Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Dekabr 2013

Nəqliyyat Nazirliyinin xalqa qarşı rəsmən soyğunçuluğu

Bahalaşmanın yeni dalğası - yanvardan şəhərlərarası avtobuslarda gediş haqları artırılır, taksilər də qiyməti qaldırdı; “M-Trans” şirkəti sərnişinləri aldadırmış, əməkdaşımız faktları araşdırıb 

Günlərdir davam edən qarlı-şaxtalı hava şəraiti Bakı vağzallarını dondurub. Paytaxtdan bölgələrə gediş-gəliş çətinləşib. Avtovağzalda bəzi marşrutlar xətdən çıxarılıb. Bəziləri isə gecikmə ilə reyslər həyata keçirir. Ağsu, Quba və Qusar rayonlarına reyslərin həyata keçirilməsində problemlər yaranıb.

Ağsu aşırımında yolların bağlanmasına görə bəzi reyslər təxirə salınıb. Sürücülər xəttə çıxa bilməyiblər, sərnişinlər yollarda qalıblar. Nisbətən çıxış yolu kimi qatarlar kömək edir. Ancaq Ağsu-İsmayıllıya gedənlər üçün qatar yoxdur. Odur ki, Bakı avtovağzalında dəhşətli vəziyyət hökm sürür. Elə dekabrın 15-də də paytaxtda və regionlarda qarlı-şaxtalı hava şəraiti davam edib. 

***
Ümumilikdə deyə bilərik ki, Bakı avtovağzalında sərnişin sıxlığı və avtobus çatışmazlığı böhranı yaşanır. Hər il qarlı-boranlı havada olduğu kimi, bu il də avtovağzal “gücləndirilmiş iş rejiminə” keçib. Gözləmə zalında sərnişinlər şikayətlənir, onların narazılığına əhəmiyyət verən isə yoxdur. 

Vağzalın kassaları isə bomboşdur. Nə bilet satan var, nə bilet alan. Sərnişinlər avtobus konduktoruna nağd ödəniş etməklə yola düşməyə çalışırlar. Avtobusların qıtlığına görə etirazlar da sürücülər səviyyəsindən o yana keçmir. 

Avtovağzal rəsmilərindən kimsə sərnişinlərin şikayətinə məhəl qoymur. Sürücülər isə hava şəraitini səbəb göstərib, avtobusların azaldıldığını söyləyirlər. Ölkənin şimal və şimal-qərb zonalarına gediş-gəliş problemə çevrilib. Bu səbəbdən taksi sürücüləri qiyməti artırıblar. Hava şəraitindən əlavə isə qiymət artımına səbəb benzinin bahalaşmasıdır. 
Avtovağzalda olarkən öyrəndik ki, əsl qiyamət qabaqdadır. Beləliklə, qarşıdan gələn Yeni il bayramı ərəfəsi başda olmaqla, yanvardan bölgələrə avtobuslarda və taksilərdə gediş haqları artırılacaq. Onsuz da hər bayramda süni şəkildə qiymət qaldıran vağzal rəhbərliyi bu dəfə avtobus sürücüləri qarısında konkret tələb qoyub; yanvardan başlayaraq rayonlara hərəkət edən avtobuslarda 1-2 manat gediş haqqı artımı edilsin. 
***
Avtovağzal rəhbərliyi şəksiz-şübhəsiz ki, özbaşına deyil. Rəhbərlik birbaşa Nəqliyyat Nazirliyindən təlimat alır. Hələ 2007-2008-ci illərdə regionlara işləyən marşrutlarda qiymət artımı qeydə alınmışdı. Məsələn, həmin dövrdə Lənkərana gedişhaqqı 3 manat idisə, sonradan 5 manata qalxdı. İndi isə 7 manat olacağı gözlənilir. Sürücülər bizimlə söhbətdə dedilər ki, onları qınamaq olmaz. 

“Hamı evinə çörək pulu qazanmaq istəyir. Balıq başdan iylənər. Yuxarıdan benzini qaldırdılar, aşağılara təsir etməyə başladı. Yuxarıların vecinə deyil. Bizim güzəranımıza təsir edir. Məcburuq ki, gediş haqları artırılsın. Çünki benzinin qiyməti qalxıb, əvvəlki qiymətlə getməklə sərf etmir. Yanvarda ərzaq da bahalaşacaq. Şofer də adamdır da. Bu qiymətlə getsək, elə sərnişinin verdiyi pul yanacağa və avtovağzal rəhbərinin rəsmi və qeyri-rəsmi ”haqqı"na çatacaq"- avtobus sürücülərinin ümumi mövqeyi belədir. Onların sözlərinə görə, bayram ərəfəsində gedişhaqları artırılacaq və bir də enməyəcək. Bu qərar bütün əyalətlərə işləyən avtobuslara şamil olunacaq. 

Cənub bölgəsinə gedən avtobuslarda gediş haqları 7 manat, şimal rayonlarında 6-7 manat, Şəki-Qax-Zaqatala 10-12, Gəncə-Tovuz-Qazax 12 manatdan aşağı olmayacaq. Artıq avtovağzal dəhlizlərində bu söz-söhbətlər gəzir, rəhbərlikdən sürücülərin diqqətinə çatdırıblar ki, qiymət artımına hazırlaşsınlar. Əvvəlcə bayram adı ilə gediş haqları süni şəkildə qaldırılacaq, ardınca birdəfəlik yeni qiymətlər qüvvəyə minəcək. Necə deyərlər, “Bir kərə qalxan qiymət, bir daha enməz” şüarı işə düşəcək. 
*** 
Sürücülər qeyd etdilər ki, benzin bahalaşandan sonra şəhərlərarası işləyən avtobuslarda gedişhaqqı olmayacağını deyənlər baş aldadır. Onların məlumatına görə, əslində bütün işlərin başında Nəqliyyat Nazirliyindəki məmurlar və monopolist “M-Trans” şirkəti durur. Avtobuslarda qiymət tarifini sözügedən şirkət müəyyən edir. Şoferlərin dediyini araşdırmaq üçün “M-Trans”ın rəsmi saytında bölgələrə biletin neçəyə olduğunu öyrəndik. Məlum oldu ki, lap elə indiki qiymətlər də saxtadır və vətəndaşı soymağa hesablanıb. Məsələn, şirkətin rəsmi saytında Lənkərana bilet 4 manat 35 qəpik göstərilib. Hərçənd, 5 manatdır. Vətəndaşın cibindən 65 qəpik hər dəfə oğurlanır. Üstəlik, şirkət öz rəsmi saytında bu məlumatları yerləşdirib. (http://mtrans.az/index.php/aze/gedi%C5%9F-haqq%C4%B1-tarifl%C9%99ri/%C5%9F%C9%99h%C9%99rl%C9%99raras%C4%B1-ə bax). Və yaxud başqa misal, Salyana bilet 2 manat 3 qəpikdir. Hamı bilir ki, 3 manatdan az olmamaqla bu rayona avtobusla heç kəsi aparmazlar. Bu isə o deməkdir ki, onsuz da vətəndaşları aldadıb soyurlar və benzinin qiyməti qalxmaqla əsl müsibətlər başlanacaq. Tovuza isə 6 manat 78 qəpik yazılıb. Reallıqda bu rayona gediş haqqı 8 manatdır və yanvardan daha baha olacaq. 

Bundan əlavə, benzinin bahalaşması ilə artıq bölgələrə işləyən maşınlarda da qiymətlər “ceyran belinə” minib. Köhnə avtovağzal ərazisində sərnişin gözləyən Ağsu, Göyçay  və Ağdaş rayonlarının sürücüləri  sərnişinin birini 10 manata aparırdılar. Bahalaşmanı əsas gətirərək qiyməti 12 manata qaldırıblar. Sərnişinin etirazı isə faydasızdır. Sürücülər konkret şəkildə deyirlər ki, ya bu qiymətə gedəcəklər, ya da heç getməyəcəklər. Onlar günahı özlərində görmürlər. 

*** 
“Benzin bahalaşandan sonra köhnə qiymətlə yola düşmək ziyanla işləməkdir. Ondansa heç getmirəm. Gündəlik nəqliyyat müfəttişlərinə burda pul verirəm. Yer haqqı ödəyirik. Benzin də qalxıb, vətəndaş gərək bizi başa düşsün. Ailəmə qazanc aparmalıyam. Camaatı da qınamaq olmur. Əhalidə pul yoxdur. Bizi pis vəziyyətə qoyublar. Camaatla üz-göz oluruq”- bunu isə köhnə vağzal ərazisində dayanan göyçaylı sürücülər qeyd edirlər. 

“Bakıdan Ağdaşa təxminən 265 kilometrdir. Əvvəllər 40 litr üçün 22 manat verirdik, indi 28 manat verəcəyik. Günə 100 manat qazanmırıq ki, bu bizim gözümüzə görünməsin. Bu addımı atmağa məcburuq” deyə, sürücülər bildirirlər. 

Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov mətbuata açıqlamasında deyib ki, gediş haqlarının artması gündəmdə deyil. Onun sözlərinə görə, qiymət artımı Tarif Şurası tərəfindən müəyyənləşir və bununla bağlı Nəqliyyat Nazirliyinə məlumat daxil olmayıb.








/musavat/
1849 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP