, ölkənin neftdən asılı vəziyyətə salınması bu iqtidarın günahı deyilmiş. Belə çıxır ki, son 22 ildə ölkəni yadplanetlilər idarə edib? Necə olur ki, idmançı çempion olanda, müğənni Evrovisionda qalib gələndə bu, iqtidarın uğuru olur, amma büdcə boşalanda, xarici borc 25 milyarda çatanda, korrupsiya xirtdəyə çıxanda günah Avropada, ABŞ-da olur?

Daha sonra millətimizin vəkili hökuməti qorumaq üçün günahı dünyadakı müharibələrin, iğtişaşların üstünə atmaq istəyir. Bəs deyirdiniz bizim öz yolumuz var, biz özümüzə inteqrasiya edirik, böhran bizə təsir etməz? Indi necə oldu ki, Suriyadakı müharibəni manatın “soyqırımı” ilə calaq edirsiniz?

Balaca uşaq da başa düşür ki, hökumət vaxtında düzgün addım atsaydı, bu gün neftin qiymətinin düşməsi ölkəni fəlakətə sürükləməzdi. Niyə başqa ölkələrdə də eyni fəlakət baş vermir? Hətta acından öldüyünü iddia etdiyiniz Ermənistanda cəmi 1.9 faiz devalvasiya olub, Azərbyacanda isə milli valyuta 98 faiz ölüb. Azərbaycanı Ermənistandan da pis vəziyyətə salıb, sonra “iqtidarın günahı yoxdur” demək üçün insanda 7-ci hiss olmalıdır.

Əgər vaxtında azad sahibkarlığa şərait yaradılsaydı, dövlət sərvətləri talan edilməsəydi, iqtisadiyyatın diversifikasiyası siyasəti həyata keçirilsəydi, bu gün çılpaq vəziyyətdə qalmazdıq.

Fillər dalaşanda otların əzilməsinə gəlincə, Bəxtiyar müəllim haqlıdır. Bu ölkədə uzun illərdi neft pulları iri məmurları filə çevirdi və bu fillər otları əzməklə kifayətlənmədi, torpağın da suyunu çıxardı. Birdə ki, normal hökumət olanda heç bir yad fil başqasının sahəsinə girə bilmir./azadlıq/
1322 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 12:09