Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Dekabr 2015

“Öz məzarımı tapanda, ağladım” - Həmid Herisçi

Vaxtilə, 1946-cı ilin şaxtalı dekabrında rəhmətlik atam SSRİ-İran sərhədini qanunsuz keçərək bu taya ayaq basmışdı. Oxşar taleyi mən 1990-cı ilin mayında təkrarlayıb o taya qanunsuz keçdim. Qarşımızdakı üç qat tikanlı teli, yadımdadı, “ya Allah” deyib, birtəhər, güc-bəla ilə aşdıq. Yerə sərilmiş cələlərdən, tələlərdən yan ötməyi bacardıq, şükür. Yetişdik Bilharu çayının palçıqlı sahillərinə. Zinrik gecəydi. Üzərimdəki ulduzların sayı elə biləsən ki, hər an durmadan artırdı. Çayı üzüb adlayarkən pal-paltarlarımızı yamanca islatdıq. Uzaq üfüqlərdə dan yeri sökülürdü. İran tərəfdə palçıqlı üst-başımız şübhə doğura bilər deyə, qərara aldıq pal-paltarımızı yaxındakı bulaqların birində yaxşı-yaxşı yuyaq. Qəşəng bir söyüd ağacı vardı, yadımdadı, oralarda. Paltarlarımızı qurumaq üçün atdıq o söyüdün üzərinə. Qərara gəldik, paltarlarımız quruyanadək elə həmin söyüdün altında uzanıb yuxulayaq. 

Hə, yuxu dünyamız o vaxt özünə tam yeni ölçü meyarı qazandı - başqa çarəmiz yoxdu, paltarlarımız quruyanadək mütləq yatmalıydıq. Elə bil daxilimdəki zaman ölçüsü də dəyişdi o vaxt. 

Ayıldıqda, biz artıq tam başqa zaman ölçüləriylə yaşamağa məhkumduq.

***

Ərdəbildən keçərkən avtobusdan eşiyə atılıb özümü birtəhər telefon aparatına çatdırdım. Təbrizdəkilərə xəbər verdim ki, bəs gəlmişəm, Qafar ağanın oğluyam, muştuluğumu verin, axşam çağı şəhər avtovağzalındayam. Bəs məni orda qarşılayıb qabağıma çıxın. 

Yeddi bibim var, lap nağıllardakı kimi, yeddi də əmim. Ancaq kişilərimiz qalmamışdı artıq Təbrizdə... Böyük əmim İbrahim Herisçi, Fransa Hərbi-dəniz Akademiyasının məzunu, 1941-ci ildən uzaq İraqın Bəsra məzarlığında uyuyurdu. Vaxti ilə o, İranın cənub sərhədlərinə soxulmuş britaniyalılarla döyüşdə qəhrəmancasına həlak olmuş, İranın ilk milli qəhrəmanı adını qazanmışdı. 

O biri əmim Məcid nazir müavini idi, Təbrizdə yox, Tehranda yaşayırdı. Ailəmizin qüruru Cəmşid əmi -  astrofizik, Fransanın “Ariana” kosmik projesi müəlliflərindən biri, gör nə vaxtdı Təbrizi tərk etmişdi... Bir başqası uzaq Avstraliyada təzə metal növü ixtira etmişdi, digəri - Rəşid əmi, Almaniyada tanınmış həkim idi...

Qısası, məni qarşılayanların hamısı qara çarşablı qadınlardı. Ancaq qadağaları adlayıb boynuma sarıldılar. Yadımdadı, İzzət əmməm - yəni bibim, yerə yıxılıb hönkürdü.

Hardadı qardaşım? Hardadı? Niyə qayıtmadı o xarabadan axı? - deyib, üzümə bir xeyli zilləndi. Yaxşı-yaxşı mənə baxıb axırda əlavə etdi. – Sağdımı atan...de...qorxma...
Qara çadralı bibilərimdən fərqli olaraq göz yaşlarım içimə axırdı, bayıra yox... hiss etdim ki, qəhər məni boğur. Güclə pıçıldadım:

- Sağdı...

Gücüm deyəsən elə bu tək kəlməyə çatdı. Son inqilab vaxtı üç oğlunu itirmiş başqa bibim-pəhləvan cüssəli Zinət əmmə, başını sinəmə sıxdı.

- Əqdəs! Özümüzküdü... Qafarın oğludu... Mən Nadiri, Səyavuşu, Musanı gözləyirdim... Sən gəldin...

Qəfildən o, bərk diksindi. Bir-iki addım gerilədi məndən... Kənardan baxdı mənə.

- Yoxxxx... bəlkə bu oğlan elə mənim Səyavuşumdu... Necə də oxşayır. Ətri də eynidi... Bala, sən də qayıtdın?

Bibilərimin ən müdriki, ağbirçəyi Əqdəs əmmə bu vaxt arxadan qulağıma pıçıldadı:

- İnqilab zamanı Zinət bibinin üç oğlu döyüşlərdə həlak olub, biləsən... Yazıqdı... səni onlarla səhv salır... Öyrəş bizim həyatımıza...

Gözlərimi bibilərimdən ayırıb Təbrizə baxmağımın vaxtı gəlib çatmışdı. Özümdən ixtiyarsız ilk dəfə ata yurduma diqqətlə baxdım... Gördüm ki, ətrafdakı şəhər sakinləri bir kənarda toplaşıb bayaqdan elə hey bizi müşahidə edirlər. Bircə əllərində durbin çatışmır.
Bibilərimin xoşuna gəlmədi bu. İzzət əmmə hamımızı Məqsudiyyə məhəlləsindəki qədim evinə dəvət etdi.

***

Bağlı-baxçalı həmin bu qədim evdə, bibilərim qara çarşablarını ağ çadralarla əvəzləyib, məni gen-bol bir Təbriz xalçasının düz ortasında, “qönçə”sində əyləşdirdilər.

- Biz bacılar bu xalçanı niyyət eləyib iməci toxuduq ki, sən gəlib ortasında, qönçəsində oturasan.

Xalçanın tən ortasında təbrizlilər kimi əyləşib rahat bardaş qurmağım çadralı bibilərimin lap ürəyincə oldu.

- Görürsən, təbrizlidir, xalça üstə əyləşməyindən bilinir...

Ancaq doğma bibilərim məni hələ də naməhrəm bilərdilər özlərinə. Bu səbəbdən, mənlə danışarkən hələlik yaşmaqlanar, üzlərini divara çevirib mənlə danışardılar. Divarlamı danışırdılar, yoxsamı mənlə?- bunu əvvəlbaş heç özüm də ayırd edə bilmirdim.

Amma, söhbətlər qızışdıqca, mehribanlıq artıqca bu gözəl simalar, bu yeddi pəri, yeddi gözəl yavaş-yavaş, tədricən, oğrun-oğrun mən tərəfə dönüb baxırdı. Bu hərəkətin incə dinamikasını izləyib müşahidə etmək, düzü, çox təsirli, çox mənalıydı mənimçün. 

- Təkcə dirilərimizin ziyarətinə gəlməmişəm. Gərək mərhumlarımızla da bir görüşüm. 

Bunu dediyim vaxt, bibilərimin divara tuşlanmış simaları nəhayət, mən tərəfə döndü.

 - Gedərik, inşallah. İndiysə dur get öz ata evinə... Orda indi bibin Əqdəs qalır. – 
Əqdəs əmmə - ailəmizin ağbirçəyi, hələlik susurdu. Bacıları eyni ağızdan son cümləni deyincə o da dilə gəldi:

- Hə... Həmid ağa... Dur get öz evinə... Atandan əvvəl nəsib oldu bu sənə... Şükür sənə, Pərvərdigara... Kişilərimizdən biri axır ki, qayıtdı...

***

İlk dəfəydi ki, başımı aşağı əyib ata yurdumun qapısından içəri keçirdim. Evdə bir mən idim, bir əmməm Əqdəs. Zirzəmidəki zəif işıq anında bütün diqqətimi özünə cəlb etdi.

- İmam Sahib əz Zaman üçündü ora... İşığı həmişə yanar, yeməyi də süfrə üstə... 
Deyirəm birdən gələr bura... - Əqdəs əmmə üzü divara dayanıb, mövzunu xırdalamağa başladı.

- İmam, bu gedişnən mütləq bizəmi gəlməlidi? Belə əminsən buna, əmmə?

Əqdəs əmmənin üzgün baxışları, qədim divarlarımız üzərindən sürüşərək nəhayət ki, gəlib sifətimə qondu.

-  Sən ki gəldin, bala...

- Hə, şükür, evimizdəyəm... Bakıda, Moskvada yaşadım. Yer kürəsinin oxu ətrafında yeddi dəfə fırlanıb axır yetişdim doğma yuvamıza.

Bu vaxt qəfil taxta darvazamız taqqıldadı. Bibim qapıya doğru adlamaq istəsə də mən qoymadım.

- Qapıya kişi çıxar... İndiyəcən sən çıxıbsan, qoy bu dəfə qapımızı özüm açım.  

Getdim qapını açmağa. Bibim əllərini göyə qaldırıb dua oxumağa başladı.

- Kimsən? De...

Yaranmış sükutda hələ ki ancaq bibimin dualarını eşidirdim. Qapını aralayıb eşiyə boylandım. Qarşımda göygöz bir oğlan uşağını aşkarlayıb diksindim. Salam-kəlamdan sonra onun mollaları pisləməyi mənə çox şübhəli göründü. Dedim ki, 40 il əvvəl burdan bir nəfər çıxıb gedib, indi əvəzinə mən qayıtmışam. Təbrizlilər demiş, icazə ver, zurnaçı nəfəsini dərsin bir.

Sonra bibim mənə dedi ki, bəs bu oğlan işverəndi. Məhəlləmizdə dağıtmadığı ev qalmayıb. Nəysə...bildim ki, səhər çağı məni bir başqa ünvana çağıracaqlar.

***

Səhər çağı bir başqa qohumumuz - Fəridə xanımın molla oğlu Məmmədağa, əli silahlı, hərbi geyimdə qapımıza gəlib məni xəbərdar etdi ki, bəs şəhər imam-cüməsi ayətullah Məlakuti şəxsən özü məni öz dəftərinə, yəni kabinetinə çağırır.

Bibimin duaları bu dəfə dünənkindən həm təsirli, həm də pıçıltılıydı. Həbsə də hazırdım, qətlə də... Bircə kərəm öz evimizə baxdım, sonra yazıq bibimə... Hiss etdim ki, burda anamı əvəzləyəcək, şükür, bir əzizim var. Elə bu da mənə güc verdi.

Ya Allah, əmməcan, süfrəni hazırla, günortaya qayıdırıq. Göyərtini bol elə.

Eşikdə Məmmədağa artıq öz motosikletinin mühərrikini guruldadırdı. Arxada əyləşib Təbrizin ən qəliz, vahiməli ünvanına yollandım.

Təbriz imam-cüməsi necə deyərlər “qəribə zat”dı -  kabinetinin qapısını çərçivə qarışıq çıxarıb atmışdı öz müsafirlərinin ayaqları altına. İstəyirdi desin ki, bəs mənlə xalqa arasında qapı-filan yoxdu. Qulluğunuzda həmişə hazıram. Mən də yerə uzadılmış o qapının üstündən adlayıb içəri daxil oldum.

Ayatullah, qəribədir, özü üstümə yüyürdü.

- Xoş gəlibsən vətəninə, buyur, buyur içəri... -  Məlakutinin arada, fürsət tapınca Məmmədağaya göz vurmağı diqqətimdən yayınmadı. Bunu təcrübəli, baməzə Məlakuti ağa da hiss edib azca pərt oldu. Səsinin əvvəlki xoş ahəngi azca qalınlaşdı.

- Hə... De, niyə gəlibsən? Məqsədin nədi? Orda sizdə KQB var, eşitmişəm. Kəndistanlı olmağıma baxma, dünyadan başım çıxır ha. Bəlkə sən, nə bilək, elə KQB-çilərədənsən?

Söhbətimizin açıqlığı, səmimiyyəti, düzü xoşuma gəldi. Baxışlarımı Məlakutinin mavi göz bəbəklərindən ayırmadan davam etdim:

- Nə bilim...Orda hamı bu və ya digər şəkildə KQB-yə bağlıdı. Boynum qıldan incə. Əmr ver vursunlar.

Hər ikimizin baxışları düyünlənib bir müddət ayrılmadı. Şükür, elə bil Məlakutinin imtahanından alnıaçıq çıxdım. Əvvəlcə o, bir Məmmədağaya baxdı, sonra yenə də mənə. Bu dəfəki baxışı əvvəlkindən fərqli idi.

- Cavabdeh sənsən, Məmmədağa. Özümüzküdü. Təbriz uşağıdı.... Qoy Təbrizi də, Tehranı da gəzsin. İstəsə burda qala da bilər. Nə vaxt desən, biz sənə İran pasportu verməyə hazırıq. Fikirləş bu barədə. Atan nə vaxt qayıdacaq bəs?

***

Azərbaycanın bütün yarımçıq söhbətləri, tale yolları, süjet xətləri, mürəkkəb naxışları axırda mütləq gəlib  Təbrizdə bütövləşir. Tamamlanır. Məndə belə oldu -  həyatımda nə yarımçıq idisə, gəlib Təbrizdə necə deyərlər, öz muradına qovuşdu. Həyatımda, yarımçıq deyilən heç nə qalmadı. 

Şəhərin ən qəribə, acı mənzərəsi Məqbərətüş-şüəra adlanan şairlər məzarlığıdır, məncə. Gözlərinizi bircə anlığa yumub, Təbrizə səyahətə çıxın, qarşınızda bir qəbiristanlıq şair ordusunu görüb dəhşətə gəlin. Bir qəbiristanlıq şair... Dünyanın, poeziyanın, insanın faniliyini, kiçikliyini bundan yaxşı axı hansı digər mənzərə mənə göstərə bilərdi, hə, sizdən soruşuram? Bunu da acı taleyim mənə, bəli, Təbrizdə göstərdi. Sinəmin düz ortasından elə bil ki, ağır, sarsıdıcı zərbə aldım. Daxilimdə özümə pıçıldadım: “Bəlkə məhz bu əcaib məzarlıq məni çəkib gətirib bura? Dədə-baba yurdumuz deyil?”
Əqdəs əmməm də, daxilimdəki bu lal söhbətləri elə bil eşidirdi. Belə vaxtlarımda o, adətən çayımı armudu stəkanıma süzüb qarşıma qoyar, bahalı Təbriz xalçaları üzərinə çökərək bir müddət dilinə bircə kəlmə söz də gətirməzdi.

Tezliklə bəlli oldu ki, ziyarətimin son nöqtəsi Təbriz şəhərində deyil, müqəddəs Qumdadır. Bəlli oldu ki, mərhum əmim Həmidin, babam Əli xanın məzarlarını, təxminən mən dünyaya göz açdığım vaxtlar, götürüb müqəddəs Quma köçürdüblər.

- Nənəmiz xahiş etdi, məzarları açdılar. Sür-sümükləri götürüb yığdılar xurcuna, gətirdilər bax bu evə. Elə indi oturduğun yerdə divara söykədilər. Yadımdadı, molla dua oxuyurdu. Mən başımı sıxmışdım nənəmin qucağına. Gözlərimi açıb o xurcuna baxmağa qorxurdum, vallah... Hə. Adını daşıdığın Həmid əmi, baban indi Qumadadır, “Şahzadə İbrahim” məzarlığında yatırlar. – Əqdəs əmmə, başını bulayıb, köksünü ötürdü.

Üzərində əyləşdiyimiz xalçanın naxışları bu vaxt elə bil daha da qəlizləşdi. Əvvəlkindən də çox mürəkkəb göründü mənə... Həyətə açılan cırıltılı qapımızda ac pişik miyoldadı.
Eşitdiklərim məni lap şaşırtmışdı, vallah. Məlum oldu ki, bəli, qardaşım Əliylə mən dünyaya göz açdığımız vaxt, bir başqa Həmidin, Əlinin məzarları açılıb. Sümükləri yığılıb xurcuna, köçürülüb Qumdakı “Şahzadə İbrahim” məzarlığına. 

Yol xərclərimi hesabladım. Həyətdəki pişiyin payını artıqlamasıyla verib bibimə tərəf səsləndim.

-  İcazə ver, Quma gedim. Xeyir-duanı əskiltmə məndən. Gedib qayıdaram, inşallah. Darıxma.

-  Atan da vaxtı ilə eynən beləcənə getdi bu evimizdən. Qorxuram... Başına bir iş gəlsə, atana nə deyəcəm axı?

Qəfil, dünən gecədən qanımızı sovuran quduz ağcaqanadı, Əqdəsin arxasındakı lay divar üzərində aşkarladım. Şəhadət barmağımı dodaqlarıma sıxıb bibimə susmağı əmr etdim. Bircə zərbəmlə, şükür, yaramazı cəhənnəmə vasil etdim. Divarı qan ləkəsi bəzədi. Bu gün artıq rahat yata biləcəkdik. Gülümsəyib, Əqdəsin üzünə baxdım.

Hiss etdim ki, bu gündən etibarən o, daha məndən yaşmaqlanmayacaq.

***

Axır gəlib yetişdim səfərimin son nöqtəsinə. 

Müqəddəs Qumun möhtəşəm, ucsuz-bucaqsız qədim “Şahzadə İbrahim” məzarlığında Həmid Herisçi ilə Əlixan Herisçinin qoşa məzarlarını tapmaq ilk baxışda müşkül, həllolunmaz məsələyə oxşayırdı. Məzarlığı bir-iki dəfə eninə-uzununa gəzdim. Burda ölülər çox idi, dirilər isə az. Dirilərdən biri - əlində kapron aftafa, lap uzaqdan qalxıb neyçünsə məhz mən tərəfə gəlirdi. Mənə gəlib çatanacan, əzizlərimin qum altında qalmış məzarlarını burda mütləq axtarıb tapmalıydım elə bil. Naməlum adam mənə yaxınlaşdıqca, vaxtım daralırdı. Məzarların yerini hələ də dəqiq təyin edə bilməmişdim. 
 
Gün batır, kölgələr uzanırdı. Belə uzun kölgələrdən biri qəfil diqqətimi özünə cəlb etdi. Minarə kölgəsiydi - onu taleyin uzun şəhadət barmağına oxşatdım. Elə bil mənə deyirdi ki, məzarlar bax burda, göstərdiyim yerdədir. Day fürsəti əldən buraxmaq olmazdı. 
Əli kapron aftafalıyla nəhayət, gəlib bir məchul nöqtədə görüşdük. Dillə yox, baxışlarımla ona dedim ki, bəs buranı yu, qumunu təmizlə. Altından əzizlərimin məzarları çıxacaq. 
İnanmazsan, amma, nə bilim, eləcə də oldu. Qum altdan çıxan bir məzarın üzərində “Aramgahı cavane nakam Həmid Herisçi”, digərində “Əli xan Herisçi” kəlmələri həkk edilmişdi.

Öz məzarımı tapmışdım sanki. Gözlərimdən yaş axırdı.

***

Düz vaxtında gəlmişdim mən bu müqəddəs ünvana. Bir saniyə orası burası yoxdu. Minarənin uzun kölgəsi məzarları tapdığı vaxt mən artıq ordaydım. Qalırdı bircə bu məzarları yuyub təmizləmək.

Qısası, düz vaxtında gəlmişdim bu məzarların üstünə.

Daxili gizli saatım hardasa düzgün sazlanmışdı görünür. Yadıma bilirsiz nə düşdü, hə? Sərhədi keçdikdən sonra söyüd altında uzanıb yatmağımız. Gəlin o misraları yenidən, bu dəfə bir başqa cür oxuyaq:

İran tərəfdə palçıqlı üst-başımız şübhə doğura bilər deyə, qərara aldıq pal-paltarımızı yaxındakı bulaqların birində yaxşı-yaxşı yuyaq. Qəşəng bir söyüd ağacı vardı, yadımdadı, oralarda. Paltarlarımızı qurumaq üçün atdıq o söyüdün üzərinə. Qərara gəldik paltarlarımız quruyanadək elə həmin söyüdün altında uzanıb yuxulayaq. 

Hə, yuxu dünyamız  o vaxt özünə tam yeni ölçü meyarı qazandı- başqa çarəmiz yoxdu, paltarlarımız quruyanadək mütləq yatmalıydıq. Elə bil daxilimdəki zaman ölçüsü də dəyişdi o vaxt.

Ayıldıqda, biz artıq tam başqa zaman ölçüləriylə yaşamağa məhkumduq”./musavat/






Həmid Herisçi
2474 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı