Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Dekabr 2015

Satan çox, alan yox... – Bayram yarmarkası - FOTOLAR

Manatın dəyişən məzənnəsi, dolların qiymətinin yüksəlməsi bayramqabağı əhalinin kefinə soğan doğradı. Bir tərəfdən də vəziyyətdən istifadə edən işbazlar istər ərzaq, istərsə də digər məhsulların qiymətini dəfələrlə artırdı.

İndi camaatı düşündürən daha aşağı xərclə bayramı yola salmaqdır. Bunu nəzərə alan Kənd Təsərrüfatı Nazirliyi isə paytaxtın 5 rayonunda və Sumqayıtda kənd təsərrüfatı yarmarkaları açıb.

Bu gündən fəaliyyətə başlayan yarmarkalar dekabrın 31-nə kimi açıq olacaq.

Arayış: Yarmarkalar Səbail rayonunda Badamdar qəsəbəsi, Seyran Məmmədov küçəsi, 1-də, Suraxanı rayonunda Malik Mustafayev küçəsi, 4, keçid 1848-də -3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin yanındakı stadionun yaxınlığında, Binəqədi rayonunda Dərnəgül qəsəbəsi, Koroğlu Rəhimov küçəsi, 534-də, Nərimanov rayonunda Keşlə bazarında, Xətai rayonunda Əhmədli qəsəbəsi, “Bakı” kinoteatrının yaxınlığı -Məzahir Rüstəmov küçəsi ilə Sarayevo küçəsinin kəsişməsində və Sumqayıt şəhərində 12-ci mikrorayonda -Dəmiryol Vağzalının yanında təşkil edilib.

ndə yarmarkaların fəaliyyəti, satıcı və alıcılara yaradılan şəraitlə, ən əsası da qiymətlərlə tanış olmaq üçün yolunu “Əhmədli” metrostansiyasının yaxınlığındakı yarmarkadan salıb. 

Publika-nın əməkdaşı da ilk gündə yarmarkaların fəaliyyəti, satıcı və alıcılara yaradılan şəraitlə, ən əsası da qiymətlərlə tanış olmaq üçün yolunu “Əhmədli” metrostansiyasının yaxınlığındakı yarmarkadan salıb.

Kartof 80 qəpik, ət 6 manat...

Böyük ərazini əhatə edən yarmarkada geniş seçim imkanı var. Qiymətlər isə təxminən belə idi:

Alma 50 qəpikdən 2 manat 50 qəpiyə qədər, armud, üzüm 1 manat 50 qəpikdən 2 manata qədər, xarici portağal 1 manat 70 qəpiyə, yerli portağal isə 1 manat 50 qəpiyə, naringi 1-2 manat, ananas 4 manat, kivi 2-2,5 manat, xurma 1 manat, banan 2 manat 60 qəpik, heyva 1 manat 50 qəpik, nar 1-3 manat, limonun 6-7-si 1 manat.

Kartof, soğan 80 qəpik, kök, çuğundur 60-80 qəpik, kələm 30-50 qəpik, bibərin 1 ədədi 30 qəpik.

Mövsümü keçmiş tərəvəzlərdən pomidor 3 manat 50 qəpik, xiyar, badımcan 3 manat, lobya 3-4 manat.

 

Ət və ət məhsullarının qiymətinə gəlincə, mal ətinin kiloqramı 5 manat 50 qəpik, qoyun əti 6 manat, diri toyuq əti 7-8 manat, kəsilmiş toyuq əti 4 manat, diri  hinduşka  25 manat, kəsilmişinin kiloqramı 6-8 manat, balığın kiloqramı isə 5-7 manatdır.

Yarmarkada pendir 4-6, şor 3, süd 1 manata satılırdı.

Broyler toyuqlarının yumurtası 18, kənd toyuğunun yumurtası 20-30 qəpik arasında dəyişir.

 

Satan çox, alan yox...

 

Yarmarkanı gəzib qiymətləri öyrəndik. Lakin diqqətimizi çəkən açılışından bir neçə saat keçsə də, satanın alandan çox olması idi. Bunun səbəbini elə satıcılardan öyrəndik.

Pünhan adlı satıcı bunu qiymətlərin artımı ilə əlaqələndirdi: “Qiymətlər əvvəlki günlərlə müqayisədə 50% qalxıb. Qoz ləpəsi 10-15 manat, badam 21 manat,  kişmiş 15-20 manatdır. Əvvəl 5 manata satırdıq, ən baha kişmişi 10 manata verirdik. Ancaq şabalıdların qiymətində  artım yoxdur.  Qabıqlı fındıq 5-6 manat, ləpəsi 13 manat, təmizlənmiş fındıq əvvəl 12 manat idisə, indi 16 manata satırıq, püstənin kiloqramı 15 manatdır. Bizim qiymətlər bazardakı real qiymətdən ucuzdur. Ancaq nədənsə alıcıların marağı azdır”.

 

Salman adlı satıcı isə yarmarkalarda qiymətin bazarlardan ucuz olması fikri ilə razılaşmadığını dedi: “Yarmarkada satanlar da evə çörək pulu aparmalıdır. Ona görə hər malın qiymətində uzağı 10 qəpik fərq olur. Amma yenə də qiymətlər çox baha deyil. Hələ satışa təzə başlamışıq, yəqin, bir azdan alıcılar gələr”.

 

Şahin adlı satıcı isə yarmarkada qiymətlərin bazarlardan ucuz olduğunu iddia edid, bütün oxucularımızı yarmarkaya dəvət etdi: “Xarici portağal 1 manat 70 qəpiyə, üzüm, armud 1 manat 50 qəpikdən 2 manata qədər, naringi 1 manat 50 qəpik, alma 2 manat, ananas 4 manat, kivi 2 manat, xurma 1 manat, heyva 1 manat 50 qəpik. Bu qiymətlər bazardan 30-40 qəpik ucuzdur. Həm də mallarımızın hamısı təzə, keyfiyyətlidir.  Az da olsa, alanlar var. Amma keçən ilə baxanda, çox azdır”.

 

Pendiri 4 manata, şoru 2 manat 50 qəpiyə, yumurtanı 20-30 qəpiyə satanQaratel xala da qiymətlərin ucuz olduğunu deyir: “Bu qiymətə mal harda taparsınız? Turşular da çox ucuzdur -kilosu 1 manat 50 qəpik-2 manat. Kənd toyuğu 4-5 manatdır...”.

Nə çox baha, nə də ucuz...

Satıcıları dinlədik, indi növbə alıcılarındır. Bəziləri yarmarkanı gəzib əliboş getsə də, alış-veriş edənlərə də rast gəldik. Onların bir neçəsinə yaxınlaşıb bayaqdan satıcıların sadaladığı qiymətlərə münasibətlərini öyrəndik. Yaxınlaşdığımız alıcıların bir qismi, sadəcə, əllərindəki torbaların dibinə atdıqları 1-2 kilo almanı göstərməklə kifayətləndi. Amma ayaq saxlayıb ürəyini bizə boşaldanlar da oldu.

 

Səkinə adlı xanım bu il bayram bazarlığını yarmarkadan edəcəyini dedi:“Hələ ki, pis deyil. Bazara getməmişəm. Oradakı qiymətlərdən xəbərim yoxdur. Amma buradakılar pis deyil”.

 

Arzu adlı alıcı isə qiymətlərin baha olmasından şikayətləndi: “Qiymətlər çox bahadır. Bazarlardan çox da fərqli deyil. Ancaq meyvə-tərəvəz, yumurta almışıq, artıq 50 manat xərcləmişik. Yəqin ki, bu il daha çox xərcləməli olacağıq”.

 

“8-ci kilometr” bazarındakı qiymətlərin yarmarkadan daha ucuz olduğunu deyənlər də var idi. Onlar yarmarkanı gəzsələr də, bazarlıq etmək niyyətində deyildilər.

 

5 nəfərlik ailə üçün qiymətlər qalxmamışdan əvvəl 100 manatlıq bazarlıq edənlər bundan sonra ancaq meyvə-tərəvəz və bayram plovu üçün təxminən o qədər xərclərinin çıxacağını dedilər.

 

Tək yaşayan Firəngiz xanım  bayramda uşaqlarının, nəvələrinin yanına gələcəyini nəzərə alıb yolunu bazardan salıb. O qiymətləri orta dəyərləndirdi: “Tək yaşadığıma görə bazarlığı marketdən edirəm. Bu dəfə çox şey alacam deyə, bazara gəldim. Amma alma, portağal, balaca bir hinduşka, göy-göyərti, süd almışam 30 manat xərcləmişəm. Qiymətlər nə çox bahadır, nə də ucuz”.

 

Biz getdik, qiymətləri öyrəndik, satıcıları, alıcıları dinlədik. Ümid edirik ki, siz də bayram bazarlığını haradan etmək qərarını verərkən yazdıqlarımızı nəzərə alacaqsınız.

 



1815 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 17: